Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nüvədinin Ermənistan tərəfindən işğalından 31 İL KEÇİR

Qərbi Zəngəzurun Nüvədi kəndi Zəngəzur sıra dağlarının cənub-şərq ətəklərində, ı erməni işğalından əvvəl Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə bağlayan Mincivan-Culfa dəmiryolu xəttinin Şimal tərəfində, Tütlar dibi adlanan ərazidən başlayaraq Şimala doğru uzanan, başlanğıcını Hüseynbəy çimənliyindən alıb Araz çayına tökülən, təxminən uzunluğu 15 km olan Nüvədi (Sələnc) çayının sağ və sol sahillərində 2 km-lik ərazidə 1991-ci il avqust ayının 8-nə kimi Azərbaycanlıların yaşadığı qədim azərbaycanlı kəndi idi.
 

 
Azərbaycanlıların tarixi yaşayış məskəni olan Nüvədi kəndi əhalisinin əsas peşəsi maldarlıq (davarçılıq) olmuşdur. Təbii şəraitə davam gətirə bilməyib qonşu dağ kəndlərindən Nüvədiyə köçüb gələn tayfaların hesabına bu ərazidə bağçılıq da (üzüm, əncir. nar və s.) inkişaf etmişdir. Söylənildiyinə görə meyvə ağacları, xüsusən də nar kolları, XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi Seyid Əbülqasim Nəbatinin (1812-1873) vətəni olan Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmir mahalının Araz çayı sahilindəki Üştibin qəsəbəsindən gətirilmişdir. Məlumatlara görə, elmi ədəbiyyatda Atdişi adlanan nadir, şirəli və iridənəli nar növü də Cənubi Azərbaycanın Yez kəndindən gətirilmişdir. Hazırda el arasında “Yez narı” adi ilə tanınan bu nadir ağaclar və kollar Azərbaycanımızın nüvədililərin yaşadığı bölgələrində əkilib-becərilməklə nəsli qorunur və artırılır.
 
Tarixi faktlar sübut edir ki, azı 1000-1500 illik tarixə malik olan Nüvədi kəndi bu ərazilərdə artıq xarabalığa çevrilmiş Ataman, Angizet, Qarçinik, Ernəzir, Sultan Səlim və s. kimi qədim kəndlərin əsasında yaradılmışdır. Bütün ömrünü Nüvədi uşaqlarının təlim-tərbiyəsinə həsr etmiş atam – Əhmədəli Əliyevin yazdığı “Azərbaycan dilinin Meğri şivələri” ( Bakı: ”Elm”, 2003-ci il, 581 s.) adlı monoqrafiya bu ərazilərin ən qədim Azərbaycan torpaqları olduğunu bir daha təsdiq edir.
 
Nüvədinin adı haqqında müxtəlif fərziyyələr və fikirlər vardır. Onlardan ikisini açıqlamaq istəyirəm. Kəndə ilk dəfə köç edıb, onun bünövrəsini qoyan Kazımlılar tayfası onu “Novdeh” yəni “Yenikənd” və ya “Təzəkənd” (farsca “nov” – yeni, təzə, “deh” – kənd deməkdir) adlandırmışlar. Əhmədəli müəllim isə toponimlərin izi ilə gedərək kəndin doqquz vadinin kəsişdiyi ərazidə yerləşməsinə uyğun olaraq ilk adının “Nohvadi” (farsca “noh” – doqquz deməkdir) adlandırıldığı qənaətinə gəlmişdir. Sonralar, zaman keçdikcə bu ad el arasında “Nügədi”, “Nüyədi”, “Nüvədi” və s. kimi ifadə olunaraq müasir formasına düşmüşdür.
 
