“Ermənilərə də maraqlı gəlirdi ki, azərbaycanlılar artıq İrəvandadır”
“Fransa ilə münasibətlərə yenidən baxmalıyıq”
Milli Məclisin deputatı Soltan Məmmədov sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Bu ilin əvvəlində deputat həmkarınız Tahir Mirkişili ilə birlikdə Ermənistanın paytaxtı İrəvan şəhərində Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmişdiniz. Müharibədən sonra qalib ölkənin nümayəndəsi olaraq Ermənistana səfər etmək necə hiss idi? İctimaiyyəti maraqlandıran digər bir sual isə orada sizin təhlükəsizliyinizlə bağlı idi. Ümumiyyətlə, İrəvanda qidalanma və ya təhlükəsizlik baxımından problemlər yaşandımı?
- Azərbaycanın Zəfərindən sonra bizim Ermənistana səfərimiz xüsusi əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan 30 il müddətində öz haqq səsini beynəlxalq təşkilatlara çatdırmaqla bərabər, müharibədən sonra regionda sülhün təmin olunmasına yönəlmiş siyasətini bütün dünyaya təqdim etmək istəyir. Avronest Parlament Assambleyasının toplantıları Azərbaycanda, eləcə də digər ölkələrdə də keçirilib. Burada bütün iştirakçılar üçün təhlükəsizlik məsələsi vacibdir. Tədbiri keçirən ölkə iştirak edən bütün ölkələr üzrə nümayəndələrin təklükəsizliyi ilə bağlı təminat verir. Lakin müharibədən sonrakı həssas vəziyyəti nəzərə alaraq, Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyi məsələsi xüsusi müzakirə mövzusu idi. Ermənistan tərəfi də bu təminatı verdi. Amma istənilən halda səfərdən öncə Ermənistan tərəfindən xoşagəlməz mesajlar eşidirdik. Hətta bəzi deputatlar bizə qarşı aksiya keçirəcəklərini, birgə yemək yeməkdən imtina edəcəklərini bildirirdilər. Bu səbəbdən, qarşımıza çıxa biləcək bütün problemləri nəzərə almışdıq. Biz Ermənistana Gürcüstan üzərindən səfər edəndə hava limanında işləyən şəxslər səfərimizin doğurdan da İrəvana olduğunu təəccüblə soruşurdular.
Bunu da qeyd edim ki, Ermənistanda hava limanına çatan vaxtdan təhlükəsizliyimiz yüksək səviyyədə təmin olunmağa başlamışdı. Lakin bizə maraqlı olan digər məsələ dövlət adamları ilə yanaşı, ictimai düşüncənin necə olması idi. Tədbirdə olduğumuz zaman və ya səhər yeməklərində çalışırdıq ki, ayrılmış xüsusi yerdə yox, hamının bir yerdə olduğu yerlərdə olaq. Bizim bir neçə dəfə adi insanlarla söhbət etmək şansımız oldu. Orda bir neçə gənc insan bildirirdi ki, “biz çox sevinirik bura səfər etmisiniz, artıq ölkələrimiz arasında dostluq, sülh bərpa olunacaq”. Bu fikirləri hətta tədbir zamanı Ermənistandan olan bəzi deputatlardan da eşidirdik.
İqtidarı təmsil edən deputlar bizim təkliflərimizi, onlara ünvanladığımız sülh mesajlarını normal qarşılayırdılar. Amma təəssüf ki, müxalifətdən bu çıxışları görmürdük. Avropa Parlamenti deputatları qarşısında Ermənistan müxalifəti özünü rüsvay edirdi. Onların bizə qarşı çıxışları avropalı deputatları da çox narahat edirdi. Biz bütün çıxışlarımızda, təmaslarımızda vurğulayırdıq ki, bu gün regionda olan reallıq göstərir ki, müharibə artıq bitib. Avropalı deputatlar mövqeyimizə görə həmkarım Tahir müəllimə və mənə bir neçə dəfə yaxınlaşıb öz minnətdarlıqlarını bildirirdilər.
