Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Medianın geni dəyişir: Lalə Mehralı yazır…

8 sentyabr- Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür.

Həmrəyliyi ən az nümayiş etdirən bizlərin yəni. Jurnalistika ən sürətli dəyişiklik yaşayan peşələrdəndir. Transformasiya o qədər sürətlə gedir ki dünənlə bu gün arasında olan fərq heyrət doğurur.

Əvvəl radio 1 idi, sonra çeşidləndi, ağ-qara ekranımız rəngləndi, mətbuatdakı həmkarlarım kağızdan sensora, əlyazmadan kompyuterə keçdi, televiziyaların sayı artdı, inkişaf dayanmadı, tv-lər internetdə göstərdi, 3 ölçülü görüntü ilə yayımlandı, qəzetlər QR kod ilə dərc olundu. Dəyişiklik dayanmır, hər gün yenilik olur peşəmizdə.

Təəssüf ki hər şey yaxşılığıa doğru dəyişmədi. Peşəmiz getdikcə bizə də yadlaşmağa başladı. İndi bizim yazdıqlarımız bizdən başqa heç kimi maraqlandırmır. Hamı jurnalist olmağa həvəslənib çünki. Addımbaşı özünü jurnalist adlandıranlarla qarşılaşırıq. Təmənnasız xidmətimiz biznes maraqları üzərində qazanc məqsədi ilə əvəzləndi, məqalələri bizim yerimizə PR menecerlər yazmağa başladı, media orqanları sponsorların diqtəsi ilə işləməyə başladı. Öz həmkarımız olan rəhbərlərimizlə həmrəyliyimiz beləcə pozulmağa başladı.

Əvvəl peşəmizin qoxusu vardı, indi sadəcə virtualdır. Əvvəl mətbuatın oxucuya qarşı məsuliyyəti vardı, indi sponsora qarşı məsuliyyət var. Əvvəl bir mövzunun müəyyən aktuallıq dövrü vardı, bu 1 gün də olurdu, 1 həftə də, 1 ay da. İndi mövzu və gündəm hər saniyə dəyişir. Əvvəl media orqanını peşəkar idarə edirdi, indi sponsorlar idarə edir. Əvvəl işinin peşəkarı işə götürülürdü, indi hadisə yaratmağı, şou göstərməyi bacaranlara təlabat var. Əhəmiyyətli deyil o nə yazacaq, vacib deyil ki hansı müğənninin alt paltarı barədə reportaj edəcək, səhər yeməyində yumurtanı soyutma yoxsa qayğanaq sevməsi barədə müğənninin mətbəxindən stand-up edəcək, əsas odur ki, yazdığı gündəm olacaq. Görün oxucumuz hansı səviyyədən hansı səviyyəyə düşdü…

Məqalələrimiz şou nümayiş etdirən sosial şəbəkə jurnalistikasının kölgəsində qalmağa başladı. İnsanları bizim yazdığımız ciddi sosial, iqtisadi problemlər yox, kimin necə yeməsi, necə yatması, nə geyməsi, harda gəzməsi maraqlandırdı. Biz yalnız dar gündə yada düşdük – problemi olan, dərdi dəbərən, köməyə ehtiyacı olan insanlar axtardı bizi. Təçənnasız xidmətimiz müqabilində bir quru “sağ ol” almadığımız vaxtlar çox oldu. Bütün peşəkar həmkarlarımı bu soyutdu peşədən, hərə bir tərəfə dağıldı, həmrəyliyimiz pozuldu.

Qəzetlərin vəziyyəti ağırlaşdı, tirajlar düşdü, gəlirlər azaldı. Bizə ən böyük rəqib elə öz peşəmiz oldu, virtual müstəviyə keçdiyi üçün.. Qəzetlərin tirajı düşdükdə sosial şəbəkə jurnalistikasının “like” sayı artdı. Zamana ayaq uyduran bəzi həmkarlarımız ciddi jurnalistikanın başını buraxdı, şouya qurşandı, bəyəndim sayı, hədiyyə yağışı atəşinə tutuldu. Onlarla həmrəyliyimiz də alınmadı, daha başqa-başqa gerçəklərimiz var çünki.

Dəyişiklik, yenilik vacibdir, amma baxır hansı istiqamətdə. Transformasiya bizə, peşəmizə fayda gətirməyəcəksə nə önəmi var? Əfsus ki, jurnalistikada dəyişiklik bizi irəli yox, sona aparır. Bu qədər sürətli yenilik bir gün bizə yetməyəcək, daha çoxunu istəyəcəyik, peşəmiz getdikcə genini dəyişəcək, bizə yadlaşacaq və bir gün mətbuatdakı təkamül hamımızın narahat gözlərlə baxacağımız “bağlanış tamaşası” ilə sonlanacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də