Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Bəziləri elə düşünür ki, peyvənd olundunsa, koronavirusa yoluxa bilməzsən”

“Azərbaycanın COVID-19-la mübarizədə atdığı addımları dəyərləndirərkən, nə qədər böyük işlər görüldüyünün şahidi oluruq. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olduqdan sonra ölkəmiz bu xəstəliklə bağlı ciddi və əməli tədbirlər görməyə başladı. Halbuki bir çox ölkələr COVID-19-la mübarizədə passivlik göstərirdilər. Azərbaycan xəstəliklə mübarizəyə ilk qoşulan ölkələrdən biridir və ölkəmizdə dövlət səviyyəsində preventiv və qabaqcıl tədbirlər həyata keçirildi. Görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer aldı. Azərbaycan gözlənilən ikinci və üçüncü dalğanın qarşısının alınması istiqamətində də mühüm işlər gördü”.
 
"RegionTV.info"   xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor Rəşad Mahmudov deyib.
 
R.Mahmudov vurğulayıb ki, koronavirusla mübarizədə infrastrukturun qurulmasının əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, laboratoriyaların gücünün artırılması həm texniki, həm də insan resursları baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Modul tipli xəstəxanaların istifadəyə verilməsi, onların tibbi ləvazimatlarla təmin olunması, çarpayıların bu istiqamətdə istifadəsinin artırılması, dərman preparatlarının vaxtında ölkəyə gətirilməsi və digər tədbirlər ölkəmizin və cəmiyyətimizin bu xəstəlikdən az zərərlə çıxmasında mühüm rol oynadı.
 
Deputat belə çətin məqamda Azərbaycanın digər ölkələrə də yardım etdiyini vurğulayıb. “Azərbaycan koronavirusla mübarizədə yüksək fəallıq göstərərək dost ölkələrə də yardım əlini uzatdı. Ümumilikdə, 30-dək ölkəyə yardım edildi. Ölkəmiz ÜST-ün tövsiyələrinə uyğun olaraq, iqtisadi cəhətdən zəif olan ölkələrdən də köməyini əsirgəmədi. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünya ölkələrini bu amansız xəstəliklə mübarizəyə çağırdı. Azərbaycan həm ÜST, həm də BMT səviyyəsində, bir sözlə beynəlxalq müstəvidə koronavirusla mübarizədə həmrəyliyə, birliyə çağıran təşəbbüskar ölkə kimi tarixə düşdü. Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi bu Hərəkata və Ümumdünya Səhiyyə Təşkilatına üzv olan yardıma ehtiyacı olan dövlətlərə maddi yardım göstərilməsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş ölkə olmasının bariz nümunəsidir.
 
Prezident İlham Əliyev çıxışlarında ümumbəşəri bəlaya çevrilən bu virusa qarşı mübarizədə insanların sağlamlığının və sosial müdafiəsinin təmin edilməsinin vacibliyini vurğuladı və bütün üzv dövlətləri birgə əməkdaşlığa, qarşılıqlı dəstəyə çağırdı. Dövlətimizin başçısı COVID-19-la mübarizədə dünya birliyini vahid mövqedən çıxış etməyə səslədi. Vaksinlərin bölüşdürülməsinə nəzarət edən COVAX-ı ədalətli olmağa səsləyən də məhz Prezident İlham Əliyev idi”, - deyə Rəşad Mahmudov bildirib. O, diqqətə çatdırıb ki, koronovirusla mübarizədə “qızıl açar” rolunu oynayan vaksinlərin ölkəyə vaxtında gətirilməsi təqdirəlayiqdir. Ölkəmizdə peyvəndləmə işinə Avropanın qabaqcıl ölkələri ilə birlikdə start verildi. Azərbaycan həm də Cənubi Qafqazda xəstəliklə mübarizədə peyvənd prosesinə ilk başlayan ölkədir. Təsadüfi deyil ki, Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MDB regionunda liderdir.
 
Səhiyyə komitəsinin sədr müavininin sözlərinə görə, cəmiyyətimizin dövlətimizə həmrəylik göstərməsi ölkəmizi tibbi, iqtisadi və sosial nöqteyi-nəzərdən müəyyən mənada qorumuş oldu. İnanırıq ki, bundan sonra da dövlət və cəmiyyət arasındakı həmrəylik meydana çıxan problemlərin həllində və yeni uğurların həll edilməsində öz müsbət rolunu oynayacaq. Əhalinin xeyli hissəsi artıq peyvənd olunub və insanlar bunun faydasını anlayırlar. Vaksinasiya işi davam edir və Azərbaycan qalan əhalinin də peyvənd olunması üçün bütün mümkün tədbirlərdən istifadə edir. Yaxın bir il ərzində əhalinin yetmiş faizinin peyvənd olunması qarşıda duran vacib məsələdir. Bu, bizim sağlam və təhlükəsiz həyatımızın təmin olunması deməkdir.
 
Tibb elmləri doktoru vaksinasiyanın faydasından da danışıb: “Vaksin olunan insanlar ay yarımdan sonra orqanizmdə yaranan immunitet və anticisimlər səbəbindən özünü gələcəkdə baş verəcək ağırlaşma halına qarşı hazırlayır. Yəni, həm tibbi nöqteyi-nəzərdən, həm də psixoloji cəhətdən insan buna hazır olur. Digər tərəfdən, peyvənd olunan şəxslər gələcəkdə xarici ölkələrə səfər zamanı heç bir problemlə üzləşməyəcəklər. Peyvənd olunan insanların sayının artması təbii ki, xəstəliklə mübarizədə təhlükəsizliyin təminatıdır”, - deyə o qeyd edib.
 
Rəşad Mahmudov vurğulayıb ki, bəziləri elə düşünürlər, peyvənd olundunsa, koronavirusa yoluxa bilməzsən. Əslində, vaksinasiya yoluxmanın deyil, təhlükənin qarşısını almağa xidmət edir. Professor insanlarımızı vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də