Yemək məsələsinə gəldikdə isə 30 ildə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatları nəzərə alaraq, biz ehtiyat tədbirlərini görmüşdük. Apardığımız yeməklərlə qidalandıq, birinci gün axşam təşkil olunan ziyafət yeməyinə getmədik, ikinci gün də getmək fikrimiz yox idi, bunu açıq şəkildə bildirmişdik. Amma avropalı deputatlar, Ermənistan iqtidarını təmsil edən deputatlar bizə yaxınlaşıb yeməyə qoşulmağı israrla xahiş etdilər və biz razılıq verdik. Lakin yolda bir neçə dəfə bildirdilər ki, yemək təxirə salınır. Hiss edirdik ki, təşkilati məsələlərlə bağlı problem var. Sonradan cənab Prezident Moskvada çıxışı zamanı bildirmişdi ki, Ermənistan tərəfindən təşkil olunmuş şam yeməyində restoran sahibi iştirakçıları qəbul etmirmiş, bunun xüsusi səbəbi nümayəndə heyətinin tərkibində bizim olmağımız olub. Biz sonradan anladıq ki, dəyişikliklərin səbəbi bu olub. Adi fakt olsa da, bu, Ermənistan və Azərbaycanın açıq şəkildə fərqini göstərir.
Digər tərəfdən, biz tədbir zamanı ermənilərin iddia etdiyi yalanlara çox səbrlə cavab verirdik. Biz faktlarla bildirdik ki, bu gün Azərbaycanda sülh şəraitində nə qədər erməni yaşayır. Bütün avropalı deputatlar artıq qələbəmizdən sonra illərlə onları aldadan Ermənistan tərəfini düzgün qiymətləndirərək, bizim mövqeyimizi dəstəklədilər. Beynəlxalq ictimaiyyətin onların iç üzünü görməsi əsas qələbəmiz idi.
- Tədbirdən sonra İrəvanı gəzmək şansınız oldumu? Yerli sakinlərin sizin səfərinizə reaksiyası necə idi?
- Biz Ermənistana axşam çatmışdıq, sabahısı bütün gün tədbirdə olduq. Qalan yarım gündə bir az şəhəri gəzmək şansımız oldu. Onların nümayəndələri bizi şəhərlə tanış etmək niyyətində idilər. Bu da təxminən bir saat oldu. Əsas Göy Məscidə getmək istəyirdik. Ora səfər edəndə məscidi təəssüf ki, İranın mədəniyyət mərkəzi kimi təqdim edirdilər. Dərhal reaksiya olaraq rəhbər işçilərinə Göy Məscidin Azərbaycan mədəniyyət nümunəsi olduğunu, Ermənistan ərazisində nə qədər Azərbaycan məscidlərinin dağıdıldığını bildirdik. Onlar isə cavabında bizə bildirirdilər ki, biz siyasətlə məşğul deyilik, bu da bizə qəribə gəlirdi. Çünki biz siyasətdən yox, reallıqdan və tarixi faktlardan danışırdıq.
Eyni zamanda, İrəvanda İkinci Dünya Müharibəsinə həsr olunmuş parkda olduq. Park hündürdə yerləşdiyindən oradan bütün şəhəri görmək olurdu. Amma düzünü desək, baxılmalı elə bir mənzərə yox idi. Təəssüratım isə müsbət və mənfi olaraq dəyişir. İrəvan eyni köhnə şəhərdi, xoşa gələn o idi ki, bizi apardıqları yer təmiz idi. Şəhərdən bir az kənarda ara-sıra yeni tikililər gözə dəyirdi.
