
RegionTV.info məsələ ilə bağlı tanınmış təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib:

Təhsil Nazirliyi çalışır ki, təhsil sisteminə yeni direktorlar daxil olsunlar və onlar müsabiqə və müsahib yolu ilə vəzifə tutsunlar. Müsabiqə yaxşıdır, obyektivdir, şəffaf keçirilir, amma seçilənlərin obyektiv və şəffaf olmaması nəticəsində onlar təhsilə, direktorluğa qazanc məqsədi ilə gəlirlər. Təhsil naziri də, birmənalı olaraq, seçim zamanı deyir ki, sizin fəaliyyətinizdə hər hansı bir neqativlik görsəm işdən azad ediləcəksiniz. Siz 1-2 il işlədiklərini deyirsiniz, ancaq məndə faktlar var ki, yeni təyin edilən bir neçə direktor 6 ay işlədikdən sonra onlarla bağlanan müqaviləyə xitam verilib. Çünki onlar da özlərindən əvvəlkilər kimi pul yığmağa başlayıblar. Yuxarı sinif şagirdlərindən pul alıb onların dərsdən yayınmasına şərait yaradırlar və qiymət yazırlar. Biz heç də deyə bilmərik ki, yeni qayda ilə seçilmiş direktorların hamısı Təhsil Nazirliyinin istədiyi kriteriyalara cavab verir. Xeyr. Yenə də mənfi hallar davam edir. Bu ona görədir ki, yalnız Türkiyədə, Azərbaycanda, keçmiş postsovet ölkələrində məktəb direktorları təyinat yolu ilə bu vəzifəni tuturlar. Avropa ölkələrində isə məktəb direktorları təyinat yolu ilə direktor olmurlar. Məktəblərdə menecerlik, direktorluq institutu olur. Yəni kiminsə direktor olması üçün o yalnız 5-10 illik təcrübəyə malik olmamalıdır, onda idarəçilik bacarığı olmalıdır. Bir çox direktorlar vəzifə adı üçün bu vəzifəyə gedirlər, onlar təhsili idarə edə bilmirlər. İdarəçilik bilik və bacarıqları aşağı səviyyədədir, onlar Əmək Məcəlləsinin tələblərini bilmirlər. Əmək Məcəlləsinin tələblərindən minimum anlayışlarının olmaması onların idarəçiliklə bağlı ciddi nöqsanlara yol verməsinə səbəb olur.
Son illərdə həm paytaxt Bakıda, həmdə regionlarda 500-dən çox məktəbin hələ də direktorsuz qalması ona görədir ki, Təhsil Nazirliyi müasir tələblərə cavab verən, fəaliyyətini məktəbin, təhsilin inkişafına yönəldə biləcək kadrların tapılmasında əziyyət çəkir. Hələ də müsabiqə və müsahibədən uğurla keçənlərin təyin olunmaması direktorların təyinatı sahəsindəki şəffaflığı şübhə altına alır. Ümid edirəm ki, Təhsil Nazirliyinin elan etdiyi müsabiqə və müsahibəni uğurla keçənlər qısa müddətdə işə qəbul ediləcəklər. Ümumiyətlə son illərdə təhsilin idarəolunması ilə bağlı ciddi şəkildə kadr çatışmazlığı müşahidə olunur".