Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

148 yaşlı Azərbaycan mətbuatı - Dünən və bu gün

148 yaşlı Azərbaycan mətbuatı - Dünən və bu gün


Artıq üçüncü ildir ki, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan hər bir tarixi günü, bayramları tamamilə başqa ovqatda - tarixi Zəfərimizin yaratdığı reallıqların uğurla həyata keçirilməsi və beynəlxalq aləmə qəbul etdirilməsi fonunda  yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Bu reallıqların istər ölkə, istərsə də  beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmasında əsas missiyanı Azərbaycan mətbuatının yerinə yetirdiyini nəzərə alsaq yaxınlaşmaqda olan 22 İyul-Milli Mətbuat Gününün özəlliyini daha dərindən dərk edər, keçilən yolun ölkəmizin bu sahədə hansı yeniliklərə imza atdığını təhlil etməklə belə bir fikri böyük inamla  qeyd edə bilərik ki, ölkəmiz demokratik dəyərlərə sadiqdir və bunu  sözdə deyil, əməldə təsdiqləyir. Digər tərəfdən xalqımız üçün 2023-cü ilin  özəlliyi ondan ibarətdir ki, bu il dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilib. 

 

“Heydər Əliyev İli”ndə Azərbaycan mətbuatının keçdiyi 148 illik yolu təhlil etmək bir media nümayəndəsi kimi mənim üçün böyük şərəf və məsuliyyətdir. Əsası 148 il öncə - 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız bu gün dövrün, zamanın tələblərinə, tarixi Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq daha da təkmilləşir, yeniləşir, həqiqət çarçısı kimi müstəqil mətbuat üzərinə düşən missiyanı  uğurla yerinə yetirir.

 

Müstəqil mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi,  müstəqil mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsası oldu. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri bütün sahələrdə uğursuzluqlarla xarakterizə edilır. Bu uğursuzluqlar cəmiyyətin güzgüsü olan mətbuatdan da yan keçmədi. Belə ki, mətbuat azadlığı hər addımda boğulur, jurnalistlər təzyiqlərə məruz qalırdılar. 1992-ci ildə hərbi senzura adı altında  mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. 15 aprel 1993-cü il tarixli sərəncamla  bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilmişdi. AXC-Müsavat cütlüyünün bir  illik hakimiyyəti dövründə mətbuatda vəziyyət daha da ağırlaşmışdı. Demokratik  inkişafdan danışmaq qeyri-mümkün idi. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. Demokratiya sabitliyin və qanunun aliliyinin təmin edildiyi şəraitdə inkişaf edir ki, müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycan üçün faciələrlə, təhlükələrin yaranması ilə yaddaşlardadır. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən  silinmək təhlükəsini yaşayırdı.

 

Dövlət başçısı cənab İlham Əliyevin “Heydər Əliyev İli” ilə bağlı Sərəncamında da bu məqamı xüsusi qeyd edilir ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin  zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin həyat amalının təntənəsidir.

 

Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan yenidən quruldu. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Bu mühüm amil ölkəmizin  dayanıqlı iqtisadi inkişafının təmin edilməsində də öz sözünü dedi. Belə ki, ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan, bu gününə və gələcəyinə inamı özündə əks etdirən  “Əsrin müqaviləsi”nin imzalanması ilə hazırkı reallıqlara geniş yol açıldı. Təbii ki, bütün sahələrdə uğurlu addımların atılmasında iqtisadi amil əsas rol oynayır. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi, maliyyə imkanlarının  genişlənməsi digər sahələr kimi, Azərbaycanın həyatının güzgüsü olan mətbuatın inkişafında da öz müsbət rolunu aydın şəkildə nümayiş etdirdi. Ümummilli Liderin azad mətbuatın inkişafı yönümündə atdığı addımların xronologiyasına nəzər salmaq kifayətdir. Digər mühüm məqam müstəqillik yolunda ilk addımlarını atan ölkənin  varlığının beynəlxalq aləmdə özünü təsdiqləməsidir ki, dövlətin bu yönümdə atdığı addımların təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşdü. Azərbaycançılıq ideologiyasının təbliği, milli-mənəvi dəyərlərimizin, milli irsimizin qorunması və inkişaf etdirilməsi əsas çağırışlar sırasında idi. Azərbaycan mətbuatı üzərinə düşdüyü vəzifəni dövlətin göstərdiyi diqqət və qayğının  davamlılığı fonunda daha yükək səviyyədə yerinə yetirməyə başladı. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatımız təzyiqlərdən, buxovlardan xilas oldu. Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiyamızda  söz, fikir, mətbuat azadlığı öz əksini tapıb. Ümummilli Lider ilk gündən belə bir çağırışı etdi ki, ölkəmizdə demokratik cəmiyyətin  varlığını təsdiqləyən  bütün atributlar- insan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, demokratik, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi təmin edilməlidir. Dahi şəxsiyyət, eyni zamanda, bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.

