Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təzyiqi yuxarı olanlar vaksin vurdura bilər?

RegionTV.info
Dünyada koronavirusun yayılması ilə bağlı vəziyyət qəliz olaraq qalır. Bu günə 200 milyondan çox SARS-CoV-2 yoluxması təsdiqlənib, 4 milyondan çox insan COVİD-19 səbəbindən ölüb. Dünyanın nə vaxt tezliklə “koronavirusdan əvvəlki” həyatına qayıdacağı isə bəlli deyil.
 
Ancaq bütün göstəricilərə görə proqnozlar nikbin deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Ghebreyesus, Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilən 138-ci sessiyası zamanı, SARS-CoV-2 koronavirusunun “Delta” variantından daha təhlükəli bir ştamın olma ehtimalından danışıb. O, dünya ölkələrinin pandemiyanın öhdəsindən gələ bilməyəcəyini də vurğulayıb.
 
Yeri gəlmişkən, Tokio Olimpiadasında son sutka ərzində daha 29 nəfərdə koronavirusa yeni yoluxma halı qeydə alınıb. “Tokio-2020"nin təşkilat komitəsinin saytı xəbər verir ki, bu, iyulun 1-dən bəri ən yüksək antirekorddur. Yoluxanlardan 4-nün idmançı olduğu bildirilir. Bununla da oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 322 nəfərə çatıb.
 
İsraildə isə koronavirus infeksiyası ilə bağlı hökumət komissiyası açıq havada kütləvi tədbirlərlə bağlı yeni məhdudiyyətlər tətbiq edib. Avqustun 8-dən açıq məkanda 100-dən çox şəxsin olduğu təqdirdə maska taxmaq zərurəti tətbiq olunur.
 
Bu arada, peyvəndlər vasitəsilə insanlara çiplərin yerləşdirilməsi iddiası yenə də gündəmdədir. Rusiyanın səhiyyə naziri Mixail Muraşko koronavirus peyvəndi vasitəsilə çipləmə haqqında məlumatın bugünkü bilik səviyyəsinə uyğun gəlməyən cəfəngiyyat olduğunu söyləyib: “Cəfəngiyyat, çip və başqa bir şey haqqında cəfəngiyyatları dinləmək, bugünkü bilik səviyyəsində ağla sığmır”, - deyə Muraşko jurnalistlərə bildirib.
 
Bu arada ABŞ-da sentyabrın əvvəlinə qədər “Pfizer” peyvəndinin tam olaraq təsdiqlənməsi gözlənilir. “The New York Times” qəzeti yazır ki, hazırda ABŞ-da böyüklər və 12 yaşdan yuxarı uşaqlarda COVİD-19 peyvəndlənməsinə icazə verilir. Eyni zamanda Amerika əczaçılıq şirkətləri olan “Moderna” və “Pfizer”  artıq 12 yaşdan kiçik uşaqlarda peyvəndlərini sınaqdan keçirməyə başlayıblar. İlkin araşdırmaların 2021-ci ilin payızında tamamlanması gözlənilir. Bundan sonra tənzimləyicilər tədqiqat nəticələrini öyrənəcək və müvafiq qərar qəbul edəcəklər".
 
Qonşu Gürcüstanda isə koronavirus tüğyan edir. Son sutka ərzində yeni növ koronavirusa (“Delta”) 4 827 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 428 670, ölənlərin sayı isə 5 910 nəfərə çatıb. Virusa yoluxanlardan 388 893 nəfərin sağaldığı bildirilir. Lakin baş nazir İrakli Qaribaşvili deyib ki, ölkə heç bir halda növbəti qapanmaya getməyəcək, çünki bu, iqtisadi münasibətlərin, iqtisadiyyatın sonu olar.
 
Bəs görəsən, qonşu ölkədəki yoluxma sürətinin Azərbaycana neqativ təsirləri mümkündürmü? Nəzərə alaq ki, iki ölkə arasında insanların təması yetərincədir, aviaəlaqələri açıqdır.
 
Yeri gəlmişkən, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistik məlumata görə, 931 yeni yoluxma faktı qeydə alınıb. Analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. Artıq ölkəmizdə yoluxma sayı dörd rəqəmliyə doğru artır. Digər tərəfdən, 4-8 avqust arasında havaların kəskin isti keçəcəyi barədə proqnozlar verilib. Yüksək temperatur virusun yayılmasında özünü necə göstərəcək? Azalma, yoxsa artma olacaq?
 