Azərbaycanı Naxçıvan Muxtar Respublikasından ayıran Ermənistanın Mığrı rayonunun Nüvədi kəndində anadan olmuş bir sakin kimi bu bölgə haqqında bildiklərimi bir daha oxuculara çatdırmağı özümə borc bilirəm. Həmin məsafə təxminən 45 km olub, onun 24 km-i Nuvədi kəndinin payına düşür. Nüvədi kəndi Mığrı rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 15 kəndi, 15 min əhalisi olan rayonun 6 min nəfəri azərbaycanlı idi.  Zəngilan rayonunun qonşu Ağbənd kəndindən Mığrı rayonunun Astazur kəndinə kimi vaxtilə Naxçıvana və İrəvana gedən qatarlar Ağbənd stansiyasından sonra əhalinin enib minməsi üçün Nüvədi ərazisində yerləşən Sığırtda, sonra stansiya Nüvədidə, daha sonra razyezd Nüvədidə, sonra isə Astazur kəndində bir neçə dəqiqə dayanırdı. Razyezd Nüvədidən Astazur erməni kəndinə qədər sərt dağlıq ərazi olduğuna görə dəmir yol xəttinin Nüvədi kəndi ərazisinə düşən hissəsində xətt bəzi hissələrdə daha əlverişli yerlərdən – Araz çayından 15-20 metrlik məsafəsindən keçir.
 

 
Dünyanın ən çətin yollarından olan Nüvədi-Mığrı yolu (el arasında “Qulanqabağı” adlanıb. Qulanqabağı İran ərazisində bir kənd adıdır )
 
Ərazi çox sərt sıldırım dağlıq şəraitinə malik olduğu üçün dəmir yolu çəkilərkən yolun Arazdan kənara çəkilməsi mümkün olmamışdır. Hətta dağları yarmaq çox çətin olduğuna görə, texniki imkanların çox da geniş olmadığı 1940-cı ildə dəmiryol xəttinin keçməsi üçün həm Sığırt, həm də razyezd Nüvədi yaxınlığında tunel qazılmışdır. Həmin tunelləri yerli və qonşu rayonun sakinləri tərəfindən SSRİ dövlətinin yaratdığı qarnizonda işləməklə mühafizə edlirdi. Sığırt və razyezd Nüvədidə həm də zastavalar yerləşib, Araz çayı boyu sərhədə tikanlı məftillər çəkilib (sistem), sistemə elektrik cərəyanı buraxılıb, rus əsgərləri tərəfindən İran dövlətindən qorunurdu. Hətta Nüvədi kəndinə və suvarılan torpaqlarına motorlarla borular vasitəsi ilə Araz çayından su vurmaq üçün zastavalardan hər gün icazə alınırdı.
 
Ulu öndər Heydər Əliyev 1980-cı illərin ortalarında Moskvada işləyərkən, bilavasitə Onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı Naxçıvan şose yolu çəkilməyə başlanmışdır. Həmin yol Bakıdan Nüvədi zastavasına kimi (434 km), Naxçıvandan isə Mığrı rayonunun Aldərə kəndinə qədər çəkilmişdir. Erməni şovinistləri Nüvədi-Astazur arası təxminən 10 km və Astazur-Aldərə arası təxminən 5 km asfalt yolun çəkilməsinə və bununla da Bakı-Naxçıvan birbaşa şose yolunun birləşdirilməsinə imkan vermədilər. Moskvaya bildirdilər ki, guya bu yol Bakı-Mincivan-Kafan-Oxçu-Maralzəmi-Lehvaz-Mığrı-Naxçıvan ərazilərindən keçməklə hazırdır, Nüvədi-Aldərə yolunu çəkib birləşdirməyə ehtiyac yoxdur, bu əlavə xərcdir. Əslində isə onlar bunu etməklə həm Bakı-Naxçıvan yolunu lazımsız yerə təxminən 140 km uzadır, həm də dağ şəraitində beş-altı ay payız-qış aylarında gediş-gəlişi mümkünsüz edirdilər.
 