 

Demokratik, hüquqi dövlət quruculuğunda azad mətbuatın rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin  6 avqust 1998-ci il tarixdə  imzaladığı  “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ilə  ölkəmizdə mətbuat üzərində senzura ləğv edildi. Bu mühüm addım KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi istiqamətində mühüm addım oldu.  Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ildə  qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında”  qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru  asanlaşdırıldı. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin  Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. KİV-in madddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan davamlı addımlar uğurlu nəticələri şərtləndirdi. Güzəştlər tətbiq edildi. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması  və sonradan bu borcların ləğv edilməsi mətbuatın iqtisadi müstəqilliyinin təmin edilməsinə, malliyə bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərdi.

 

Ulu Öndər Heydər Əliyevin  mətbuat nümayəndələri ilə görüşlərinin  ənənəsinin yaradılması bu sahədə mövcud problemlərin həllində öz sözünü dedi. Belə ki, Ümummilli Lider həmin görüşlərdə media nümayəndələrini narahat edən məsələləri  onların özündən eşidir, həlli istiqamətində mühüm tapşırıqlarını verir, qərarlar qəbul edirdi. Ulu Öndərin hər addımı özündə Onun  jurnalistlərin dostu olduğunu aydın şəkildə nümayiş etdirirdi. Ümummilli Lider Heydər Əliyevin  2002-ci ildə  Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində “Jurnalistlərin dostu” seçilməsi demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığının, medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi oldu.

 

2003-cü ildən başlanan Böyük Yolun davamı fonunda əsası ulu öndər   Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Prezident cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir. Yeniləşmə, təkmilləşmə cənab İlham Əliyevin siyasətinin əsasını təşkil edir. Bu yeniliklər  mətbuatdan da yan keçməyib. Mətbuat daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140, 145  illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, bu münasibətilə media nümayəndələrinin  təltif edilməsi, fəxri adlar verilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin əyani təzahürüdür. Dövlət başçısı cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə  kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi  mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident Sərəncamları, media nümayəndələrinin mənzillə təmin edilməsi önəmli hadisələr sırasındadır. Cənab İlham Əliyevin 20 ilə yaxın Prezidentliyi dövründə  3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi bu sahədə gördüyü işlərin, biri-birindən önəmli addımların, qəbul etdiyi qərarların və irəli sürdüyü təşəbbüslərin ümumiləşdirilmiş ifadəsidir.  “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur” söyləyən dövlət başçısı cənab İlham Əliyev onu da əlavə etmişdir ki, bundan sonra da Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verməyə çalışacağam. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır.

 

Təkcə tarixi Zəfərimizdən ötən dövr ərzində azad mətbuatın inkişafı istiqamətində atılan addımların xronologiyasına diqət yetirmək kifayətdir. Zəfərimizin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən mətbuatda təkmilləşməyə, yeniləşməyə geniş imkanlar yaratdı. Qalib Azərbaycanın mətbuatının qarşısında yeni vəzifələr dayanır.  Dövlət başçısı cənab İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı müəyyənləşdirilən yeni vəzifələri və onların icra mexanizmlərini açıqladı. Sənəddə də qeyd olunduğu kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə,  qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Ölkəmizdə  medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu Fərman  əsasında yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) hədəflərin gerçəkləşməsində vacib  icra mexanizmini ortaya qoymaqla, azad medianın inkişafını daha da sürətləndirir. Fəaliyyətə başladığı qısa dövrdə   həyata keçirdiyi hər bir  layihə media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, yeni dövrün tələbinə uyğun olaraq   “Media haqqında” Qanunun hazırlanması ilə bağlı MEDİA Agentliyinin  beynəlxalq səviyyədə  apardığı müzakirələr və  yeni  qanunun  Milli Məclisdə qəbul olunması, ötən  ilin fevralında dövlət başçısı cənab İlham Əliyevin müvafiq Fərmanı əsasında təsdiqlənərək   qüvvəyə minməsi mətbuatın inkişafında   təkmil hüquqi bazanın yaradılmasını təmin etdi. Bundan əlavə, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanının yaradılması, qəzet kağızının ƏDV-dən azad edilməsi, media reyestrinin qaydalarının təsdiqi və sair kimi biri-birindən əhəmiyyətli addımlar dünya informasiya məkanına inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın media mühitinə gətirdiyi yeni yanaşmaların təqdimatıdır. Bu kimi biri-birindən mühüm addımlar təsdiqləyir ki, azad, müstəqil mətbuatın inkişafı  demokratiyanın vacib amillərindən biri kimi  dövlətin siyasətində mühüm yer tutur.

