Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran Azərbaycana qarşı müharibəyə başlayacaqmı?

RegionTV.info
Azərbaycanla İranın münasibətlərində baş verənlərin nəticələri uzun müddət özünü göstərəcək soyuq müharibə kimi qiymətləndirmək olar.  Yeni Azərbaycan Respublikasının tarixi boyu üçüncü dəfədir ki, qarşıdurmanın eskalasiyası ölkələr arasındakı münasibətlərdə mənfi iz qoymaqla özünün bifurkasiya nöqtəsinə çatır. Qarşıdurma bir qayda olaraq dönməzlik nöqtəsinə gedib çatmır.  Baxmayaraq ki, münasibətlərdəki yeni və tarix ərzində ən qlobal böhran qarşıdurmanın ləng fazasına aparıb çıxara bilər.
 
Əvvəlki məqalələrimdə dəfələrlə yazdığım kimi, problemin kökü İran teokratiyasının bölgədəki yeni geosiyasətdə, necə deyərlər “daxili geosiyasət”də Azərbaycan dövlətinin mövqeyinə və roluna fundamental münasibətindədir.
 
İranın siyasi elitasının nəzərində şiə Azərbaycanı yaranmasının ilk günündən ikinci Livan obrazında canlanırdı, 1990-cı illərin əvvəllərində Qərbyönlü, “tarixin sonu”ndan sonra isə yeni osmançılıq mövqeyində olan Türkiyənin - son altı əsrdə əbədi strateji rəqibinin təsirini zəiflətmək, habelə Mərkəzi Asiya bölgəsinə daxil olmaq üçün əlverişli coğrafi meydan sayılırdı.  Azərbaycan daralınlı İran mollalarının təsəvvüründə tarixi əlavə, “proksilər”in özbaşınalığı üçün səhnə, hansısa Mehdi ordusunun satelliti-nümunəsi idi.  Böyük Şərqin kübar mirvarisinin Livanın üfunətli qəsəbəsi olan, Hezbollahçıların idarə etdiyi və narkotik marşrutlarını nəzarətdə saxladığı  Dahyaya bənzəyən çirkli, yöndəmsiz gecəqonduya çevrilməsi -  İran üçün şimali Azərbaycanın ideal obrazı budur.
 
Göydələnlər Bakısı və kübar Azərbaycan -  Arazın o tayında yaşayan, nifrətəlayiq, mağara səviyyəli dini feodalizmdən yaxa qurtarmağın xəyali arzusunu quran  milyonlarla azərbaycanlı üçün sakral və müqəddəs istəkdir.
 
Öz fəlsəfələrini Qərbin siyasi modernizminin inkarı, yəhudi milli-dini özünəməxsusluğuna nifrət, peyğəmbərin və ardıcıllarının sünnəsindən kor-koranə imtina üzərində quran İran ideoloqları 8-ci əsr bədəvilərinin həyat tərzini yaymaqla 1990-cı illərin əvvəllərində Azərbaycandakı milli hərəkatı da dini özünüdərkin oyanışı müstəvisinə keçirməyə cəhd etdilər.  Ancaq tezliklə İran ideoloqları gözlənilən iflasa düçar oldular.
 
Əvvəla, Sovet ziyalılarının varisləri olan qeyri-formallara təlqin edilən geridə qalmış dünyagörüşü formalaşan milli elita tərəfindən rədd olundu.  İkincisi, milli-demokratik hərəkatın məzmununu dəyişdirmək işində uğursuzluq qazanan İran teokratiyası ümidini psevdo-elmi Sovet seminarlarında və DTK kabinetlərində formalaşan, yarıtmaz təhsilli ruhanilərə bağladı.  Halbuki məhz bu tip ruhanilərin obrazı ilk Azərbaycan klassiklərinin acı satiralarının əsasını təşkil etmişdi və şimali Azərbaycanda bir neçə nəsil həmin satiralarla tərbiyələnmişdi. Artıq üçüncü əsrdir ki, komik şiə mollaları - klassiklərin personajları xalqda təbii nifrət hissi oyadır.  Azərbaycanlıların şüurunda molla ilk növbədə şiə dəfn mərasimləri ilə assosiasiya edilir...
 
