Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.
Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşura günüdür.
Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.
Məhərrəmlik ayının tarixi
Hər il Hicri təqviminin Məhərrəm ayında yad edilən Kərbəla hadisələrinin tarixi VII əsrə təsadüf edir. Şiə təriqətində qeyd edilən dini ayinlər 680-ci ildə Kufədə başlayan qiyamla bağlıdır. Belə ki, qiyama qalxanlar Həzrəti Əlinin kiçik oğlu İmam Hüseyndən yardım istəyir və ondan gəlib Kufədə atasının düşməni olan Əməvi sülaləsinə qarşı üsyana mənəvi dayaq olmağı, qiyamçıları ruhlandırmağı xahiş edirlər. İmam Hüseyn 72 nəfərlik kiçik bir dəstə ilə Kufəyə yollanır. Dəstəsi ilə birlikdə Mərəya düzündən (indiki Kərbəladan) keçəndə (oktyabr, 680-ci il) Yezidin göndərdiyi 4 min nəfərlik qoşun onları mühasirəyə alır və Məhərrəmlik ayının 10-cu günündə məşhur Kərbəla hadisəsi baş verir. Kərbəla sözü də sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır. Mənası «Kərb» yəni hüzn və «bəla» sözlərindən ibarətdir.
Şiə təriqətinə mənsub olanlar indiyə qədər də Aşurada məhz bu hadisəyə, yəni imam Hüseynin öldürülməsinə yas saxlayırlar. Bu günü yas saxlayanlar bununla əlaqdar olaraq bəzi ayinlər icra edir və qadağalara riayət edirlər. Məsələn, spirtli içki içmək, toy eləmək günah sayılır. Bəziləri isə Məhərrəm ayının 10-cü günü, yəni Qətl sınan gün, yaxud da başqa adla Aşura günü çimməyi, sabundan istifadə etməyi və s. günah hesab edirlər. Zəncir vurmaq və qan çıxarmaq tələbi isə öz yerində.
Bu ayda nə etmək olmaz?
El arasında formalaşan fikirlərə əsasən Məhərrəmlik ayında bunlar qadağandır:
-Elçi getmək, toy mərasimləri keçirmək, şadyanalıq etmək, içki məclisləri təşkil etmək, bayram tədbirləri, konsertlər, təmtəraqlı ad günü məclisləri keçirmək
Haram aylarda bir çox şərtlər var ki, onların arasında savaş etmək, müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır.
Aşura günü məscidlərdə zəncirlə özünü vurub qan çıxartmaq heç də düzgün sayılmır. Bunun əvəzinə həmin gün qan vermək olar. Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutmalıdır ki, bunun da adı "Məhərrəm orucu"dur.
Məhərrəmlikdə saç kəsdirmək, boyamaq kimi məsələlər də həmişə insanları narahat edib. Məhərrəm ayında bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar. Bunda heç bir problem yoxdur. Dinimizdə Məhərrəm ayı ilə bağlı belə bir məhdudiyyət yoxdur.