Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.
Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Təklif edilən dəyişikliyə əsasən isə bu maddə ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.
Layihədə qeyd olunub ki, qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir.
Üzrlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir.
Rəsmi məlumata görə, ötən il 271 nəfər 18 yaşı tamam olmamış şəxsə nikaha girməyə icazə verilib. Komitə bu barədə rəsmi rəqəmləri açıqlamasa da, hesabatda bildirilir ki, evlilik yaşının 1 il endirilməsi üçün hamiləlik və uşağın doğulması ilə bağlı səbəblər var.
Bəs nikah yaşı ilə bağlı bu dəyişiklik erkən evliliyin qarşısını alacaqmı?
"Rayonlarda peşə təhsili müəssisələrini, institutları artırmaq lazımdır"
Mövzu ilə bağlı danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sözügedən təklifi alqışlayıb.
“Amma söhbət ondan gedir ki, biz bu yaşı 17-ə də qaldıranda erkən nikahların azalacağını düşünürdük, ancaq elə olmadı. Ümumiyyətlə bir qanunu qəbul edəndə ona təsir edən digər qanunları da dəyişmək lazımdır. Məsələn 16 yaşlı qız hansısa təsirlər, yaxud evdəki zorakılıq səbəbindən ərə gedirsə, onun razılığı varsa belə bu artıq yenə erkən nikah sayılır. Deyirlər ki, hadisə şəxsin özünün razılığı ilə baş verib. O halda gəlin baxaq ki, 16 yaş məsələsi gündəmə gəlsə, dəyişən nə olacaq? Biz bu halda digər təsirləri də öyrənməliyik. Nə üçün qızlar 16 yaşda evdən qaçırlar, yaxud təhsil yerinə nə üçün ərə getməyə üstünlük verirlər? Məncə bir məcəllədə 18 yaş məsələsinə deyil, digər məcəllələrdəki qanunlara da baxmaq lazımdır. Bu uğurdur, amma bunun keyfiyyətini artırmaq üçün digər qanunlara da nəzər salmaq lazımdır. O halda biz uğur əldə edə bilərik".
M.Zeynalovanın sözlərinə görə, stimullaşdırıcı tədbirlər gücləndirilməlidir:
“Qızların təhsilinin artırılması, rayonlarda peşə məktəblərinin açılması vacibdir. Bəzi valideynlər qızlarını Bakıya təhsil üçün gəlməyə qoymur. Buna görə də rayonlarda peşə təhsili müəssisələrini, institutları artırmaq lazımdır. Dağ rayonları var ki, yola görə ailələr qızlarını təhsilə buraxmır. Buna görə də, yalnız Bakıda deyil, regionlarda da təhsil müəssisələrinin sayının artırılmasına ehtiyac var. Bəzi qızlar da var ki, təhsil alsa da, işləyə bilmir. Onlar da işlə təmin edilməlidir. Bu mühiti dəyişmək lazımdır ki, valideynlər övladlarının təhlükəsiz mühitdə olduğuna əmin olduqdan sonra təhsilə yönəltsinlər. Bu gün mətbuatda yazılanları görən bir çox ailə qızını təhsil alması üçün buraxmayacaq. Hər şeyin müəyyən təsiri var. Biz o təsirləri aradan qaldırmadıqca 16 yaşda nikah məsələsini də aradan qaldıra bilməyəcəyik. Düşünürəm ki, digər aspektlər də öyrənilməli və bunun qarşısı alınmalıdır".
Müsahibimiz sonda qeyd edib ki, qeyri-hökumət təşkilatlarının rayonlardakı fəaliyyəti gücləndirilməli, dayanıqlı maliyyə ayrılmalı, təhsil ocaqları gücləndirilməlidir:
“Bu yaxınlarda maraqlı bir müzakirə apardıq. Məlum oldu ki, institut olan regionlarda qızlar təhsilə cəlb edilir. Aran rayonları kimi institut olmayan regionlarda isə qızların təhsil səviyyəsi aşağıdır. Bütün bu nüansları dəyərləndirmək lazımdır. Biz qərarlarda gecikirik, ona görə də yalnız yaşın artırılması ilə kifayətlənməmək lazımdır. Digər təsirlərin də aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir ki, qərar öz effektini versin”.