Nüvədi müasir şəhər tipli kənd idi. 1940-cı ildə Nüvədidən keçən Bakı-Culfa dəmir yolu xətti salınmış, 1949-cu ildə kəndə elektrik işığı çəkilmişdir. Nüvədidə iki və üç mərtəbəli yaşayış evləri, müasir məktəb binası, xəstəxana, poçt-teleqraf, əmanət kassası, baytarlıq məntəqəsi, lazım olan bütün sosial mədəni xidmət sahələri və s. var idi. Hər evdə televizor, telefon, maye qaz balonlarından istifadə olunurdu. Nüvədi qadınlarının toxuduğu xalı və kilimlər, rəngbərəng geyim paltarları, xurcunlar, yun corablar və s. insanları valeh edirdi. Nüvədinin çirişi və caşırı, qoz və palıd ağaclarının içində arıların bağladığı bal, ovçuların ovladığı kəkliklər, dağ keçiləri və cüyürləri, ovlayıb erməni “dostlarına” göndərdikləri ayı və qaban ətlərini indi də nüvədililər xoş məramla xatırlayır. Nüvədinin 19 min hektar torpaq sahəsi vardır ki, onun 16 min hektarı yararlı torpaq sahəsi olmuşdur. Nüvədi kəndi hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi. ( Əhmədəli Əliyev. “Nüvədi axıracan vuruşdu...”, Respublika qəzeti, 12 fevral 1998-ci il , s.3).
 
Nüvədi təbiəti öz gözəlliyi, təbii sərvətləri, dadlı meyvələri, şəffaf bulaqları, Baba Hacı, Sultan Səlim, Əbdül Ata kimi tarixi abidələri ilə adamları valeh edirdi. Ərazi böyüklüyünə görə Ermənistan kəndləri arasında birinci yerdə dururdu. 1950-ci ildən 1991-ci ilə kimi Nüvədidə müəllim, bəzi dövrlərdə də məktəb direktoru işləmiş atam Əhmədəli Əliyevin yazdıqlarından: ”...1945-ci ildə İrəvanın Lenin meydanından keçəndə Ermənistanın fanerdən düzəldilmiş bir xəritəsi diqqəti cəlb edirdi. Xəritənin aşağısında şərti işarələr yazılan yerdə respublikanın böyük şəhəri, böyük rayonu, böyük kəndi ifadələri yazılmışdır. Böyük şəhər ifadəsinin qarşısında İrəvan, böyük rayon ifadəsinin qarşısında Leninakan, böyük kənd ifadəsinin qarşısında isə Nüvədi yazılmışdır.”
 
Nüvədililər ilk dəfə 1905-1907-ci illərdə erməni işğalına məruz qalmışlar.
 
İkinci dəfə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən Mığrının azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini də işğal edərək soydaşlarımızın bir qismini dəhşətli şəkildə, işgəncələrlə məhv etmiş, 1918-ci ilin payızında isə nüvədililər ermənilərin hücumlarına davam gətirə bilməyib, Araz çayını pələlərlə keçərək qonşu İran dövlətinin Misən kəndinə, sağında və solunda olan Ordubada və Zəngilan bölgələrinə pənah gətirmişdilər.
 
1948-1952-ci illərdə Ermənistan rəhbərliyi Nüvədini də Mingəçevirə köçürmək üçün dəfələrlə kənd camaatına müraciət ediblər. Amma nüvədililər sözü bir yerə qoyub: “...yoldaş Stalin deyib ki, bu könüllüdür” – köçməyiblər.
 
XX əsrin sonu – 1991-ci il avqust ayının 8-də Nüvədi kəndinin sakinləri, Ermənistandan üçüncü dəfə qovulan sonuncu azərbaycanlılar idi. Ulu Öndər Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqlarının müdafiəsi uğrunda göstərdikləri müqaviməti yüksək dəyərləndirərək: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır” – demişdir.
 
Nüvədi kəndində fəaliyyət göstərən ilk mədrəsənin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini Mir Mahmud ağa tərəfindən qoyulmuşdur. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları kənddə maariflənməni yüksəltməklə camaatın savadlanmasının qayğısına qalır, çox çətinliklə də olsa, öz məqsədlərinə nail olurdular.
 