Müqayisə üçün qeyd edim, Bakıda olanda hiss edirsən ki, Sovet dövründən uzun müddət keçib, amma İrəvanda bunu hiss edə bilmirdik. Şəhəri gəzərkən paytaxt sakinləri də bizə qəribə baxırdılar. Hətta məsciddə olarkən ətraf binaların eyvanlarından bütün insanlar bizə baxırdı. Onlara maraqlı gəlirdi ki, azərbaycanlılar buradadır.
- Qeyd etdiniz ki, rəsmi şəxslər və adi vətəndaşlarla müzakirə aparmaq mümkün olub. Bəs onlar sülh haqqında nə düşünürlər?
- Rəsmi şəxslərdən kənar adi insanlarla danışanda görürdük ki, artıq bəziləri reallıqları anlayır, görürlər. Görünür ki, xalq da sülh istəyir, normal yaşamaq niyyətindədir. Ermənistan və Azərbaycan arasında fərqin kifayət qədər çox olması, Azərbaycanın davamlı inkişaf perspektivlərini nəzərə alaraq sülhə daha çox maraq göstərirlər. Əfsuslar olsun, bu gün reallıq belədir ki, bir sıra dünya ölkələri, Ermənistanda olan revanşist qüvvələr sülh müqaviləsinin bağlanmasına mane olur. Hətta onların mətbuatı yazırdı ki, azərbaycanlılar özündən razı şəkildə gəlib şəhəri gəzir, bizimlə müzakirələr aparırlar.
Səfərimiz çərşənbələrə düşdüyündən oradan xalqımıza müraciətimiz də onları narahat edirdi, revanşist qüvvələr məkirli siyasətinə davam edirdilər. Amma revanşist qüvvələrdən narahat olan hökumət nümayəndələri də az deyildi. Adlarını çəkməyəcəm, bir-iki hökumət nümayəndəsi bildirdi ki, biz sizin sülh təkliflərinizi çox yüksək qiymətləndiririk, amma bu gün bizdə bir saatın içində 5-10 min aqressiv insanı şəhərin mərkəzinə yığa bilən qüvvələr var. Ona görə də çalışırıq ki, bunların qarşısını alaq. Onlara hətta sual verirdik ki, tədbir təşkil olunan yerdən kənarda mitinqlər keçirilir, amma biz iki nəfərik, bu mitinqlərlə nə demək istəyirsiniz? Hətta bəzi deputatlar çıxıb onlara qoşulur, sonra geri qayıdırdı. Onların cavabı isə belə idi ki, xalqın sualı Ermənistan hakmiyyətinədir. Onlar öyrənmək istəyirlər ki, bu illər ərzində hakimiyyət xalqı niyə aldadıb.
- Bu yaxınlarda Soçidə üçtərəfli görüş zamanı Rusiyanın sülh prosesi üçün təklif etdiyi nümunələrdən biri də parlament səviyyəsində əlaqələrin qurulmasıdır. Sizcə, Azərbaycan və Ermənistan parlamentləri arasında belə görüşlər olmalıdırmı və hansı ölkənin vasitəçiliyi bizim üçün məqbuldur?
İrəvanda olarkən Ermənistan parlament nümayəndələri tərəfindən məsələ qaldırıldı ki, üçtərəfli Azərbaycan-Gürcüstan-Ermənistan və yaxud Azərbaycan-Ermənistan-Türkiyə parlamentlərarası işçi qrupunun yaradılması yaxşı olar. Onlar bilirlər ki, biz sülhə və etimada xidmət edən təkliflərə müsbət baxırıq, ancaq, doğrusu onlardan belə təklif gözləmirdik. Mədəniyyət xadimlərinin, digər nümayəndələrin görüşü kimi bu da qarşılıqlı etimad mühitinin formalaşdırılmasına xidmət edə bilər.
- Son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün müxəlif ölkələr vasitəçi qismində çıxış etməyə can atırlar. Hazırda sülh danışıqlarında Rusiya, Vaşinqton və Avropa İttifaqı variantları var. Sizcə, Azərbaycan üçün hansı variant daha məqbuldur?
