Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllimlərin işə qəbulu qaydası dəyişir

“Son illərdə qəbul mərkəzləşdirilmiş qaydada aparılır. Lakin nə nazirliyin, nə də Məleykə xanım Abbaszadənin hansısa məsələni mərkəzləşdirməkdə heç bir marağı yoxdur”.

Bunu elm və təhsil naziri Emun Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib. O bildirib ki, eyni proses müəllimlərin işə qəbulunda da yaşanır:

“Biz bilirik ki, müəllimi işə direktor götürsə daha yaxşı olar. Amma görürük ki, biraz səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır”. 

Qeyd edək ki, bu gün nəinki müəllimlər, məktəb direktorları da nazirlik tərəfindən təyin edilir. Belə ki, bu gün məktəb direktoru vəzifəsində çalışmaq istəyənlərin müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilirlər. Direktorların işə qəbulu dörd mərhələdən (elektron ərizələrin qəbulu, yazılı imtahan, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir. 

Müəllimlərin işə qəbulu da Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müsabiqə yolu ilə həyata keçirilir.

Əgər direktor müəllimi işə götürdükdə hansısa neqativ hal müşahidə ediləcəksə, bununla bağlı müəyyən qaydalar tətbiq edilməli deyilmi?

Təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət” qəzetinə bildirib ki, müəllimlərin işə qəbulu bir çox ölkələrdə də bizdə olduğu kimi mərkəzləşmiş qaydada həyata keçirilir:

“Ancaq orada keçid balını toplayan müəllimləri məktəblər özləri işə qəbul edirlər. Biz hələ psixoloji cəhətdən buna hazır deyilik. Elm və təhsil naziri Emin Əmrullayevin bu barədə dediklərində həqiqət var. Hətta məktəblərdə laborant, kitabxanaçı və s. kimi işçilərin işə qəbulunu da məktəb direktoruna həvalə edəndə, orada çox neqativ, rüşvət, aldatma kimi hallarla üzləşirik.

Baxmayaraq ki, məktəb direktorlarını da Elm və Təhsil Nazirliyi təyin edir, neqativ hallara yol verilməsi bütün məktəb direktorlarına aid deyil, ancaq aralarında belələri var. İdarəetmə sistemində artıq planlaşma gedir və regionda təhsil idarələri fəaliyyət göstərir. Eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaranıb”. 

Ekspert bildirib ki, məktəb direktorunun hər hansı neqativ hallara yol verməməsi üçün idarəetmə sistemini normal və işlək vəziyyətə gətirmək lazımdır:

“Bunu etmək lazımdır ki, nəzarət sistemi daha güclü olsun. Bu kimi hallara yol verən məktəb direktorları ilə bağlı sərt tədbirlər görülmür. Yəni ən pis halda məktəb direktorunun ərizəsi alınaraq işdən azad edilir. Ancaq düşünürəm ki, bu kimi hallara yol verənlər cinayət məsuliyyətinə cəlb edilsə, digərləri bunu görmüş olacaq. İstənilən halda biz də yaxın gələcəkdə bu sistemə gedəcəyik.

Belə ki, imtahanı nazirlik keçirəcək, ancaq müvafiq bal toplayanları məktəblər özləri qəbul edəcəklər. Hazırda bunun ilkin mərhələsi var. Ölkədə lisey və gimnaziyalara müvafiq bal həddi qoyulmuş və o bal həddini keçmiş müəllimləri özləri seçirlər. Ancaq bu, çox məhduddur. Yaxın gələcəkdə ölkə məktəblərində də ola bilər. Ona qədər bizdə beyinlər dəyişməli, idarəetmə orqanları daha da təkmilləşməli, optimallaşmalıdır ki, baş verə biləcək neqativ halların qarşısı alınsın”. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də