Nüvədi kəndi təkcə üçillik “qəhrəmanlıq epopeyası” ilə, Ümummilli lider Heydər Əliyevin təbirincə desək, dəyanətli insanları ilə deyil, yetişdirdiyi mütəxəssisləri  ilə də məşhurdur. Sovet dövrü Ermənistanında Nüvədi kəndinin “Alimlər kəndi” adlandırırılması heç də təsadüfi deyildi. Nüvədi kənd məktəbini bitirən məzunlardan iki akademik, 9 nəfər elmlər doktoru, yüz nəfərə yaxın elmlər namizədi yetişmişdir. Bunun da bünövrəsində məhz Nüvədi kəndinin müəllimlərinin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğıkeş fəaliyyəti dururdu. Akademik Fikrət Əliyev, AMEA-nın müxbir üzvü Faiq Cəfərov, 1946-1948-ci illərdə məktəbdə rus dili müəllimi işləmiş, sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirmiş, eyni zamanda, orada dissertasiya müdafiə etmiş fəlsəfə elmləri namizədi Allahverdi Əliyev, böyük Azərbaycan neftçisi, Sosialist Əməyi Qəhrəmanı, bir neçə dəfə Azərbaycan və SSRİ Ali Sovetlərinin deputatı olmuş İsrafil Hüseynov, Azərbaycan Respublikasının əməkdar rəssamı, ustad şair Şəhriyarın əsərlərinə çəkilən illüstrasiyaların müəllifi, Şəhriyarla canlı bağlantıya qoşularaq danışıb dünyaya səs salmış Fəxrəddin Əliyev və b. Nüvədi məktəbinin yetirmələri olmuşlar.
 
Böyük vətən müharibəsində Nüvədi oğulları Alman faşist işğalçılarına qarşı fədakarlıqla vuruşmuş, 66 nəfəri müharibədən qayıtmamışdır. Nüvədi qocaları, qadınları, yeniyetmələri isə arxa cəbhədə fəal çalışmış, cəbhəyə öz köməklərini əsirgəməmişlər.
 
Birinci və ikinci Qarabağ döyüşlərində Nüvədinin Xaqani Qurbanov, Orxan Hüseynov, Həzrətəli Tahirov, Yanvar Şahməmmədov, Rauf İbadov, Əvəz Rəhimov, Allahverdi Hacıyev, Nizaməddin Mustafayev, Təyyar Tahirov kimi oğulları şəhid olmuşlar.
 
Nüvədililər gələcəyə inamla baxır, öz doğma dədə-baba yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. Nüvədililər inanırlar ki, Azərbaycanın Respublikasının Prezidenti, Ali Baş Komandan Ilham Əliyevin apardığı müdrik siyasət nəticəsındə yenə də öz doğma torpaqlarına qayıdacaq və orada əbədi yaşayacaqlar. Nüvədililər təxribatın, o dövrdə Azərbaycandakı səriştəsiz rəhbərliyin, köməksizliyin qurbanı olmuşdur.
 
Azərbaycan Respublikasının Ali Baş komandanı, Azərbaycan Respublikasının Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin apardığı hərbi, siyasi, iqtisadi, ildırım sürətli yenidənqurma siyasətini bütün nüvədililər ürəkdən bəyənir, dəstəkləyir, dəmir yumruğun həmişə düşmənlərimizin, Azərbaycanı istəməyənlərin başı üzərində parlamasını Uca Tanrıdan arzu edirlər.
 
Ümummilli Lider Heydır Əliyev demişdir: “... XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman, Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mığrı rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.
 
1849-cu ildə İrəvan quberniyası yaradılarkən Mığrı ərazisi Nüvədi kəndi də daxil olmaqla quberniyanın tərkibinə daxil edilən Ordubad qəzasına verilmişdir. Amma mərkəzlə məsafə uzaq olduğuna görə sonradan Zəngəzur qəzasına verilmişdir.
 
Gəncə quberniyasının Zəngəzur qəzası 1920-ci ildə Ermənistana veriləndən sonra Zəngilan rayonunun sərhəddində yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuşdur. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qərarı ilə Nüvədi, Ernəzir və Tuğut kəndləri öz torpaqları ilə Azərbaycan SSSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-in Mığrı qəzasının inzibati idarə edilməsinə verilmişdir (3 №-li Protokol).
 