Eyni zamanda, İran ideoloqları və onların adeptləri Abşeron və Lənkəranın ənənəvi mömin şiə kəndlərində cahil kütlə üçün insanların ictimai münasibətlərinin iyerarxiyasını fikirləşərək Kərbəlayi və Məşədi titullarına malik savadsız fırıldaqçılardan dini meşşanlar sinfini dirçəltməyə cəhd etdi.  Bu meşşanların fəxri mövqeyi onların müqəddəs yerlərə səfər etmək imkanları, yəni Məşhəd və Kərbəla şəhərlərinə ala bildikləri biletlə müəyyənləşirdi. 1990-1991-ci illər Azərbaycanında Dəmir pərdədən kənara çıxmaq, üstəlik də ensiz alnı ilə şiə əzabkeşlərinin məzar başdaşına toxunmaq  yaşamın ağlagəlməz və qeyri-adi uğuru sayılırdı.  Həmin meşşanlar inandırıcılıq və əminlik üçün çeçələ barmaq dırnaqlarını uzadır, gümüşdən üzük taxır və əllərində İrandan gətirdikləri təsbehləri çevirirdilər.  Dini savad nöqteyi-nəzərindən cahil şəxslər bu çirkli təsbehlərə sanki müqəddəs bir şeymiş kimi dodaqlarını toxundururdu…
 
 
 
İran qarşısında milli hərəkatın yetişdirdiyi mütərəqqi elitanı gördükdə həmin meşşanlar sinfini və cahil marginal kütləni özünün əsas sosial bazası seçdi.  Həmin sinfin parlaq personajlarından biri Xalq Cəbhəsinin fəallarından Hacı Əlikram oldu. O, sonralar İran pullarına Azərbaycan İslam Partiyasını yaratdı. İran  pis  tərbiyə almış bu tip personajlara arxalanaraq Bakıda özünün fırıldaqlarını qurmağa başladı.  Yeri gəlmişkən, bu tör-töküntülər Livanda, İraqda, Yəməndə və şiələrin yaşadığı bir çox ölkədə İran proksilərinin sıralarına qatılan qaragüruhdan elə də fərqlənmirdi.  Dinin polad sıralarına cəlb etmənin sınaqdan çıxmış metodologiyası.
 
Ancaq İran mollakratiyasını böyük bəxtsizlik və məyusluq gözləyirdi: Postsovet Azərbaycanında cəmiyyətin əksər hissəsi mütərəqqi, daha çox Qərb dəyərlərinə və Türkiyə siyasi modelinə meylli idi.  İran isə mahiyyətinə görə ideolojiləşmiş və ehkamlaşmış dövlətdi. İran öz Beynəlmiləlini yalnız 12-ci imam Mehdinin tezliklə zühur edəcəyinə inanan siyasi qüvvə və liderlərlə qururdu. Azərbaycanda isə Mehdinin yaxınlarda reinkarnasiya edəcəyinə Hacı Məşədi Əlikramdan başqa heç kəs inanmadı.
 
Üstəlik milli özünüdərkin oyanışının yaratdığı siyasi romantizmin maksimalist xəyallarına aludə olan Azərbaycan cəmiyyəti Böyük Turana tapınırdı. Onun yolu isə Cənubi Azərbaycanın paytaxtı  Təbrizin azad olunmasından keçirdi. İran Siyasi bürosunun kabinetlərində bu romantizmin bütün təhlükəsini anlayırdılar - Tehranda yaxşı xatırlayırdılar ki, şahın əfsanəvi Baş naziri, hiyləgər əs-Səltənə şimali və cənubi Azərbaycanın birləşməsi ideyasını necə Stalinin əlindən qopara bilib…  Yekunda Hacı Əlikramın İslam partiyası avantürası da tam iflasa uğradı - yaşıl inqilabın əsgərləri İran kəşfiyyatının Bakıdakı məxfi mənzillərində yaxalandılar.
 