Bu gün Fransa kimi ölkələrin səyi nəticəsində Ermənistan sülh müqaviləsindən uzaqlaşıb. Ermənistan tərəfindən səslənən ziddiyyətli bəyanatlar sülh prosesini ləngidir. Azərbaycana qarşı təxribatlar narahatlığa səbəb olur. Buna görə də ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasının mümkünlüyünə qəti əminlik yoxdur. Lakin reallıq ondan ibarətdir ki, gec-tez bu müqavilə bağlanacaq.
Azərbaycanın mövqeyi belədir ki, sülh prosesində vasitəçi kimi iştirak etmək istəyən istənilən dövlət və ya təşkilat tərəflərə bərabər məsafədə dayanmalıdır. Mətbuatda gedən məlumatlara görə, Rusiyanın təklif etdiyi variantda Qarabağın statusu məsələsinin gələcək nəsillərə saxlanılması məsələsi var. Bu təbii ki, bizim üçün qəbuledilməzdir. Cənab Prezidentin dediyi kimi, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, cəmiyyətə inteqrasiyası bizim öz daxili məsələmizdir və biz bunu heç kimlə müzakirə etməyəcəyik. ABŞ-nin təklifi isə Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutur. Avropa İttifaqına gəldikdə isə, müşahidələr belə deməyə əsas verir ki, bu təşkilat iki dövlət arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Avropa İttifaqı ölkələrinin maraqlarına xidmət edən nüanslar var. Ona görə də sülhün bərqarar olmasını Avropa İttifaqı istəyir və bizim buna şübhəmiz yoxdur. Bu səbəbdən cənab Prezident hər zaman Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində iştirakını müsbət qiymətləndirib. Lakin danışıqlar prosesində problem yaradan nüanslardan biri Fransa kimi ölkələrin birtərəfli mövqeyidir.
Dördtərəfli görüşdə Fransanın iştirakı bizdə bir ümid yaradırdı ki, Fransa sülh üçün öz töhfəsini verməyə hazırdır. Ancaq sonrakı hadisələr bu gözləntiləri puça çıxardı. Azərbaycan bu gün təklif olunan platformaların hər birində müzakirə aparmağa hazıdır, yetər ki, bu platformanın iştirakçıları səmimi olsunlar. Bizim ölkəmizin normallaşma prosesi üçün irəli sürdüyü beş prinsip hamı üçün aydındır.
- Bu yaxınlarda Fransa Senatında və Milli Assambleyasında Azərbaycan əleyhinə qərəzli qətnamələr demək olar ki, yekdilliklə qəbul olundu. Fransanın Azərbaycana qarşı məkirli siyasətinin səbəbi nələrdir? Bu ölkənin Azərbaycan və Ermənistan arasında vasitəçi olaraq qalmasına ehtiyac varmı?
- Bu gün Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu çox aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarova iki ölkə arasında münasibətləri uyğun olaraq inkişaf etdirməyə səsləyib və hər zaman öz dəstəyini göstərib. Müharibədən sonra Fransa Senatında və Milli Assambleyada qəbul olunan qərəzli qətnamələr Azərbaycan ictimaiyyətində Fransanın tərəfsizliyinə olan inamı sarsıtdı. O zaman Fransa hökuməti tərəfindən belə bir fikir var idi ki, bu, qanunverici orqanın təklifləridir, hökumətin mövqeyini əks etdirmir. Lakin son müzakirələrdə hökumət nümayəndəsinin də parlamentin mövqeyini dəstəklədiyinin şahidi olduq. Belə olan halda Fransa heç bir formatda sülh müqaviləsinə gedən yolda vasitəçi kimi iştirak edə bilməz. Fransada erməni lobbisinin çox aktiv olduğunu, həmçinin bu gün həmin ölkənin Türkiyəyə qarşı da qərəzli olduğunu nəzərə alsaq, biz haqlı olaraq Fransanı sülh prosesinə yalnız problem yaradan tərəf kimi görürük. Fransada seçkilərdən sonra təəssüf ki, Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupu hələ də formalaşmayıb.
