İran ordusunun Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər bu ölkənin silahlı qüvvələrinin acınacaqlı durumunu üzə çıxardı. Təlim poliqonuna çıxarılan hərbi texnika və silah-sursatların köhnə olması, şəxsi heyətin nizamsızlığı, hazırlıq səviyyəsinin demək olar ki, bərbad durumu diqqətlərdən yayınmadı. Sərhəd təlimləri göstərdi ki, İran ordusu deyildiyi qədər qüdrətli deyil və indiki durumda hansısa ölkəyə qarşı müharizə aparnası mümkünsüzdür.
Qeyri-rəsmi məlumatlara görə, təlimlər zamanı İran hərbçiləri bir neçə epizodda kobud səhvə yol verərək, öz hədəflərinə zərbələr endiriblər. İranlı hərbi qulluqçuların səriştəsizliyi nəticəsində bir neçə nəfərin həlak olduğu iddia edilir, lakin qonşu ölkənin rəsmi qurumları bu cür informasiyaları bloklayaraq, ictimailəşməsinin qarşısını alır.
Bəs, Tehran gücdən düşmüş ordusu ilə kimə əzələ nümayiş etdirə bilər?
Mövzu ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, İranın Azərbaycanla və Türkiyə ilə sərhəddə keçirdiyi təlimlər bu ölkəyə heç bir dvident gətirməyəcək. Çünki İranın təlimlərdə istifadə etdiyi silahlar müasir deyil.
"Bu gün İranın Quru Qoşunlarının arsenalında olan silahlar çox köhnədir. Bu silahlar 21-ci əsrin tələblərinə uyğun gəlmir. Əlbəttə, bunu İran komandanlığı da çox yaxşı bilir. İran böyük orduya sahib olmasına baxmayaraq, hərbi gücü çox zəifdir. İnqilabdan bəri müdafiə sənayesinə ayrılan büdcənin artırılmasına baxmayaraq, silahların keyfiyyəti dövrün tələbinə uyğun gəlmir. Hələ də SSRİ-nin 70-ci illərdə istehsal etdiyi tanklar, döyüş maşınları istifadə olunur. Arsenalda bir sıra öz istehsalları olan silah-sursat da var. Şəxsi heyətə gəlincə, 70-80-ci illərdə hər il 2-3 min İran hərbçi Amerikada hazırlıq kursu keçirdi. Artıq həmin hazırlıqlı zabitlər yoxdur”.
Hərbi ekspertin sözlərinə görə, İranın “səs-küy” salan dronları o qədər də güclü deyil:
“Bu gün İrana məxsus PUA-lar səs-küy salıb. Ancaq həmin dron-kamikadze uçuş aparatları müasir tələblərdən çox geri qalır. Dron istehsalında dünya ölkələri yüngül məmulatlardan istifadə etdiyi halda İran ağır məmulatlardan yararlanır. Təsəvvür edin ki, PUA-nın ağırlığı 200 kiloqramdır. Bu silahların sürəti aşağıdır. Onun sürəti 150-180 kilometrdir. Ancaq bu gün elə PUA-lar var ki, 250-300 kilometr sürət yığır. Bu silahı həm də radarlar tərəfindən aşkarlamaq olur. Lakin indi PUA-lar var ki, radarlar tərəfindən müəyyən edilə bilmir və bir sıra geniş imkanlara malikdir”.
Üzeyir Cəfərov onu da vurğulayıb ki, İranın Hərbi Dəniz Qüvvələrində də vəziyyət yaxşı deyil:
“Hazırda İran Hərbi Dəniz Qüvvələrində 18 minə yaxın şəxsi heyət var. Həmin şəxsi heyətin 2600 nəfəri dəniz piyadasıdır. 2000-i isə dəniz aviasiyasıdır. Yerdə qalanlar sırf peşəkarlardan ibarət dəstədir. İranın təyyarələri, helikopterləri olduqca köhnədir. Kiçik desant gəmiləri də artıq köhnəlib. Patrul katerləri də sıradan çıxb. İran Hərbi Dəniz Qüvvələrinə məxsus az sayda müasir silahlar isə Fars Körfəzində yerləşdirilib. Çünki orada neft daşımalarına nəzarət məsələsi var. İranın 70-80-ci illərdə buraxdığı "Əl Qadir", "Əs Səbahət" və başqa bu tip yeraltı gəmiləri artıq müasir tələblərə cavab vermir. Yalnız 2019-cu ildə istehsal edilən "Fateh" sualtı gəmisi nisbətən müasirliyi ilə seçilir".