“Orta və uzunmüddətli perspektivdə meşələrin bərpa edilməsi üçün meşə əkini işləri aparılır. Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə yaşıllıqlar salınır. Türkiyə Respublikası ilə birlikdə Cəbrayıl rayonu ərazisində Ağıllı Tingçilik, “Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanılıb. Buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcəkdir”.
Bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
O qeyd edib ki, bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində də tədbirlər görülür:
"Tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur. Regionun dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala olan tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işləri aparılır, yataqlar istismara cəlb olunur.
İşğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla 50 000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib. Müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub”.