Azərbaycan Ordusunun 19-20 sentyabr tarixində Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması və qondarma qurumun özünü buraxması ilə nəticələndo. Artıq Qarabağın erməni sakinlərinin nümayəndələri ilə bir neçə görüş keçirilib. Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.
Rəsmi Bakı bildirib ki, erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçiriləcək. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılacaq. Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.
Artıq Xankəndi, Xocalı, Xocacənd, Ağdərə və digər yaşayış məntəqələrində Azərbaycanın hüquq-mühafizə orqanları fəaliyyətə başlayıb.
İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Xankəndi şəhəri Qarabağ iqtisadi rayonunun əhatə dairəsindədir. 2021-ci ildə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi institutu yaradılıb. Güman etmək olar ki, Xankəndi şəhərinə də bu qurum nəzarət edəcək.
Həmçinin, Xankəndi şəhərində erməni icması ilə azərbaycanlıların birgə fəaliyyəti əsasında ilkin olaraq müvəqqəti qurum da yaradıla bilər.
Ümumilikdə, Xankəndi şəhəri necə idarə olunmalıdır? Orada xüsusi qurum yaradıla bilərmi?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Tahir Rzayev Xankəndidə hazırda çox həssas vəziyyətin yarandığını vurğulayıb:
“Ona görə də, burada diqqətli olmağa daha çox ehtiyac var. Çünki ermənilər həmin əraziləri könüllü şəkildə tərk edirlər. BMT-nin missiyası da regiona gəlib, guya bəzi araşdırmalar aparır. Başda Fransa və Almaniya olmaqla xarici ölkələr bunu əhalinin qovulması, incidilməsi, soyqırımı kimi təqdim edirlər. Ona görə də, seçim hər iki tərəfin xeyrinə olmalıdır. Cənab Prezident dəfələrlə, bunu xatırladıb ki, “biz Qarabağda yaşayan ermənilərin hüquqlarının tam qorunmasına qadirik və bunu həyata keçirəcəyik”. Ona görə də, işçi qrupu orada olub. Milli Məclisin deputatının rəhbərliyi ilə xüsusi nümayənəliyin icma ilə görüşləri keçirilib”.
Deputatın fikrincə, idarəetmə forması ümumi razılıq əsasında olacaq:
“Sözsüz ki, bu, cənab Prezidentin səlahiyyətlərinə aiddir. Məncə,orada erməni icması ilə azərbaycanlıların birgə fəaliyyəti əsasında ilkin olaraq hansısa qurum yaradıla bilər. Proseslər elə getməlidir ki, müəyyən ajiotaj yaranmasın və xoşagəlməz fikirlər irəli sürməsinlər. Birdən-birə oradakı icmanın fikirləri nəzərə alınmadan, qarşılıqlı münasibətlər yaranmadan hansısa hakimiyyətin tam fəaliyyət göstərməsi mümkün deyil. Buna görə də, cənab prezident ilk gündən erməni icma üzvləri ilə Azərbaycan icma üzvləri arasında vəziyyətin yaxşılaşdırılmasını əsas diqqət mərkəzində saxlayıb. Bir neçə görüşlər keçirilib. Şübhəsiz ki, bu görüşlər səmərəlidir. Digər tərəfdən təşkil olunmuş işçi qrupunun fəaliyyətindən çox şey asılı olacaq. Çünki danışıqlar aparılacaq. Hansı məsələlər gündəmdədirsə, ilkin olaraq onlar həll olunmalıdır. Sözsüz ki, bu komissiya tərəfindən ilkin olaraq həll olunacaq”.
Tahir Rzayev deyir ki, ilk növbədə təxribatların qarşısının alınması üçün ərazidə hüquq-mühafizə orqanlarının fəaliyyəti tam bərpa edilməlidir:
“Xankəndidə bələdiyyə seçkiləri keçirilməli, icra strukturları yaradılmalıdır. Hüquq-mühafizə orqanları fəaliyyəti bərpa olunmalıdır. Orada qanunvericiliyin qorunması ilə əlaqədar hüquq-mühafizə orqanlarının fəaliyyəti tam təmin olunmalıdır. Çünki orada istənilən vaxt təxribatlar törədə bilərlər. Ərazidə yanğın baş verdi. Bəzi ermənilər evləri yandırdılar. Məhz buna görə hüquq-mühafizə orqanlarının fəaliyyəti tam bərpa edilməlidir. Daha sonra müəyyən icra orqanlarının fəaliyyəti yavaş-yavaş bərpa olunacaq”.