 

148 illik yola, daha dəqiq desək, milli mətbuatımızın  1993-cü ildən başlanan inkişaf yoluna qısa baxış belə bir ümumiləşdirməyə əsas verir ki,  Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdədir. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Təkcə onu demək kifayətdir ki, rəsmi statistikaya görə, ölkə əhalisinin 88 faizdən çoxu internet istifadəçisidir. Ölkəmizdə medianın inkişafına, jurnalistlərin sərbəst fəaliyyətinə, peşəkarlıqlarının artırılmasına böyük diqqət göstərilir. Azərbaycanda media sahəsində yaradılan şəraitə bəlkə də  dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil.

 

 “Heydər Əliyev İli” çərçivəsində milli mətbuatımızın keçdiyi inkişaf yolunu vərəqləyərkən bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyətin ən böyük arzusu olan və hazırda tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin  ölkə və dünya ictimaiyyətinə çatdırılmasında da mətbuat missiyasını uğurla yerinə yetirdi və bu gün dost, qardaş Türkiyə ilə birgə yaradılan Ortaq Media Platformasından bəhrələnərək postmünaqişə dövrünün reallıqlarının təbliği istiqamətində səylərini daha  da artırır. Ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olunsa da ermənilərin havadarlarının dəstəyi ilə yalanları, əsassız təbliğatları hələ də davam edir. Dünyaya səs salan Azərbaycan-Türkiyə qardaşlığı  mətbuat sahəsində də özünün aydın ifadəsini yaratmaqla informasiya mübarizəsinin uğurla davam etdirilməsini şərtləndirir. Hazırda qloballaşan dünyada  maraqları təmin edən əsas platformalardan biri informasiya platformasıdır. Qlobal informasiya məkanında daha  səmərəli platformaya sahib olmaq  daha güclü olmaq deməkdir.

 

Göründüyü kimi, bütün hallarda Azərbaycanın inkişaf səviyyəsini göstərən azad mətbuatın inkişafı prioritetdir. Tarixi Zəfərimizin reallıqları fonunda mətbuatın qarşısında dayanan vəzifələr yeniləşməklə yanaşı, hədəflər, arzular da dəyişib. Üç il bundan öncə Milli Mətbuat Günündə həmkarlarımıza əsas arzularımız sırasında qələbə müjdəçiləri olmaları xüsusi yer tuturdu. Media nümayəndələri 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şanlı Qələbəmizlə bu arzularını reallığa çevirdilər. Artıq üç ilə yaxındır yazılı və elektron KİV-lərdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işləri və eyni zamanda, cənab İlham Əliyevin ötən il doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə tarixi ədalətə söykənərək səsləndirdiyi “Biz Qərbi Azərbaycana qayıdacağıq” çağırışına uyğun olaraq görülən işlər geniş işıqlandırılır.

 

Dəyərli və fədakar həmkarlarıma dövrün, zamanın tələblərinə uyğun olaraq dəyişən arzu və istəklərimizin əsasında növbəti ildə “Qərbi Azərbaycana qayıtdıq” müjdəsini xalqımıza çatdırmağı diləyirəm. Hər bir hədəf, arzu inkişafın davamlılığının təmin edilməsində əsas faktordur. Azərbaycanın hər bir uğuru reallıqlarının güzgüsü olan mətbuatı daha da təkmilləşməyə, yeniləşməyə çağırır.

 

Elməddin Quliyev

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin məsul işçisi


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də