Çinin muxtar bölgəsi olan İç Monqolustanda arxeoloji qazıntılar apardıqdan sonra elm adamları qədim türklərin 120 türbədən ibarət böyük bir məzarlığını tapmağı bacarıb.
Moderator.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Bu bənzərsiz tapıntı arxeoloqlar və tarixçilər üçün böyük bir uğurdur. Çünki bu, qədim hunların uzun əsrlər əvvəl necə yaşadığını daha yaxşı öyrənməkdən ötrü elmi araşdırmalar üçün istifadə ediləcək nəhəng bir faktiki materialdır. Bu günə qədər taxta tabutlar, insan qalıqları, dəmir bıçaqlar, saxsı və şirəli qablar, həmçinin qurbanlıq heyvanlarının sümükləri aşkar edilmiş səkkiz məzar qazılıb. Maraqlıdır ki, türbələrdən birində fincan şəkilli 83 dəmir çiçək forması tapılıb.
Qazıntılarda iştirak edən İç Monqolustan Mədəniyyət İnciləri və Arxeologiya Tədqiqat İnstitutunun arxeoloqu Sun Qodun sözlərinə görə, dəmir zinət əşyalarında, görünür, tabutların ətrafına bükülmüş bahalı ipək parça izləri var.
Bu arxeoloji tapıntı qədim Hun xalqının tarixini araşdırmaq üçün mühüm bir dönüş nöqtəsi olacaqdır.
Hunlar eramızdan əvvəl III əsrdə tarixi arenada meydana çıxan, Çin və dünya tarixinin gedişinə böyük təsir göstərən bir Türk xalqıdır.