33 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən soyuq qış gecəsi başda Bakı olmaqla Azərbaycan şəhərlərində keçmiş Sovet İttifaqının qoşun hissələri dinc əhaliyə divan tutdu. Nəticədə yüz əlli insan qətlə yetirildi. Qara Yanvarın qurbanları haqqında dolğun məlumatları insanlar ilk dəfə yazıçı-dramaturq, Əməkdar jurnalist, senarist Rafiq Səməndərin “Şəhidlər” kitabından aldılar.
RegionTV.info xəbər verir ki, oxu.az Hüzn Günündə Rafiq Səməndərdən müsahibə götürüb.
- Rafiq müəllim, yəqin ki, Qanlı Yanvarla bağlı çox şeyi xatırlayırsınız.
- Bu barədə danışmağım kimlər üçünsə təkrar ola bilər, fikrimcə, yenidən söhbətləşmək indiki nəsil üçün bir xatırlamadır. Məndən soruşsanız ki 33 il bundan əvvəl evdə, qonşuda olan hansı əhvalat yadında qalıb? - Heç nə. Hətta desəniz ki, dünən nə yemisiniz? Xatırlamıram. Amma 33 il əvvəl...
1990-cı ilin yanvarında olanların hamısı yadımdadır. Həmin gün saat 15-16-dan sonra şəhərin hər yeri silahlı əsgərlərlə dolu idi. Sanki həmin vaxt “göyün üzündən zəhrimar” yağırdı. Hiss edirdik ki, nəsə baş verəcək, amma nə olacağı, bu qədər dəhşətli faciə yaşanacağı ağlımıza gəlmirdi.
Ordunun şəhərə daxil olmasından təxminən 30-40 dəqiqə əvvəl mən çörək mağazasında idim. Sonra evə gəldim, silah, atışma səslərini eşitdim. O vaxt bu səslər adi hal olduğu üçün belə faciənin yaşanacağını gözləmirdik. Səhər Atatürk prospektindən piyada Azərbaycan Dövlət Televiziyasına gəldim.
Yolda gördüyüm mənzərə dəhşətli idi. Gecə sovet ordusu şəhərə girib, hər yeri dağıdıb, insanları qırıb. Küçələr qanla, meyitlə dolu idi. Kollektivimiz işə gəldi. Bir-birimizə təsəlli verməyə çalışırdıq, çünki bilmirdik nə edək...
Bir qədər sonra bizə xəbər gəldi ki, Xalq şairimiz Bəxtiyar Vahabzadə televiziyaya gəlib. Bildiyiniz kimi, yanvarın 19-da televiziyanın enerji bloku partladılmışdı. Sadəcə, radio qalmışdı, oradan da komendantın xəbərləri oxunub çatdırılırdı. General Dubinyakın müavini əlisilahlı əsgərlərlə televiziyaya təhkim olunmuşdu. Bəxtiyar müəllim gəldi, bir az ürəkləndik, sevindik ki, kimsə bizə hayan olacaq.
O, Dubinyakın müavininə: “Bizim milləti qırmısınız, alçaqlar”, - dedi və onun üzünə tüpürdü. Bu zaman əlisilahlı əsgərlər onun üstünə gəldilər. Xalq artisti Vasif Babayev tez silahlı generalla əsgərlərin qarşısına keçdi və: “Bəxtiyar Vahabzadə bizim Xalq şairimiz, millət vəkilidir”, - dedi. Az sonra ara sakitləşdi. Axşam evə gedəndə şəhərdə meyitlərə, mağarlara rast gəlirdik.
- Siz həmin dəhşətli faciə ilə bağlı yaşananları qələmə alaraq şəhidlər barədə ilk kitabı yazdınız. “Şəhidlər” necə yaranıb? Tirajı nə qədər olub?
- Kitab 1990-cı ilin noyabrında, 150 min tirajla çap olunub. Yanvarda şəhidlərin çoxunu hərə öz qəbiristanlığında dəfn etmişdi. Sonra Bəxtiyar Vahabzadə Dubinyakın yanına gəldi və danışdı ki, onların hamısının bir yerdə, Şəhidlər xiyabanında dəfn edilməsi üçün icazə verilsin. Razılıq əldə olundu.
Daha sonra başqa yerlərdə dəfn olunan şəhidlərin hamısı məzarlardan çıxarıldı və Şəhidlər xiyabanında dəfn edildi. Bilirsiniz ki, Azərbaycan Dövlət Televiziyası Şəhidlər xiyabanının yaxınlığında yerləşir. O vaxt televiziyada baş redaktor işləyirdim. Biz hər səhər faciə baş verən yollarla işə gəlir, hər gün ağlaşma, ah-nalə eşidir, kədər görürdük. Elə vaxt olurdu ki, biz gözləyirdik ki, yas karvanı keçsin, sonra yolumuza davam edək.
