Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda araq bahalaşacaq - SƏBƏB

Azərbaycanda araq bahalaşacaq - SƏBƏB

Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması nəzərdə tutulur. Bununla əlaqədar olaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik ediləcək. Minimum qiymət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Beləliklə, alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.

 

Qanun layihəsinin əsaslandırılmasında bildirilir ki, alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir. Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt eyni zamanda qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir.

 

Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.

 

Alkoqollu içkilərin qiymətinin tənzimlənməsinin onun qiymətinə də təsir edəcəyi gözlənilir. Bir sıra ekspertlər spirtli içkilərin, xüsusilə araqların bahalaşmasının qaçılmaz olduğunu düşünür.

 

Sabiq deputat, iqtisadçı ekspert Rüfət Quliyev Modern.az-a bildirib ki, istənilən məhsula hansısa qadağa qoyulanda bunun qiymət siyasətinə təsir göstərməsi təbiidir: “Amma qiymətin artması, yaxud azalmasını bazardakı rəqabət mühiti müəyyən edəcək”.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, spirtli içkilər bazarı ən çox çirklənmiş seqmentidir: “Hələ 6 il əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sübut etdi ki, ölkənin ən bahalı və restoran və kafelərində dünyanın ən bahalı brendlərinin şüşələrinə keyfiyyətsiz spirtli içkilər doldurularaq satılır".

 

Onun sözlərinə görə, bu sahədə böyük problemlər yaşanır: “2019-cu ildə spirtli içkilərin istehsalı üçün lisenziyalar ləğv olundu. Bunun nəticəsi olaraq 50-dən çox araq istehsalçısı meydana çıxdı. Ondan sonra hamı öz bildiyi kimi araq istehsalına başladı. İstehlakçıda içkini içəndən sonra baş ağrısı olursa, deməli aldehitlərin miqdarı çoxdur. Əgər içki qəbul etdikdən sonra yuxusu gəlirsə, bu zaman da deməli sivuş yağlarının miqdarı çoxdur. Bu zaman içki insanları kor da edə bilər”.

 

E.Hüseynov sonda qeyd edib ki, hökumət bazardakı haqsız rəqabət mühitini yaxşılaşdırmaq üçün araqların minimum qiymətini müəyyən edib:

 

“İlk baxışda bu yaxşıdır. Yəni ucuz qiymətə bazara çıxıb standarta uyğun olmayan malı əhaliyə satırdılar. Vicdanla, standartlara uyğun şəkildə istehsal edilən, nisbətən yuxarı qiymətə olan içkiləri insanlar almırdı. Bazarda haqsız rəqabət mühiti yaranmışdı. Təəssüflər olsun ki, hökumətin bu qərarı istehlakçılara heç bir şey verməyəcək. İstehlakçılar əvvəl ancaq keyfiyyətdə aldanırdılarsa, indi həm də qiymətdə aldanacaqlar. Keyfiyyətsiz içki istehsalçıları qiyməti qaldıracaq və qanunu pozmadan öz keyfiyyətsiz mallarını satacaqlar. Bir sözlə qərar keyfiyyətsiz spirtsiz içki istehsal edənlərin xeyrinədir. İstehlakçılar 2 şeydən əziyyət çəkəcəklər. Standartlara uyğun spirtli içki istehsal edən müəssisələr də yenə çətin vəziyyətdə olacaqlar. Ona görə də burada ictimai nəzarət güclənməlidir. Spirtli içki istehsal edən qurumların cəmiyyətləri yaranmalıdır. Bu vəziyyətə qarşı ümumxalq mübarizəsi olmalı, qarşısı alınmalıdır. Azad İstehlakçılar Birliyinə daxil olan 800-dən qida mütəxəssisi, o cümlədən spirtli içki mütəxəssisləri olsa da bu kimi məsələlərdə öz səslərini qaldırmırlar. Nə qədər ki, cəmiyyətin və bu işlə məşğul olanların birgə səsi qalxmayacaq, o vaxta qədər də bu saxta içkilər bazarda olacaq. Sadəcə olaraq qiyməti qaldıracaqlar və işlərinə davam edəcəklər”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də