Son günlər vətəndaşlar tərəfindən vaksinasiya prosesi ilə bağlı narazılıqlar da var. Bizimlə söhbətdə Elena adlı paytaxt sakini vaksin olunan zaman müayinə olunmamasından şikayətlənib: “Bakıxanov qəsəbəsində yerləşən 11 saylı poliklinikada vaksin olundum. Nə təzyiqimi yoxladırlar, nə vəziyyətim barədə soruşdular. Sadəcə, qeydiyyata aldılar, peyvəndi vurdular. Bəlkə mənim vəziyyətim pis olacaqdı, belə yoxlama olarmı?!”
 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, peyvəndləmə zamanı vətəndaşın təzyiqi, hərarəti ölçülür, eyni zamanda tibbi keçmişi ilə bağlı müəyyən suallar verilir: “Bu prosedurun hər hansı bir poliklinikada yerinə yetirilməməsi ilə bağlı səhiyyə qurumlarına hər hansı bir şikayət daxil olmayıb. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda səhiyyə qurumlarına məlumat vermələri xahiş olunur. Təqdim olunan şikayətlər mütləq araşdırılacaq”.
 
Koronavirusla bağlı bu və digər məsələlər barədə infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a danışıb: “Gürcüstanda həqiqətən də koronavirus infeksiyası çox sürətlə yayılır. Bundan qabaqkı dalğalar zamanı yadınıza gəlirsə, sürətli yayılma baş verdi. İndi də yenə sürətli artır. Ölüm hallarının sayı da çoxdur. Burada ola bilsin coğrafi mövqe, mühit, yəni əhalinin xüsusiyyəti ilə əlaqədar olsun. Virusa qarşı immun sistemlərində zəiflik var. Bu, qidalanma ilə də bağlı ola bilər. Dediyim kimi, coğrafi mövqe baxımından, Avropa ölkələrinə gediş-gəliş orada daha çoxdur. Peyvəndlərin tətbiqinə də onlar xeyli gec başladılar. Bu amillər virusun yayılmasına səbəb olub. Vaksinasiya da burada zəif aparılır. Virusun bu ölkədən bizə gəlməsi əlbəttə ki, yaxşı hal  deyil. Qonşu ölkələrdə virusun yenidən artması o deməkdir ki, bizə də mənfi təsirini göstərəcək. Gürcüstandan bizə gəlib gedənlər var. Onlarda da əgər gəlib-gedənlər arasında yoluxanlar varsa, virusun bizdə də yayılmasına təsir göstərəcək. Ona görə mütləq xarici ölkələrə gedənlər və gələnlər yoxlanılmalı, burada güclü nəzarət olmalıdır. Eyni zamanda ölkədən çıxanlar və daxil olanların vaksin olunması məsələsinə də diqqət edilməlidir. Yalnız peyvənd olunanlar buraxılmalıdır. Əgər vaksin olunmayıbsa, onlardan PCR testi (yaxma) götürülməli, sonra 14 gün karantində saxlanmalı, karantinin sonunda yenidən analiz verilməlidir. Ölkəyə bu formada daxil olmalıdırlar. Bu belə olarsa, qonşu ölkələrdən gələnlərin bizə təsiri minimuma enmiş olar. O ki qaldı havaların kəskin isti keçməsi ilə bağlı məsələyə, əslində bunun virusa mənfi təsiri var. Çünki havalar nə qədər isti keçsə, ultrabənövşəyi şüaların aktivliyi nə qədər yüksək olsa, virusun açıq havada qalma müddəti azalır və tez ölür. Buna görə havaların isti keçməsinin belə bir ziyanlı tərəfi yoxdur”.
 
İnfeksionist poliklinikalarda vətəndaşların müayinə olunmadan vaksin olunması məsələsinə də münasibət bildirib: “Bütün gələnlərin təzyiqini ölçmək bir az  çətindir. Adətən bir həkim olur, bir otaq olur, burada yoxlama çətin olur. Olmalıdır, amma digər tərəfdən xəstələrin çöldə daha çox növbədə gözləməsinə səbəb olur. Ona görə onu tezləşdirmək lazımdır. Həkimlər tərəfindən burada anamnez toplanılmalıdır. Kimin ki, ehtiyac var, xüsusən də yaşlı adamlar, cavan adamlardan isə yalnız hipertonik olanlar yoxlanılmalıdır. Əgər təzyiq yüksəkdirsə, təzyiqi salmaq üçün həmin şəxslərə dərman verilə bilər. Əgər təzyiq çox yüksəkdirsə, vaksinin vurulması bir gün sonraya təyin oluna bilər. Əgər şəxsin təzyiqi 170-180 arasındadırsa,  peyvənd olunmaq tövsiyə olunmur. Amma şəxs deyirsə, təzyiqi həmişə 180 olur,  bu təzyiqə öyrəşib. Heç bir problem olmadan vaksini vurmaq olar. Maksimum yüngül bir təzyiq dərmanı vermək olar”.
 
Qeyd edək ki, Azərbaycanda koronavirus (COVİD-19) əleyhinə bir gündə 77 785 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 225 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 119 407, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 971 686, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 147 721 təşkil edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də