Bütün bunları görən adamlar işə çatanda nədən yaza bilərdilər ki?.. Heç nə... İşdən qayıdanda yas mağarlarında otururduq, insanlarla dərdlərini bölüşürdük. Bir gün işə gələndə yolda 40-a qədər yas mağarı saymışdım. Bütün millət bir dərddə idi. Oturduğum yas mağarlarında şəhidlərin talelərini, hekayələrini eşidirdim. Buna sakit qalmaq mümkün deyildi.
Mən 1970-ci ildən gündəlik yazıram. Qanlı Yanvar günləri gecə evə gəldim və qeydlərimi etdim. Bir müddət sonra yazdıqlarıma baxdım ki, elə qəribə, dəhşətli faciələr var idi ki... Sonra onları topladım və kitab hazırladım. Şəhidlərin qırxı günündə kitab hazır idi.
O vaxt mən həftədə bir dəfə yayımlanan “Dalğa” verilişini aparırdım. Kitabın hazırlanmasına razılıq verildi və rəhbərlikdən dedilər ki, verilişdə kitab barədə elan səsləndirim. Mən efirdə xalqa müraciət etdim və yazdıqlarımı cümlə-cümlə oxudum, iş nömrəmi dedim. Sonra yüzlərlə adam məni axtarırdı. Bir şəhid haqqında 10-12 adam danışmağa gəlirdi.
Mən çıxış edəndən sonra ilk olaraq Bəxtiyar Vahabzadə mənə zəng etdi və: “Bu çox çətin, qorxulu işdir. Bilirəm ki, səni hədələyəcəklər. Qorxma, arxandayam, sənə kömək edəcəyəm. Materialları gətir mənə ver, kitaba “Ön söz” yazacağam, hamısını özüm oxuyacağam”, - dedi. Beləcə, hər gün dörd-beş şəhid barədə yazırdım, axşamlar onları aparıb Bəxtiyar müəllimə təhvil verirdim. O da oxuyurdu. Mən yazıları Bəxtiyar müəllimə verəndə şəkilləri göstərirdim. O, qandan qorxur, həm də şəhidlərin şəkillərinə baxanda kövrəlirdi.
- Sizin kitabınızda verilmiş şəhidlərin şəkilləri Şəhidlər xiyabanında şəhidlərin məzarları üzərindəki fotolarla eynidir... İstərdik ki, şəkilləri əldə etməyinizdən danışasınız.
- Həmin şəkilləri şəhid evlərindən bir-bir toplamışam. Mən topladığım şəkilləri yəhudi retuşçu Koqan var idi, ona aparırdım. Çox istedadlı adam idi. O, şəkilləri işləyirdi. Elə şəkillər var idi ki, heç nə görünmürdü. Bir ayağı protez olan Koqan şəkilləri evində retuş edib hazırlayırdı. Sonra da həmin şəkillər əsasında şəhidlərin qırx mərasimi günü buklet tərtib olundu.
Məndə şəhidlərin təxminən 200-300 şəkli var idi. Təəssüf ki, həmin şəkillər artıq məndə yoxdur. Bir Azər Əbilov adlı yazıçı dostum vardı. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şəhidlərlə bağlı sənədli film çəkərkən mənə zəng etdi, onları istədi, mən də verdim. Sonra Azəri tapmadım. Dedilər, rəhmətə gedib, bilmirəm. Əgər Azər rəhmətə getməyibsə, şəkilləri tapıb mənə verməsini istəyərəm.
- Xiyabanda naməlum şəhidlər də uyuyurlar...
- O zaman əsas çətinlik şəhidlərin siyahısının bəlli olmamasında idi. Mən kitabı yazdıqca şəhid siyahısı günbəgün artırdı. Həmin vaxt iki naməlum şəhid qalmışdı. Sonuncu şəhid onların qırxı çıxandan sonra tapıldı. Mən bir naməlum şəhidin ayağını tapmışdım. Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, “Salyan kazarması” deyilən ərazidə gördüm, üstündən tank keçmişdi. Ayağın bir hissəsi yox idi. Yerdə çox qalın mazut və qan izi qalmışdı.
Mən şəhidlərdən yazanda Neftçala rayonuna da getmişdim. Oradan olan şəhidlərin meyitlərini gətirəndə nə qədər zülm çəkirdilər. Orada olan vətəndaşlar mənə danışırdılar ki, şəhidləri oraya aparanda helikopterlə meyitləri iplə sallayıb gətiriblər, eləsi var, dənizə düşüb. Mənim əlimdə bunu sübut edən faktlar yox idi. Əlimdə sadəcə, tək ayağı qalan naməlum şəhid faktı vardı...
- Şəhidlərlə bağlı arxivinizdə nələr var?
- Arxivimin 90 faizi şəhidlərə aiddir. 15-20 qovluq var ki, orada əlyazmalarım, şəhidlərin qohumlarının, tanışlarının xatirələri, şeirləri var. Nə vaxtsa onlarla bağlı muzey yaransa, mən arxivimi təhvil verə bilərəm.