 
 
Yeni respublikanın qurucusu Heydər Əliyevin uzaqgörən siyasi ağlı dövlət institutlarının tam hərc-mərcliyi və iflici illərində ölkəni özünün meşşan agenturası, kəşfiyyatın xeyriyyəçilik filialları, təbliğatçı kreaturası ilə doldurmuş İranın niyyətlərinin “böyüklüyü”nü dərk edirdi…  H.Əliyev idarəçiliyinin ilk illərindəcə bu casus yuvasını dağıdaraq döyüşkən xürafatın dini təsirini Abşeronun bir kəndi miqyasına qədər kiçiltdi.  Cəhaləti həmin kənddən də vurub çıxara bilərdilər. Ancaq operativ nöqteyi-nəzərdən “mehriban düşmən”lə təmas üçün həmin ərazini saxladılar.  “Livan ssenarisi”nin iflasından sonra İran özünün xarici siyasət konsepsiyasını təcili dəyişdirərək yenidən başıbəlalı Araz çayı boyunca əvvəlki ideoloji sərhədlərə qayıtdı.
 
Azərbaycanı udmaq mümkün olmadı.  Və Tehranda Arazın şimal sərhədinin livanlaşdırılması kimi axmaq ideya ilə vidalaşdılar. İran Bakını dünya sionizminin forpostu elan edərək ona qarşı düşmənçilik siyasi kursunu seçdi.  Tehranla münasibətlərdə uzunmüddətli gərginlik 2002-ci ilin yayına qədər davam etdi - həmin vaxt İran qoşunları Xəzər dənizinin (bu dənizə Tehran başqa ad fikirləşib tapıb)  sularında açıq-aşkar təxribata keçdi.  Və yalnız Türkiyə hərbi aviasiyasının Bakı səmasında göstərdiyi güc nümayişi İranı geriyə çəkilməyə məcbur etdi.  Bu, İranın geosiyasi gücünü dirçəldən Ankara qarşısında ilk geriyə çəkilməsi idi.
 
İran özünün yeni xarici siyasət konsepsiyasında Azərbaycana qarşı münasibətdə yeni sistem qismində Livan və Suriyadakı sabotaj və təxribatları ilə tanınan erməni millətçiliyini seçdi.  Mollakratiyanın təsəvvüründə ekspansionist Ermənistanın timsalında yeni avanpostun siyasi nüfuzunun və hərbi gücünün artırılması düşmən Azərbaycanın zəifləməsi anlamına gəlirdi.
 
Əlbəttə, Tehranın bu oyunundan Bakının xəbərsiz olduğunu söyləmək səhv olardı. Ancaq Heydər və İlham Əliyevlərin mahir siyasəti İranın siyasi-ideoloji cəhalət maşını ilə toqquşmaqdan qaçmağa və iti bucaqları korşaltmağa imkan verirdi.  İran “Səhər” telekanalı vasitəsilə cənub bölgələrində qarışıqlıq salmağa çalışanda da, qiyamçı Nardaranda siyasi ehtirasları qızışdıranda da, Qumun qaranlıq məscidlərində işıq zərrələri axtaran və dini meşşanların övladları olan sadəlövh gəncləri özünün xüsusi xidmətlərinin toruna cəlb edəndə də, Qarabağdakı çirkin işğalçı rejimi ruhlandıranda da…
 
Birinci əlverişli andaca bıçağı kürəyinə saplamağa hazır dayanan qonşu ilə necə razılığa gəlmək olar?  Gizli rəqibdən yalnız hansısa müddətə birbaşa toqquşmaqdan qaçmaq mümkündür. Bunu da Azərbaycan hakimiyyəti 25 il ərzində bacardı.
 
 
 
Qanlı Yaxın Şərq müharibələrinin burulğanında dolaşan İran özünə bir şeyi bağışlaya bilmir - zəifləmiş, ancaq hələ də ayaq üstə dayanan dövlət Azərbaycanın misilsiz hərbi-siyasi uğurunda öz əksini tapan tektonik geosiyasi prosesi görə bilməyib. İran prosesi diqqətdən qaçırıb.  Üstəlik küncə sıxılmış Ermənistanla birlikdə yeni siyasi oyundan kənarda qalıb.
 