Biz müharibə dövründə və sonra dost olan deputatlarla aktiv şəkildə əlaqədə olmuşuq. Hətta müharibə zamanı Azərbaycana səfər etmək istəyən ilk parlament nümayəndələri Fransadan olmuşdu. Onlar daha sonra Fransaya gedəndə böyük işlər gördülər. Azərbaycan əleyhinə qətnaməyə səs verən deputatların, ümumiyyətlə, cəmiyyətin fikirlərini dəyişməyə cəhd göstərdilər. Bu gün dostluq qrupu yoxdur, amma müəyyən qədər yenə biz fransalı həmkarlarımıza mövqeyimizi çatdırmağa çalışırıq. Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi o deməkdir ki, Fransa ilə münasibətlərə yenidən baxmalıyıq.
- Son vaxtlar Fransa ilə bərabər qonşu İrandan da Azərbaycana qarşı qərəzli fikirlər səsləndirilir, xoş olmayan addımlar atılır. İranın Azərbaycana qarşı açıq qərəzli siyasətinin səbəbini necə izah edə bilərsiniz? Sizcə, bu addım Azərbaycan-İsrail əlaqələrinin güclənməsi ilə əlaqədar ola bilər?
- Azərbaycan hər zaman İranla münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. Bu, istər prezidentlər, istərsə də hökumət nümayəndələri ilə görüşlərdə dəfələrlə təsdiq olunub. Bu münasibətərə kölgə salanlara qarşı hər iki tərəfdən çox ciddi reaksiyalar olub. Amma Ermənistan sərhədinin onlar üçün “qırmızı xətt” olması barədə İran tərəfindən səsləndirilən bəyanatlar Azərbaycanda birmənalı qarşılanmadı. Çünki Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın müddətdə biz İran rəsmilərinin eyni məzmunlu bəyanatlar verdiyinin şahidi olmadıq. İran silahlı qüvvələrinin Azərbaycanla sərhəddə keçirdiyi təlimlər isə ikitərəfli münasibətlərə zərər verən daha bir addım oldu. Azərbaycanı bu cür addımlarla qorxutmaq sadəcə mümkün deyil. Bu gün regionda 3 il öncəkindən tamamilə fərqlənən yeni reallıqlar var. İran bu reallıqları qəbul etmək, regionda sülh və əməkdaşlıq mühitinin yaradılması istiqamətində fəaliyyət göstərmək əvəzinə daha çox düşmən qazanmağa səbəb olan siyasət yürüdür.
- Bu məqamda bir məsələ ilə bağlı fikrinizi öyrənmək istərdik. Bildiyimiz kimi, Azərbaycanda 2020-ci ilin mart ayından quru sərhədlər bağlıdır. Yaxın zamanda ölkədə quru sərhədlərin açılması gözlənilirmi və ya iki ildir sərhədlərin bağlı olmasının gerçək səbəbi nədir?
-Azərbaycanda quru sərhədlərin bağlanması o zaman pandemiya ilə əlaqədar düzgün atılan addım idi. Bu gün sərhədlərin açılmasında əhalidən daha çox dövlət maraqlıdır. Çünki istənilən halda sərhədlərin bağlı olması iqtisadiyyata ziyan vurur. Amma bu gün sərhədlərin açılmaması o deməkdir ki, bunun üçün səbəblər var. Bu ilk növbədə dünyada baş verən mürəkkəb proseslər fonunda milli maraqlarımıza xələl gətirilə biləcək halların qarşısının alınması üçün vacibdir. Mövcud reallıqlarda bütün risklərin qiymətləndirilməsinin nəticəsi olaraq sərhədlərin bağlı olması zərurətdən doğan addımdır.
