Şəhər forması yalnız məkan məsələsi deyil, həm də sistem performansı məsələsidir.
Bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Birləşmiş Krallığın Dayanıqlılıq siyasəti və araşdırmalar üzrə rəhbəri Chris Trott bildirib.
Onun sözlərinə görə, şəhərlərin necə qurulması mobilliyə, əlçatanlığa və gündəlik şəhər həyatına birbaşa təsir göstərir
“Bu təcrübə isə transformasiyanın zamanla sosial və siyasi baxımdan davamlı olub-olmayacağını müəyyənləşdirir.
Getdikcə daha dayanıqlı və aşağı karbon emissiyalı şəhərlərin formalaşması yalnız texnologiya və investisiyadan asılı deyil. Əsas məsələ şəhər inkişaf etdikcə insanların gündəlik həyatlarında yaxşılaşmanı hiss etməyə davam etməsidir.
Biz yaxın zamanda London üzrə müəyyən araşdırma aparmışıq və bunu “London 2050” planı çərçivəsində müxtəlif inkişaf imkanlarını qiymətləndirmək üçün nümunə kimi istifadə etmişik”.
O həmçinin çox sıx və hündürmərtəbəli inkişaf modelindən daha geniş yayılmış inkişaf modelinədək dörd fərqli inkişaf strategiyasını təhlil etdiyini də diqqətə çatdırıb:
“Aydın oldu ki, şəhər strukturu mobillik davranışına, əlçatanlığa və əməliyyat səmərəliliyinə ciddi təsir göstərir.
Lakin vacib məqam ondan ibarətdir ki, təkcə çoxmərkəzli inkişaf modeli kifayət deyil. Çoxsaylı mərkəzlər yalnız tranzit yönümlü inkişaf, qarışıq istifadə konsepsiyası, piyada üçün əlverişli və insanların vaxt keçirmək istədiyi rahat məkanlarla bir-birinə real şəkildə bağlandıqda uğurlu olur”, - C.Trott qeyd edib.
O həmçinin vurğulayıb ki, daha yığcam və əlaqəli şəhər strukturları piyada hərəkətini, velosiped istifadəsini və ictimai nəqliyyatı təşviq edir, orta səfər məsafələrini azaldır və daha sağlam şəhər mühiti yaradır:
“Dağınıq, pərakəndə və zəif əlaqələndirilmiş şəhər modelləri isə avtomobildən asılılığı və daha uzun məsafəli səfərləri artırır.
Əslində, insanların hərəkət davranışını şəhər quruluşunun özü formalaşdırır. Uğurlu keçid təkcə memarlıq, mühəndislik, texnologiya və investisiyadan asılı deyil. Əsas məsələ şəhərlərin transformasiya dövründə gündəlik həyatı yaxşılaşdırmağa davam etməsidir”.
C.Trott onu da əlavə edib ki, piyada hərəkəti üçün əlverişlilik, əlçatanlıq, yaşıllıq, ictimai həyat və yerli kimlik ikinci dərəcəli elementlər deyil:
“Bunlar daha dayanıqlı, uyğunlaşa bilən və aşağı karbonlu şəhərlərin formalaşmasına kömək edən əsas infrastrukturun bir hissəsidir.
Mahiyyət etibarilə, şəhərlər davranışları formalaşdırır, davranışlar isə keçid prosesinin istiqamətini müəyyənləşdirir”.


