Bu gün Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür.
RegionTV.info xəbər verir ki, Azərbaycan teatr və kino sənətinin görkəmli simalarından biri və bənzərsiz gülüş ustası yaşasaydı, bu gün onun 98 yaşı tamam olacaqdı.
Bəşir Səfəroğlu (Səfərov Bəşir Səfər oğlu) 1925-ci ilin məhz bu günü Bakıda doğulub. O, hələ uşaq yaşlarından əzablı ömür yaşamağa məhkum olub. Yeddinci sinifi bitirdikdən sonra ailə vəziyyəti ilə əlaqədar məktəbdən ayrılıb. On dörd yaşında olarkən sürücülər klubunun dram dərnəyində birpərdəli tamaşalarda epizodik rollar canlandırıb.
1941-ci ilin sonunda müharibəyə yollanan Bəşir 1942-ci ildə ağır döyüşlərin birində kontuziya alaraq ordudan tərxis edilib. Bu zaman onun dili tutulmuş, qulaqları isə ağır eşitməyə başlayıb. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib.
Rejissor Niyaz Şərifov ona müntəzəm olaraq teatr tamaşalarına gəlməyi məsləhət görür. O, tamaşalara baxmağa başlayır. Bir müddət sonra isə gənc Bəşiri truppaya aktyor qəbul edirlər. Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirir.
Həyatının bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bu an möcüzə baş verir. Bəşir Səfəroğlunun dili açılır.
Bu andan etibarən onun zəngin aktyorluq tarixçəsi başlayır. Əvvəl Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edir.
Aktyorun yaradıcılığında Möhsün ("Beş manatlıq gəlin"), Qaradavoy və Çiko ("Keto və Kote"), Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad"), Uzun və Nəcəf ("Durna"), Qədir və Gülümsərov ("Ulduz"), Əli Dinməzov ("Bir dəqiqə"), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti"), Qoçu ("Keçmişin məişət səhnələri"), Nadir və Azay ("Qızılgül"), Murtuzov, Dayandur, polis rəisi ("Özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu"), Firuzbala ("Altı qızın biri Pəri"), Səbrəli ("Bizə bircə xal lazımdır"), Əsgər Nəcəfoviç ("Ləpələr") kimi rollar xüsusi yer tutur.
O, kino aktyoru kimi də yaddaqalan obrazlar yaradıb. "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rolları görkəmli aktyora ümumxalq məhəbbəti qazandırıb.
Yaşlı nəslin nümayəndələri ötən əsrin altmışıncı illərinin ortalarında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yaradılan "Gəlməli, görməli, gülməli" miniatür teatrının fəaliyyətini yaxşı xatırlayırlar. O zamanlar tamaşaçıların böyük rəğbətini qazanmış bu kollektivdə Bəşir Səfəroğlu bu gün də aktuallığını qoruyub saxlayan onlarla satirik obraz yaradıb.
Unudulmaz gülüş ustasının parlaq yaradıcılığı layiqincə qiymətləndirilmişdir. Bəşir Səfəroğlu Azərbaycan Respublikasının Xalq artistidir. Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkmişdir. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır.
Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib. O, Fəxri xiyabanda torpağa tapşırılıb. Xalq artisti hələ də yaratdığı obrazlarla hər bir azərbaycanlının qəlbində yaşayır.