Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident rus qoşunlarını Dnestryanıdan çıxarmağa ÇAĞIRDI

Moldova prezidenti Maya Sandu bildirib ki, respublikanın hakimiyyət orqanları həmişə Rusiya qoşunlarının tanınmamış Dnestryanı bölgədən çıxarılmasının tərəfdarı olub.
 
“Biz həmişə demişik və tələb etmişik ki, Rusiya qoşunları Dnestryanı ərazini tərk etsin. Biz bu münaqişənin sülh yolu ilə həllinə çağırmaqda davam edirik. Məsələnin diplomatik, siyasi, sülh yolu ilə həll yolunu tapmaq və həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”.

Bunu Moldova rəhbəri paytaxt Kişinyova işgüzar səfərlə gələn Rumıniya prezidenti Klaus İohannis ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Beləliklə də, o, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dnestryanı bölgənin “Rusiya işğalı zonası” adlandırıldığı bəyannaməsini şərh edib.
Öz növbəsində Rumıniya rəhbəri bildirib ki, Dnestryanı münaqişənin həlli Moldovanın Avropa yoluna xələl gətirməməlidir.

“AŞPA-nın qətnaməsi siyasi bəyanatdır. Lakin Dnestryanı problem Moldovanın problemidir. Məsələ suverenlik və ərazi bütövlüyünə hörmətlə, Moldovanın avropapərəst kursuna xələl gətirmədən beynəlxalq formatlar əsasında həll edilməlidir”, - İohannis vurğulayıb.

O, əmin edib ki, Rumıniya hakimiyyəti Moldovanın Avropa İttifaqına qəbulu üçün hər cür dəstəyi göstərəcək.

Bundan əvvəl Moldovanın xarici işlər naziri Nikolay Popesku bildirmişdi ki, AŞPA bəyannaməsi məsləhət xarakteri daşıyır və Kişinyovun Dnestryanı nizamlama üzrə danışıqlarda mövqeyinə təsir etməyəcək, Moldova isə Ukraynadakı münaqişədə neytral mövqe tutmağa davam edəcək.

Öz növbəsində Moldova parlamentinin vitse-spikeri Vlad Batrinça AŞPA bəyannaməsini respublikanı Ukraynadakı münaqişəyə cəlb etmək cəhdi adlandırıb və onun Kişinyovun rəyi nəzərə alınmadan qəbul edildiyini qeyd edib.
Tanınmamış respublika 1990-cı il sentyabrın 2-də əsasən rusdilli əhalinin yaşadığı Dnestr çayının sol sahilindəki Moldova ərazilərində yaradılıb. O zaman Moldova hakimiyyəti problemi güc yolu ilə həll etməyə çalışsa da, Rusiyanın müdaxiləsi buna imkan verməyib.

1992-ci ilin iyulunda Moskvada sülh yolu ilə nizamlanma haqqında saziş imzalanandan və Rusiya sülhməramlılarının münaqişə zonasına daxil olmasından sonra müharibəni dayandırmaq mümkün olub.
 
Dnestryanıda atıcı silahlarla silahlanmış 1,5 minə yaxın əsgər və zabitdən ibarət Rusiya Qoşunlarının Əməliyyat Qrupu yerləşir.

Moldova hökuməti Rusiya həbçilərinin bölgədən çıxarılmasında israrlıdır və mövcud sülhməramlı formatı mülki müşahidəçilər missiyası ilə əvəzləməyi təklif edir.

Tanınmamış “Dnestryanı respublikası” bunun qəti əleyhinədir, çünki onlar rus hərbçilərini sülhün qarantı hesab edirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də