Bu gün Azərbaycan Televiziyasında ilk dəfə: “Xocalı - bir millətin kədəri” filmi nümayiş olunacaq. Azərbaycan dili ilə yanaşı, həm də rus və ingilis dillərində hazırlanan filmin, ilin sonuna kimi türk və fransız dillərinə də tərcümə olunması planlaşdırılır.
Xocalı soyqırımı və bütövlükdə Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə təbliği, erməni vəhşiliklərinin ifşa edilməsi baxımından bu cür filmlərin ərsəyə gətirilməsi, habelə onların müxtəlif xarici dillərə tərcümə edilərək yayılması nə dərəcədə vacibdir?
Açıqlama verən millət vəkili Vüqar İskəndərov belə filmlərin böyük önəm kəsb etdiyini vurğuladı:
“Bu cür filmlərin ərsəyə gətirilməsi həm Xocalı soyqırımının təbliği və tanıdılması, həm də erməni vəhşiliyinin, onun işğalçı siyasətinin ifşa edilməsi baxımından olduqca önəmlidir.
Dünyada informasiya müharibəsinin əhəmiyyəti getdikcə artmaqdadır. Istənilən müharibədən həm öncə, həm də sonra informasiya müharibəsi həyata keçirilir. Yəni bu münaqişələrin həm hazırlanmasında, həm də post-müharibə dönəmində informasiya müharibəsi davam edir. Bu baxımdan Xocalıdan bəhs edən bu filmlərin həm də informasiya müharibəsi baxımından da önəmi böyükdür və ən əsası biz bu informasiya müharibəni tarixi həqiqətlərə, real faktlara istinadən həyata keçiririk. Odur ki, Qarabağ həqiqətlərindən bəhs edən həm sənədli, həm də bədii filmlərin rolu olduqca böyükdür. Bu, tariximizin öyrənilməsi, gənc nəslin yaxın tarixi keçmişimiz haqqında daha müfəssəl bilgilərə sahiblənməsi baxımından da zəruridir.
Türkiyə nümunəsinə nəzər salsaq görərik ki, qardaş ölkədə türk tarixindən, Osmanlı imperiyasında bəhs edən çoxlu sayda bədii filmlər, seriallar mövcuddur. Hansı ki, bu filmlər vasitəsi ilə Osmanlı tarixi təbliğ edilir, türk tarixi ilə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bizim də tariximiz, üzləşdiyimiz işğal faktı, yaşadığımız soyqırımları ilə bağlı həm sənədli, həm də bədii filmlər ortraya qoyağımız vacibdir və bu yöndə işlər gedir.
Onu da qeyd edək ki, Xocalı soyqırımı erməni vəhşiliyinin yeganə nümunəsi deyil. İşğal edilmiş torpaqlarımızın hər qarışında bu vəhşiliklərin izi var. Şuşada, Laçında, Ağdərədə və s. bölgələrimizdə ermənilər böyük vəhşiliklər törədiblər. Bizim bunların hər biri ilə bağlı filmlər çəkməyimiz, bu həqiqətləri dünyaya tanıtmağımız vacibdir. Bütün mədəniyyət və incəsənət xadimlərimiz, yazıçılarımız bu məsələdə səfərbər olmalı, əllərindən gələni əsirgəməməlidirlər.
Mən bu sahədə əməyi olan hər kəsə təşəkkür edir, bu cür filmlərin çəkilməsini alqışlayıram. Çünki Qarabağ həqiqətlərinin bütün dünyada təbliğ edilməsində, daha dərindən tanıdlmasında bu filmlərin rolu həqiqətən də əvəzsizdir”.