Bölgə dövlətlərinin dominantlığının yeni dövründə İran Cənubi Qafqazda böyük itkilərə məruz qalıb. Digər oyunçular, o cümlədən Azərbaycan Tehrana sadəcə yeni geosiyasi konfiqurasiyaya qoşulmağı təklif edirlər.  Cəmi bir neçə il əvvəl bu dövlətin nüfuz dairəsi Bağdaddan Beyruta qədər uzanırdı, İran özünə sərf etməyən hökumətləri dəyişir, bütün dünyada qlobal oyunçuların həmlələrinin qarşısını alırdı.  Və birdən, tamamilə gözlənilmədən bu dövlət burnunun ucunda bölgə təhlükəsizliyinin bütün sisteminin yenidən format olunduğunu görə bilmədi.  Habelə özünün islam dünyasındakı əsas rəqiblərinin - Türkiyə və Pakistanın dominant mövqeləri ilə üz-üzə qaldı.
 
Gücsüzlüyün və nəyisə dəyişməkdə ümidsizliyin doğurduğu bütün qəzəb Azərbaycan əleyhinə sərt və müəyyən qədər də axmaq  isteriyaya çevrilib.  Bu isteriyanın kulminasiyası isə Azərbaycanla sərhəddə mənasız hərbi təlimlərin keçirilməsidir.  Bölgədəki güclüdövlət  üçün daha bir biabırçılıq - İran Azərbaycana qarşı İran-İraq müharibəsi dövrünün hərbi texnikasını və döyüş əməliyyatı taktikasını qoymaqla bütün dünya qarşısında özünü başıaşağı etdi.  Qəzəbin hərarətində ayrı-ayrı şəxslər yanıla bilər, bütöv dövlət yox.  Qəzəb, xüsusən də gücsüzlüyün gətirdiyi qəzəb pis məsləhətçidir.  İran dövlətinin liderlərinin dilindən təhdidlər, təhqirlər, qarğışlar eşidilir… Deqradasiya etmiş İran liderləri nə etdiklərini başa düşmürlər, çünki hər təhdid, hər qarğış İranı Azərbaycandan daha da uzaqlaşdırır.
 
İran liderləri son bəyanatlarında “qardaş Ermənistanın ərazi bütövlüyünün” təminatçısı sifətində çıxış edirlər. İranda Ermənistanı açıq-aşkar qardaş adlandırırlar! Halbuki Azərbaycan heç vaxt Ermənistanın bütövlüyünə qəsd etməyib.  Bizim Qarabağdakı şiə məscidlərimizi tövləyə çeviriblər. İran bunu bilirdimi? Əlbəttə, bilirdi.  Ancaq İranın islama dəxli elə Brejnev Siyasi bürosunun marksizmə dəxli qədərdir.  Sadəcə İran istənilən üsula əl atır ki, Azərbaycan heç kəsdən asılı olmayan dövlətə çevrilməsin.
 
Sonra nə olacaq? Tehran öz təhdidlərini və düşmənçilik çağırışlarını həyata keçirməkdə nə qədər uzağa gedə bilər? Bu suala cavab verməzdən əvvəl sanksiyalar altında əzilən, iqtisadiyyatı natural təsərrüfatı xatırladan bugünkü İrana nəzər salmaq lazımdır.  Kəndləri yoxsul, şəhərləri məzlum və qiyam edən, korrupsiya və pandemiyanın bürüdüyü, özünün güzəranını sərsəm permanent yaşıl inqilaba xərcləyən bir ölkə. Elə bir ölkə ki, xalq üçün  büt olan Süleymaninin xaincəsinə qətlindən sonra özünün milli və dini heysiyyətini qoruya bacarmadı. Elə bir ölkə ki, narkotik ticarətini elitaların, proksilərin və  öz ordusunun rifah mənbəyinə çevirib…  Hələ də sivilizasiyanın unutduğu və imtina etdiyi keçmişdə ilişib qalmış  bir ölkə.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də