Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda kredit faizləri aşağı salınır

Parlamentin sonuncu iclasında deputat Tahir Kərimli Azərbaycanda bank faizlərinin yüksək olmasından şikayətlənib. O deyib ki, insanlar qazandıqlarının hamısını banka verir. Deputatın sözlərinə görə, bank borcları və faizlər bu gün əsas problem olaraq qalır.
Ötən həftə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında maliyyə sisteminin yenilənməsi, o cümlədən bank faizlərində dəyişikliklərlə bağlı qanunvericilik bazasının hazırlandığını diqqətə çatdırıb.
Mövzu barədə danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin deputatı Vüqar Bayramov bildirib ki, kredit faizlərinin aşağı salınması məsələsi uzun müddət müzakirə edilən məsələlərdəndir.
Deputat hesab edir ki, Azərbaycanda istehlak kreditlərinin faizləri daha yüksəkdir:
“Bir çox hallarda istehlak kreditləri illik 25-26 faiz təklif edilir. Bu da, təbii ki, həm kredit götürən şəxsin ödəmə qabiliyyətinə, həm də gəlirlərinə təsir göstərir. Çünki bu halda onun xərcləri artır, ailə büdcəsi zərər görür. Vətəndaşın əlində qazancından çox az miqdarda vəsait qalır”.

V.Bayramov bildirib ki, bu baxımdan kredit faizlərinin aşağı salınması, daha aşağı faizlə həm istehlak, həm biznes kreditlerinin təklif edilməsi çox vacibdir:
“Hazırda kredit portfeli 18 milyard 7 milyon manatdır. Ötən ay kredit portfeli 17 milyard 587 milyon manat olub. Onun 13 milyard 81 milyon manatı milli valyutada, qalan 4 milyard 446 milyon manatı isə xarici valyutada təklif olunub. Baş bankın hesablamalarına görə, ölkə üzrə orta kredit faizi 11.86 faiz, milli valyutada isə 14.28 faizdir. Aydındır ki, Mərkəzi Bank orta kredit faizlərini hesablayan zaman bütün növ kreditləşmə üzrə qiymətləndirmə aparır. Vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri üzrə faizlər elan olunan rəsmi orta rəqəmlərdən daha yüksəkdir. Qeyd edək ki, kreditlərin 51.4 faizi, yəni 9 milyard 262 milyon manatı birbaşa ev təsərrüfatlarına yönəldilir”
Parlamentari kredit faizlərinin artmasına səbəb olan faktorlardan da söz açıb:
“Biznes kreditlərinin bahalı olması istehsal edilən məhsulların sayının artmasına, həmin məhsulların daha yüksək qiymətlərlə bazara çıxarılmasına səbəb olur. Bu kontektsdə biznes kreditlərinin faiz dərəcələrinin tənzimlənməsi vacib şərtlərdəndir. Azərbaycanda təbii ki, depozitlər üzrə faiz dərəcələri yüksəkdir. Depozit faizlərinin yüksək olması da kredit faizlərinə təsir göstərən faktorlardandır. Amma bizim monitorinqlər göstərir ki, əsas səbəblərdən biri bank sektorunda rəqabətin zəif olmasıdır”.

Deputatın fikrincə, kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsinə, xüsusən də bu sektorda konservativ siyasətdən mərhələli şəkildə daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var:
“Bir sıra xarici bankların, xarici kapitalın bank sektoruna gəlməsi rəqabətin güclənməsinə gətirib çıxara bilər ki, bu da kredit faizlərinin aşağı salınması üçün baza formalaşdırar. Eləcə də, Mərkəzi Bank tərəfindən depozit faizləri ilə kredit faizləri arasında müəyyən asılılığın tövsiyə olunması da mümkündür. Təbii ki, söhbət inzibati müdaxilədən getmir. Ancaq nəzərə almalıyıq ki, depozitlər kreditlərin verilməsi üçün əsas maliyyə mənbələrindən biridir. Buna görə də, onlar arasında müəyyən balansın gözlənilməsi lazımdır ki, kreditlər yüksək faizlə təklif olunmasın”.
Parlamentari onu da qeyd edib ki, Bakıya nəzərən kredit faziləri rayonlarda daha yüksəkdir:
“Regionlarda yaşayan vətəndaşlarımız və iş adamlarımız daha yüksək faizlə kredit götürməyə məcbur qalırlar. Bu kontekstdən yanaşsaq qeyd etdiyimiz istiqamətlərdə tədbirlərin və bank sektorunda rəqabətin güclənməsinə xidmət edən islahatların genişləndirilməsi kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də