Suriyanın şimalında baş verən hadisələr bir neçə gündür ki, beynəlxalq mətbuatın gündəmindədir. Suriyadakı vətəndaş müharibəsinin gedişində formalaşan, ABŞ-ın dəstəklədiyi, kürdlərin rəhbərlik etdiyi və özünü Suriya Demokratik Qüvvələri (SDF) adlandıran qruplaşmanın (PKK terror təşkilatının bir qolu kimi qəbul edilən YPG də SDF-ə daxildir) kürd qüvvələri ilə yerli ərəb tayfalarının nümayəndələri arasındakı toqquşma müzakirə mövzusudur.
İraqla həmsərhəd bölgədə yerləşən və hadisələrin cərəyan etdiyi resurslarla zəngin Deyr-Əzor əyaləti Fərat çayı ilə ikiyə bölünür. etnik baxımdan ərəblərin çoxluq təşkil etdiyi regiondur. Fəratın şərqində SDF, qərbində isə Əsədə sadiq qüvvələr yer alır. Deyr-Əzordakı toqquşmaların əsas səbəbi ərəblərin de-fakto mövcud olan kürd idarəetməsindən narazı qalmasıdır. Bəzi rejim tərəfdarlarının Fərat çayını keçərək toqquşmalara qoşulmasından sonra vəziyyət gərginləşib. Mülki şəxslərin də daxil olduğu onlarla şəxsin öldüyü bildirilir.
SDF bölgədəki ərəb qəbilələri ilə hər hansı mübahisəni rədd edərək, toqquşmalarda əsasən "rejimin elementlərinin" iştirak etdiyini bildirib. Bir sıra iddilara görə, bəzi tayfa liderləri SDF-lə, bəziləri isə hökumətlə əməkdaşlıq edir və toqquşmada iştirak edən qüvvələr olduqca qarışıqdır. Qeyd etmək lazımdır ki, Suriya prezidenti Bəşər Əsəd SDF-i - kürd administrasiyasını rədd edir və bunu separatizm hesab edir.
Kövrək zəmində mövcud olan tarazlığın pozulmasına əsas səbəb isə SDF-in ərəb tayfa başçılarından birini həbs etməsi olub. SDF onu bir çox cinayətlərdə, o cümlədən narkotik alverində, təhlükəsizliyin düzgün idarə edilməməsində, İŞİD-in hücrələrinin qarşısını ala bilməməkdə və vəzifəsindən şəxsi maraqları üçün istifadə etməkdə ittiham edib.İğtişaşlar daha sonra şimala və qərbə, Haseke və Hələb əyalətlərinə də yayılıb.
Ən azı 2 xəstəxana və 3 sutəmizləyici qurğu da daxil olmaqla kritik infrastrukturun dağıdıldığı və ya zədələndiyi bildirilir. Ərazidə hərbi bazaları olan ABŞ bütün tərəfləri dərhal döyüşləri dayandırmağa və sülh yolu ilə həll yoluna çağırıb. ABŞ SDF-i İŞİD-ə qarşı mübarizə dövründə gücləndirib. Qeyd etmək lazımdır ki, İŞİD-in varlığına geniş miqyasda son qoyulsa da, bölgədə terror təşkilatının müəyyən şəbəkələşməsi qalmaqdadır və gizli şəkildə fəaliyyət göstərir.
Suriya hakimiyyəti isə hadisələrdən öz maraqları üçün istifadə edir. Yuxarıda vurğulandığı kimi, Dəməşq SDF-ə separatçı element kimi yanaşır və onun mövcudluğunu ərazi bütövlüyünə və rejimin möhkəmliyinə təhdid kimi görür. Doğrudur, xeyli müddətdir ki, vətəndaş müharibəsinin aktiv fazasında olduğu kimi, tərəflər arasında ciddi toqquşmalar yoxdur. Lakin Əsədə sadiq qüvvələrin marağına hər zaman uyğundur ki, regionda stabillik pozulsun və de-fakto qurum zəifləsin.
Region ölkələrindən Türkiyə isə haqlı olaraq, sərhədlərinin yaxınlığında terrorçu qruplaşmaların hakimlik etməsini arzulamır. Artıq qeyd olunduğu kimi, YPG də SDF-in tərkibinə daxildir və bu qruplaşma PKK-nın uzantısı hesab olunur. Türkiyəyə yaxın Suriya müxalifətinin də SDF-lə münasibətləri heç də yaxşı deyil. SDF bir çox hallarda Suriya müxalifətinin nəzarətində olan bölgələrə sızmağa cəhdlər edir.
Yerli ərəb tayfalarına gəlincə, onlar sərvətlərin kürd administrasiyası tərəfindən talanmasına və özlərinə bundan bir şey çatmamasına etiraz edirlər. Üstəlik, ərəblərin hərbi mükəlləfiyyət daşıması və zorla silahlı qruplaşmalara cəlb olunması da onları narahat edən amillərdəndir. Bu vaxta qədər İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq və ABŞ-ın vasitəçiliyi və birbaşa səyləri ilə SDF və ərəb tayfaları arasında münasibətlər stabil məcrada olsa da, bu, olduqca kövrək xarakter daşıyırdı.
Hazırda da döyüşlərin davam etdiyi bildirilir. Güman etmək olar ki, yenidən müəyyən vasitəçilik təşəbbüsləri ilə toqquşmalar dayandırılsın. Lakin problemin yekun və qalıcı həlli bu deyil. Yaxın Şərqin bu hissəsində imperializmin açdığı dərin yaralar qaysaq bağlaya bilər, amma bu yaraların tam sağalması üçün lokal şəraitin, etnik, tarixi, mədəni və siyasi faktorların nəzərə alındığı, böyük dövlətlərin yox, yerli əhalinin maraqlarına söykənən həll tapılmalıdır. Yaxın perspektivdə bu, müşkül görünür...
Modern Təhlil və Araşdırma Qrupu