Çox rast gəlirəm, qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Ombasını böyüdənlər günü-gündən çoxalır. İndi hər addımda qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşlü qadınları görmək mümkündür.
Əksər qadınlar bədənlərinin təbii quruluşundan məmnun olmur, ya sinəsi kiçikdir deyə düşünür, ya da ombaları balacadır deyə fikirləşir. Yaşlanma, arıqlayıb-kökəlmə, keysəriyyə əməliyyatı zamanla bədənə öz izlərini qoyur, əgər aktiv həyat tərzi keçirmirsənsə, daim hərəkətdə deyilsənsə, bədən öz görüntüsünü zamanla dəyişir. Əvvəllər bu görüntünü gözəlləşdirmək üçün idman ən çox seçilən üsul olurdu, amma hazırda qadınlar bədənin əməliyyatla formaya salınması üsuluna üstünlük verirlər.
Hərəkətsizlikdən, çəki artmasından, yaşlanmadan sonra bəzən omba nahiyəsində deformasiyalar yarana bilər. Bəzən genetik deformasiyalar da ombanın qeyri-estetik görünməsinə səbəb olur. Amma bəzən kifayət qədər arıq, normal çəkili, normal görünüşlü qadınlar da omba əməliyyatı etdirirlər. Təsəvvür edin, özü arıq, çəlimsiz, amma arxası şar kimi şişirilmiş.
Əvvəllər belə əməliyyatlara səhnə adamları, müğənnilər ehtiyac duyardı, indi ev xanımları da bu əməliyyata girirlər. Tibbdə “Braziliya ombası” kimi tanına bu cür ombalar Braziliyada yerli qadınların normal quruluşudur, lakin daha təbii formada. Əməliyyatla edilən dikləşdirmə süni forma olduğu üçün ilk baxışdan anlaşılır. İnstaqramda böyük ombasını göstərə-göstərə kamera qarışısında rəqs edən qızların sayının çoxaldığının fərqindəsiniz yəqin siz də. Mən “tik-tok”da yoxam, deyilənə görə orada daha çoxdur belə görüntülər.
Əslində, bu əməliyyat reklam edildiyi qədər asan və sadə əməliyyat deyil, riskləri çoxdur. Dünyanın bir çox ölkəsində bu əməliyyatdan sonra həyatını itirənlər də var. Qadınlar bu riski gözə alaraq əməliyyata girirlər.
Bütün zamanlarda zəriflik və incəlik anlayışı gözəllik və cəlbediciliyin göstəricisi kimi qəbul edilib. Amma zəriflik böyük ombalar, şar kimi şişirilmiş süd vəziləri, bir qarış irəliyə sıçramış dodaqlar, kəsilməkdən yoxa çıxmış burun olmayıb.
Hər dövrün öz gözəllik trendləri olur. Çox qadın bu yolda öz sağlamlığından, təbii görüntüsündən olur. Qaş düzəltmək yerinə vurub göz çıxarmaqları onlara baha başa gəlir. Kaman qaşlar, incə dodaqlar gözəllik etalonu sayılmayalı çox zaman olub. İndi arıq, sinəsi və ombası süni formada böyüdülmüş, qaşları rənglənmiş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar sayılır etalon. Təbii ki, gözəllikdən anlamayanlar üçün.
Gözəllik normalardır məncə. Çərçivədən, hədəqədən çıxılmadığı müddətcə gözəllik spesifik olmalıdır. İnsanlar öz bədənini olduğu kimi sevmədiyi üçün bu proses uzanacaq. Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Təbii ki, ətrafımızın və cəmiyyətin bizə biçdiyi don bir çoxu üçün önəmli olsa da, nəyin yaxşı olacağını insan özü müəyyən etməlidir. Xarici görünüşümüzü modaya uyğun dəyişməyə çalışsaq, sonunda özümüzü qeyri-adekvat görməyə başlayarıq. Neçə ki indi çoxları o vəziyyətdədir.
İstədiyimiz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhumuz həmişə olduğu kimi qalacaq. Əgər biz öz nəfsimizi qidalandıraraq, inkişaf etdirərək gözəlləşdirsək, bu, zahiri görkəmimizdə, davranışımızda da özünü göstərər. Ətrafımız bizi zahiri görkəmimizə görə deyil, daxili gözəlliyimizə görə sevməli və qəbul etməlidir. İnsanın ruhunun gözəlliyi simasında da əks olunur. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Əsas olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür.
Lalə Mehralı