- Müsahibələrinizin birində 20 Yanvar hadisələri vaxtı sizi general Dubinyaka satanların olduğunu demişdiniz...
- Məni Dubinyaka satan öz millətimizdən olub. Mənim bağımı dağıtdılar, yazılarımı axtardılar, yorğan-döşəyi, əşyaları çölə atdılar. Təbii ki, bunu məni, bağımı tanıyan adam etdirib. Onlardan birinin kim olduğunu bilirəm. Bizim alimlərimizdən biri idi və artıq rəhmətə gedib. Ona görə adını çəkməyə gərək yoxdur.
Həmin vaxt mənə dedilər ki, bir şəhid ailəsi haqda yazmaq lazımdır. Mən hamısını, demək olar, tanıyırdım, hamısının yasına gedirdim. Düşünmədən getdim. Səhər tezdən, təxminən, saat 06-07 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsinə şəhid ailəsi ilə görüşə gedərkən üç sovet əsgəri məni saxladı və Dubinyakın yanına gətirdi. Bilirsiniz, mənim kitab yazan zaman heç qorxum yox idi. Nə qorxu ola bilərdi ki?! Uzağı, güllələyəcəkdilər. Küçədə güllələnənlərdən artıq idim? O dəhşətli hadisəni görməkdənsə, ölmək yaxşı idi.
Dubinyakın yanına gəldik və mənə dedi ki, ölən 13 nəfər rus haqqında da yazım. O 13 nəfər rus hərbi məktəbdə atışmada ölmüşdü. O atışmanın səbəbi bilinmirdi. Amma ruslardan da ölənlər olmuşdu. Düzü, bu suala hazır deyildim, tez yalandan dedim ki, rus dilində bilmirəm, başqa adama həvalə edin. Çünki mən, sadəcə, bədii nekroloq yazıram. Razılaşdıq. Komendant saatında şəhərdə hərəkət eləmək üçün mənə xüsusi icazə vəsiqəsi də verdilər. Mən də ondan istifadə edib öz kitabımın dalınca gedirdim. Məni ona satan adam elə bilirdi ki, Dubinyak məni şəhərdən yox edəcək, amma bu olmadı.
- “Şəhidlər” başqa dillərə tərcümə olunub?
- Tərcümə Mərkəzində rus dilinə tərcümə edildi, amma yarımçıq qaldı. Sonra mənə dedilər ki, rus dilində tərcüməni gətirim, çap etsinlər. Dedim, mən necə gətirim? Kitab tam tərcümə edilməyib. Məndə, sadəcə, edilən tərcümələrin bəzi nüsxələri var.
- 20 Yanvar haqda çox əsərlər yazılıb. Siz necə hesab edirsiniz, ədəbiyyat bu faciə haqqında öz tutarlı sözünü deyə bilibmi?
- Şəhidlər barədə film çəkilib, poema, əsər yazılıb. Amma tutarlı bir əsər yoxdur. Amma yazılmalı idi. İstərdim ki, hər şəhid haqqında heç olmaya 15 dəqiqəlik film olsun. Axı onlar bizim Vətən üçün canlarından keçiblər. O vaxt deyirdilər ki, şəhidlər torpağa səpilmiş toxumlardır. Bu gün onlardan nə qədəri cücərdi, torpağımızı mənfur düşməndən geri aldı.
- 20 Yanvar hadisəsi ilə qərənfil faciə rəmzinə çevrildi. Sizcə, Zəfərdən sonra “faciə gülləri”nin motivi dəyişməli idimi?
- Mənim fikrimcə, qərənfil şəhid simvoludur. 33 il əvvəl qərənfil də “şəhid” oldu. Hadisələrdən sonra hava da çiskinli, soyuq olurdu. Həmin vaxt küçələrdə idim. Bilirsiniz, küçələrə nə qədər qərənfil səpilmişdi?.. Onlar maşınların təkərlərinin altında qalanda sanki şəhidin orada qaldığını hiss edirdim və ürəyim ağrıyırdı.
- Kitabda yazmadığınız məqamlar varmı?
- Bəli. Şəmsəddin adlı şəhidin yas yerində idim. Orada bir kişi 20 Yanvar qırğınını törədən sovet əsgərlərinin arasında ermənilərin olduğunu dedi. Bununla bağlı bir epizodu da danışdı. Həmin şəxs bir erməni ilə şəhərlərarası avtobusda işləyib. Sonra o erməni buradan Rusiyaya getmək istəyib və bu kömək edib.
Daha sonra tanklar Yasamaldan şəhərə gələndə kişinin oğlu İlqar da tankların qabağına çıxıb. Bu zaman həmin erməni tankdan düşərək, İlqarın qulağından dartıb və: “Cəhənnəm ol, evə get”, - deyib. Onu yazmamağımın səbəbi o idi ki, kitab artıq çapa verilmişdi. Bu epizod onu göstərir ki, gələnlər arasında ermənilər də olub.