Prezidentlərin danışıqları baş tutsaydı belə, böyük ehtimalla “Taxıl razılaşması”nın uzadılacağı mümkün olmayacaqdı, çünki...
Rusiya “Taxıl müqaviləsi”dən çıxan kimi Krım körüpüsündə partlayış oldu və buna cavab olaraq Odessa limanı bombalandı. Əgər bu təsadüf deyilsə, demək “Taxıl müqaviləsi” qüvvədən düşən kimi bu gərginliyin dəniz hövzəsinə çıxması planlaşdırılmış əməliyyatdır. Rusiya bəyan edib ki, Ukrayna taxılının ixracı marşrutuna daha heç bir təhlükəsizlik zəmanəti vermir, çünki söhbət birbaşa döyüş bölgəsinə yaxın olan zonadan gedir. Rusiya o xəbərdarlığı edib ki, nəsə razılaşdırılarsa, o zaman bütün riskləri nəzərə almalıdırlar.
Zelenski müqavilənin pozulmasına baxmayaraq, məmnun görünür, indi də deyir ki, Türkiyə və BMT ilə birgə bu marşrutdan taxıl daşımaq olar. Türkiyənin hələ ki, reaksiyası, Qərbdən isə bu məsuliyyəti üzərlərinə götürən yoxdur. Məsuliyyət asan deyil. Gərək, taxılın təhlükəsiz daşınmasına təminat verəcək müşahidəçi hərbi gəmilər göndərəsən. İndi bütün diqqətlər Əzrayıl kimi Türkiyənin üzərinə yönəlib, gözləyirlər ki, Ərdoğan desin ki, “mən razı, gəmiləri müşahidə edə bilərik”. Bu isə çox riskli qərar olar, çünki Rusiya ilə qarşıdurmaya hazır olmaq deməkdir. Bu gün Hakan Fidanla Rusiya xarici işlər naziri Lavrov arasında telefon danışığı olub. Xəbər qurudur, təfərrüat yoxdur. Bilinən iki-üç cümlədə isə o var ki, tərəflər “Taxıl müqaviləsi” ilə bağlı vəziyyəti müzakirə ediblər. Bir də Türkiyədəki meşə yanğınları ilə bağlı Rusiyadan amfibiya təyyarələrin alınmasına toxunulub. İndiki gərginlikdə Rusiyanın amfibiya təyyarə ilə sövdələşməyə xüsusi maraq göstərəcəyi inandırıcı deyil, amma heç olmasa, ortaq nöqtələr tapılmasına cəhdlər var.
Xəbərlərin son üç günkü təhlilidən bu nəticəyə gəlmək olar: Ankara Kremllə, bəlkə də birbaşa Putinlə danışmağa cəhd edib. Putin isə buna ehtiyac duymayıb. Çünki xəbərlərin birində deyilirdi ki, “Türkiyənin və BMT-nin səylərinə baxmayaraq, Rusiya müqavilədə iştirakını dayandırıb”. Ya da Ərdoğan Putinin xarakterinə az-çox bələd olduğundan Qərbin də bu yöndə xahişlərinə baxmayaraq, Rusiya prezidenti ilə təmasın mənasız olduğunu deyib. Bəlkə də işarə edib ki, “kasıb ölkələrə belə canınız yanırsa, özünüz Putinlə təmas qurmağa çalışın”. Çünki Putinin narazı qaldığı məsələlərin Türkiyəyə prinsip etibarilə birbaşa aidiyyəti yox idi. Rusiya kənd təsərrüafatı gübrələrinin, taxılının daşınmasına, maliyyə məsələsinə BMT qarantiya durmuşdu, onu da ya edə bilmədi, ya da Qərbdən imkan verilmədi. Ərdoğanla Putinin təmasları baş tutsaydı belə, böyük ehtimalla “Taxıl razılaşması”nın uzadılacağı mümkün olmayacaqdı. Çünki Rusiya daha əvvəlki kimi “vəd ver, taxıl apar” yox, “vədini yerinə yetir, sonra taxıl” deyirdi. Ərdoğanla Putinin təmaslara bütün sahələrdə çox mühüm və vacib idi, təəssüf ki, indi o əlaqələrə sıxıcı fasilə verildi...
Ərəb yarımadasında səfərdə olan Ərdoğanın gündəmi fərqlidir, ölkə iqtisadiyyatı çətin vəziyyətdən çıxa bilmir. O səbəbdən Putinlə təmasların davam edəcəyi haqda yalnız ümumi sözlər deyib. Rusiya mediasının əksər yazıları isə Ərdoğanla başlayıb, Rusiya-Türkiyə müharibələrinin tarixinə gedib çıxırlar, nəhayət, “erməni soyqarımı” ilə yekunlaşdırırlar. Bu yazılarda münasibətlərin düzəlməsinə heç bir cəhd yoxdur,əksinə görünür ki, indi müəyyən dairələr “qaşınmayan yerdən qan çıxarmaqda”, köhnə incilikləri yada salmaqda maraqlıdırlar. Rusiyanın incikliyi səbəbindən tarxiə dönüş edərək, Türkiyəni qondarma soyqırımda suçlamaq pis niyyətdən xəbər verir.
Türkiyənin Qara dənizdə avantüraya cəlb etmək cəhdləri görünür. NATO yarandığı gündən həmin 5-ci maddəni hələ heç vaxt işə salmayıb. Allah eləməsin ki, bunu Qara dənizdə Türkiyə-Rusiya qarşıdurmasında işə salmaq cəhdi olsun. Bu, fəlakət ssenarisi ola bilər...
Rusiyanın bu qərarı Qərbdə “vicdansızlıq, insanları acından öldürmək cəhdi kimi” qiymətləndirilir. Rusiya da eyni sözü onlara qaytarır, deyirlər ki, müqavilənin şərtlərinə pozan, ehtiyacı olan insanları risk altında qoyan Qərb müttəfiqləridir və yaranmış vəziyyətin məsuliyyəti onların vicdanına yazılmalıdır.
Vicdanın bizim Şeyxin(QMİ sədr) sözü olmasın, nə olduğunu bilən yoxdur, indiki gərgin dünyada isə yəqin ki, heç buğdanın dənəsi qədər dəyəri də qalmayıb. Cəbhədə günahsız uşaqlar ölürsə, hətta yeri olmasa da, Bakıda bir ana qucağında gətirdiyi körpəsini zibil kimi atırsa, bu qəddar dünyada vicdandan danışmaq adama bir az ağır gəlir. İndi dünyada qarşı-qarşıya duran tərəflər vicdanı yada salırlarsa, demək “Taxıl müqaviləsi”ndə ciddi nəticə olmayacaq, bu mövzu kaydı, sürüşdü, vicdana qaldı...