Həmin sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılmış, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə “qanunlaşdırılıb”, Zəngilan rayonunu tərkibindən çıxarılmışdır. 1988-ci ilin fevralında Ermənistan SSR-dən azərbaycanlıların son deportasiyasına başlananda nüvədililər Azərbaycan Respublikası rəhbərliyi qarşısında bu fərmanın ləğv olunması barədə dəfələrlə məsələ qaldırmış, lakin istədiklərinə nail ola bilməmişlər.
 
Biz nüvədililər bu fərmanın ləğvini yenə də Azərbaycanın Milli Məclisindən xahiş edirik. 1990-cı illərdən başlayaraq nüvədililərin və şəxsən mənim bir ziyalı kimi tanıdığım Milli Məclisin əksər deputatlarına dəfələrlə mətbuat vasitəsi ilə, ərizə ilə, şifahi şəkildə müraciət etməyimizə baxmayaraq, nüvədililər 31 ildən çoxdur ki, arzularına çata bilmirlər.
 
Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il aprel ayının 8-də Naxçıvan Muxtar Respublikasınin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir : “... o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində paylaşdığı “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu reallığa çevirilmişdir.
 
Ulu tanrıdan arzumuz budur ki, bu reallıq Nüvədililərə də qismət olsun! 
 

 
Dünya Birliyi ermənilərin qayıdıb Qarabağın dağlıq hissəsində yaşamasına canfəşanlıq edirlər. Görəsən onları son 115 ilə, indi Ermənistan adlanan əzəli yurdumuzdan qovulan milyondan artıq soydaşımızın, o cümlədən 1988-1993-cü illərdə Ermənistandan qovulmuş 250 mindən – indi 400 mindən çox (Qarabağa qayıtması arzu etdikləri 20 min ermənidən 20 dəfə çox olan) azərbaycanlıların taleyi niyə maraqlandırmır? Biz də əzəli torpaqlarımıza nəyin bahasına olursa-olsun qayıtmaq istəyirik! Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AZTV) müsahibəsində deyib: "Biz erməni vəhşiliyini, Xocalı soyqırımını, torpaqlarımızın işğal altına düşməsini, törədilən urbisidi heç vaxt unutmamalıyıq və unutmayacağıq". 
 

 
Bu dəyərli fikri biz alqışlayır, dəstəkləyirik. Biz Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət edərək doğma torpaqlarımıza qayıtmaq hüququmuzun təmin olunmasını istəyirik. 452 ailənin hər birinin imzaları müvafiq sübutlarla 55 vərəqdə təqdim olunmuş müraciət BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə ünvanlanmışdır. Bu gün dünyada 7 min 104 millətin yaşadığı 220-yə qədər dövlət vardır. Biz qloballaşan, inteqrasiya olunan bütün sərhədlərin açıq olmalı olduğu bir dünyada yaşayırıq və tezliklə Nüvədi kəndinə qayıtmaq istəyirik. Yuxarıda adı çəkilən mötəbər təşkilatlardan səbrsizliklə cavab və dəstək gözləyirik.
 
Nüvədili publisist Füzuli müəllimin üç bənd şeri ilə fikirlərimi tamamlamaq istəyirəm:
Soruşan olsaydı cənnətin yerin,
Deyərdim ki, cənnət Nüvədidədir.
Alimlər, şairlər yetirən ana,
Səadət beşiyi Nüvədidədir.
 
Hər kəs o yerlərdə olarsa qonaq,
Qayalar başında çatarsa ocaq.
Dolanıb hər yeri, sonra deyəcək,
Dərdlərin davası Nüvədidədir...
 
Üzüyü tanıdar onun daş-qaşı,
Buluda söykənər həmişə başı,
Olsa da ömrünün boranı, qışı,
Ömrün gözəlliyi Nüvədidədir.
 
İsmayıl Əliyev, 
Bakı Dövlət Universitetinin kafedra müdiri,
professor, Nüvədili

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də