Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Xankəndində yaşayan heç bir şəxsdə xarici dövlətin pasportu olmamalıdır”

RegionTV.info
Dünyada qaçqın və məcburi köçkünlərin sayının getdikcə çoxalması problemi uzun illərdi ki, aktual olaraq qalır. Zaman-zaman ölkələr arasında davam edən müharibələr, nizamlanmayan münaqişələr bu problemin daha dərindən həll olunmasını zəruri edir.
 
BMT-nin Baş Məclisi tərəfindən 2000-ci ildə “20 iyun tarixinin Ümumdünya Qaçqınlar Günü” kimi qeyd edilməsi qərarı əslində bu məsələnin həllinə yönəlib. Bu sənədin qəbulunda əsas məqsəd doğma vətəndən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Baxmayaraq ki, həmin vaxtdan uzun müddət keçib, əfsus ki, hansısa müsbət dəyişiklik əldə edilməyib.
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı hesabatda bildirilir ki, dünyada öz yaşayış yerlərindən didərgin düşən insanların sayı rekord həddə çatıb. Belə ki, son 20 ildə qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artaraq 70,8 milyon nəfərə yüksəlib. Hesabatda qeyd edilir ki, cəmi bir il ərzində dünya üzrə qaçqınların sayı 2,3 milyon nəfər artıb.
 
Azərbaycan xalqı da son 100 ildə 4 dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib. Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovularaq Azərbaycana gəlib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıb. Qalib gəldiyimiz 44 günlük Vətən savaşından sonra isə dövlətimizin prioritet məsələlərindən biri işğaldan azad olunan torpaqlara qayıdışı təşkil etməkdir. Bu yöndə bir sıra problemlərin olduğu, bunun tez bir zamanda həyata keçməyəcəyi barədə fikirlər də söylənilir...
 
Bizimlə söhbətdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, Siyasi ekspert Elman Vəliyev ölkəmizin uzun illərdir məcburi köçkün problemi ilə üz-üzə qaldığını xatırlatdı: “Azərbaycan SSRİ-nin tərkibində olarkən 1947-1953-cü ildən Azərbaycan vətəndaşları ”Ermənistan ərazilərindən" deportasiya edildi. Həmin əhali məcburi köçkün sayılır, onları qaçqın adlandırmaq olmaz. Qaçqın o şəxsə deyilir ki, vətəndaşı olduğu ölkədən müəyyən təqiblərə görə (irqi, dini, siyasi və s.) başqa ölkəyə sığınandır. Məcburi köçkün isə müəyyən səbəblərə görə (texnogen fəlakət, hərbi təcavüz) daim yaşayış yerini tərk edib başqa yerdə yaşamasıdır. Ermənistan dövləti də Azərbaycan torpaqları hesabına formalaşdığı üçün orada yaşayan əhali Azərbaycan vətəndaşları idi və yaşadığı torpaqlar da Azərbaycan torpaqlarıdır. Azərbaycanda qaçqın statusu qazanmışların sayı məcburi köçkünlərin sayı ilə müqayisədə xeyli azdır. Azərbaycan dövləti bir çox qaçqına himayə durub, sığınacaq verib. Hətta Azərbaycan vətəndaşlığı almış qaçqınlar da az deyil.
 
Azərbaycan əhalisinin növbəti deportasiyası 1988-ci ildən başlayıb. Burada siyasi maraqlar var idi. Dağlıq, təbii ehtiyatlarla zəngin ərazilərdən Azərbaycan əhalisini çıxarıb, oralara erməniləri köçürürdülər. Köçürürdülər ki, Cənubi Qafqazda gələcəkdə bu etnik qrupdan məqsədyönlü şəkildə istifadə edə bilsinlər. 1920-ci ildə Osmanlı imperiyası ilə imzalanan Serv müqaviləsində də ermənilərə güzəştlər edilmişdi. Əlbəttə ki, bu güzəştləri öz maraqları naminə edirdilər".
 
Ekspert qeyd edib ki, hazırda 1 milyondan çox məcburi köçkün mövcuddur və dövlətin qarşısında duran prioritet məsələ köçkünlərin yaşayış şəraitlərini yaxşılaşdırmaqdır: “Bir çox yaşayış yerləri tikildi, sosial müavinətlər ayrıldı, köçkünlük statusu olanlar üçün bir çox güzəştlər həyata keçirildi. İndi köçkünlərdən ötrü əsas problem öz dədə-baba yurdlarına dönə bilməmələridir. Ancaq nəhayət, bu problem də öz həllini tapdı. 44 günlük Vətən müharibəsi illərin yarasına məlhəm oldu. Artıq bundan sonra ”Vətənə qayıdış" prosesi başlamalıdır. Qarabağda demoqrafik vəziyyəti dəyişmək lazımdır.  Ermənistan tərəfi əvvəllər Qarabağda referendum keçirilməsini istəyirdi. Çünki referendumda səs çoxluğunu ermənilər qazanacaqdılar. Axı Azərbaycan əhalisini zorla yurdlarından çıxarmışdılar. Hesab edirəm ki, “yurda qayıdış” könüllü  aparılmamalıdır. Qarabağda yaşayan, sonradan digər bölgələrə köçən hər kəs geri qaytarılmalıdır. Buna “böyük köç” nominasiyası deyə bilərik. Bu köç birdən-birə baş tuta bilməz. İlk öncə işğaldan azad edilən ərazilər minalardan təmizlənməli, əhalinin yaşayışı üçün infrastruktur sistemləri bərpa edilməlidir, bundan sonra “böyük köçə” başlamaq lazımdır. Ancaq çalışmalıyıq ki, bu proseslər daha sürətli şəkildə həyata keçirilsin. Ehtiyatımızı əldən verə bilmərik.
 
Digər bir məsələ isə ermənilərlə birgə yaşayış amilidir. Azərbaycan qanunları çərçivəsində bu yaşayış baş tuta bilər. Daha əvvəl də belə yeknəsəklik olub. Bu birgə yaşayış irəliləyən zamanlarda Xankəndində özünü göstərəcək. Delimitasiya və demarkasiya prosesləri davam etməkdədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalacaq. Azərbaycanın ərazilərində olan hər kəs Azərbaycan qanunları çərçivəsində yaşamalıdır. Xankəndində yaşayan heç bir şəxsdə xarici bir dövlətin pasportu olmamalıdır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də