Aptekdən əldə olunmuş dərman vasitəsinin təsirli olmaması (effektivsizliyi) haqqında bildiriş varsa, bunun üçün vətəndaş dərman vasitəsini (qablaşdırması ilə birlikdə) və dərman vasitəsini aptekdən əldə etdiyinə dair qəbz ilə birlikdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “Bir pəncərə” sektoruna ərizə ilə müraciət edə bilər.
Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov bildirib.
F.Həsənov qeyd edib ki, oradan yönləndirilən müraciətlər Mərkəzin əlaqədar şöbələri tərəfindən qiymətləndirilir:
“Dərman vasitəsinin effektiv olmaması kimi hallar ilə bağlı əlavə təsirlər haqqında bildiriş edərkən, bir dərman vasitəsinin eyni seriyası ilə bağlı müraciətlərin sayında artım müşahidə olunduğu təqdirdə qurum tərəfindən araşdırma başladılması mümkündür.
Qeyd edim ki, təqdim etdiyiniz şəxsi məlumatların konfidensiallığı “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın 19.2-ci bəndinin tələblərinə əsasən qurum tərəfindən təmin olunur.
Əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə təqdim edilən məlumatlar Mərkəz tərəfindən ciddi araşdırılır”.
“Vətəndaşlar Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində (www.pharma.az) dərmanlar - dərmanın adı hissəsindən müvafiq dərman vasitəsini axtarışa verərək onun istifadə təlimatını (içlik vərəqəni) yükləyib, həmin içlik vərəqədə həmçinin əlavə təsirlər ilə tanış ola bilərlər”, - qurum rəmisi əlavə edib.