Yenə də qeyd edirəm ki, Azərbaycan özü sərhədərin açılmasında maraqlıdır. Sərhədlər açılacaq, buna şübhə yoxdur. Bu gün biz görürük ki, Çində də yoluxma artıb. Yenidən hər hansı məhdudiyyətin tətbiq olunması insanlarda qıcıq yaradır. Ona görə də məhdudiyyətlərin ləğv edilib yenidən bərpası düzgün olmazdı. Sərhədlərin açılmamasının səbəbi dünyada və regionda gedən geosiyasi vəziyyət, eyni zamanda pandemiyadır. Ümid edirik ki, bu vəziyyət tezliklə dəyişəcək və sərhədlərimiz açılacaq.
- Qeyd etdiyiniz kimi, son zamanlar Çində yoluxma halları artıb. Bunu nəzərə alaraq ölkədə yenidən pandemiyanın qayıtması halı yaşana bilərmi?
- Bu gün mütəmadi olaraq Səhiyyə Nazirliyi və digər dövlət qurumları dünyada baş verən hadisələri analiz edir, qiymətləndirir. Azərbaycanda payız, qış aylarında yoluxmanın çoxalacağını gözləyirdik, amma həyata keçirilmiş immunlaşma proqramı göstərdi ki, əhali arasında immunitet yaranıb. Bu səbəbdən yoluxma olsa belə, xəstəxanalarda müalicənin aparılmasını zəruri edən hallar azdır. Ona görə də hər hansı məhdudiyyələrin tətbiqinə ehtiyac yoxdur. Gələcəkdə də hadisələri düzgün qiymətləndirmək lazımdır ki, hər hansı çətinlik yaranmasın.
-Son olaraq soruşmaq istərdik ki, bu qədər işlərin arasında asudə vaxtınızı necə keçirirsiniz?
- Milli Məclisin deputatı olaraq çalışıram ki, hər bir deputatla əlaqə saxlayım, düzdür, hamısı ilə alınmasa da, deputat dostlarımla bəzi ölkələrlə ikitərəfli əlaqələri gücləndirməyə çalışırıq.
Məsələn, son olaraq ABŞ-a deputat dostlarımla səfərim zamanı konqresin fəaliyyəti ilə tanış olduq, Azərbaycanın mövqeyini çatdırmağa çalışdıq. Beynəlxalq əlaqələrdə olan fəaliyyətimizdə və ən əsası öz seçildiyimiz ərazidə bu imkanlardan, münasibətlərdən istifadə etməyə çalışırıq. Vaxtımın çoxu bizi seçən insanlarla keçir. Həm də insanların problemlərinin həlli üçün müəyyən dövlət qurumları ilə əməkdaşlıq şəbəkəmizin gücləndirilməsinə vaxt sərf edirik. Çalışıram ki, həftədə bir-iki dəfə rayonumuzda keçirilən tədbirlərdə və sakinlərin problemlərinin həll olunması üçün olan müzakirələrdə iştirak edim.
Şəxsi həyatıma gəldikdə isə çalışıram ki, təmsil etdiyim Xəzər rayonunda ailəmlə birlikdə vaxt keçirim. Xəzər rayonunda son 10-15 il ərzində xüsusilə də, hörmətli Mehriban xanımın millət vəkilliyi dönəmində gördüyü işlər sayəsində bu gün Bakıda ailəvi şəkildə asudə vaxtların keçirilə biləcəyi çox gözəl məkanlar, istirahət parkları var. Türkanda bizim idman kompleksimiz tikilir.
Ən böyük arzumuz idi ki, Bakının qədim kəndi olan Türkanda belə bir şərait yaransın, insanlar burada asudə vaxtlarını səmərəli keçirsinlər. İmkan düşdükcə şəhid ailələrini, qaziləri ziyarət edirik. Çalışırıq ki, bizə səs vermiş şəxslərin ümidlərini doğruldaq.