Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Ermənistan "dəmir yumruğu" bir də dada bilər”

RegionTV.info
Rusiya hərbçiləri Ermənistanın nəzarətində olan Qazaxın Əskipara (Voskepar) kəndinə yerləşdirilib. Bu isə özlüyündə həm Azərbaycan, həm də Ermənistanda geniş müzakirələrə yol açıb. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədboyu ərazilərə rus qoşunlarının yerləşdirilməsi təklifi ilə bir müddət əvvəl çıxış etsə də, bu prosesin icrası, əsasən Laçın və Kəlbəcər istiqamətində nəzərdə tutulurdu.
 

Lakin bu gün biz düşmənin rus hərbçilərini 90-cı illərin əvvəllərində yeddi kəndi işğal edilən Qazax rayonu ilə sərhədə yerləşdirdiyini görürük. Hazırda belə bir ehtimal var ki, ruslar Qazaxın yeddi kəndini boşaldıb Azərbaycana təhvil vermək istəyirlər, məhz ona görə belə bir addım atılıb. Hətta erməni hərbi ekspertləri arasında da bu fikri səsləndirənlər var.
 
Erməni ekspertlər bunu 90-cı illərdə Ermənistan tərəfindən işğal edilmiş kəndlərin qaytarılmasına hazırlıq kimi qiymətləndirilib. Bəs Azərbaycan tərəf bunu necə dəyərləndirir? Bu, öncədən Azərbaycanla razılaşdırılıbmı?
 
Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, Ermənistanda hər hansı bir statusda Rusiya qoşunları müstəqilliklərinin ilk günlərindən olub: “Elə Ermənistan ərazisində Rusiyanın Qümrü hərbi bazasını götürək. Həmin baza illərdir ki, var, fəaliyyətdədir. Ermənsitandakı avantürist qüvvələr daim Rusiyanın oradakı hərbiçilərindən öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Bu istifadəçilik hər iki tərəfə faydalı olanda biz nələrin baş verdiyini görmüşük. Nəticə etibarı ilə Ermənistan qonşu dövlətin hərbi varlığından daha çox itirib, nəinki qazanıb.
 
44 günlük müharibədən sonra isə Ermənistandakı macəra axtaranlar sərt reallıqla üz-üzə qaldılar. Azərbaycan Ordusunun gücünü gördülər, güvəndikləri qüvvənin yaxasını kənar tutub regionu itirməmək üçün bir kənarda müşahidəçi statusunu seyr etməli oldular. Bu, çox önəmli məqamdır. Ermənistan üçtərəfli razılaşmanı həyata keçirməlidir və bu məsələdə Rusiya qarant rolunu təsdiq etməlidir.
 
Azərbaycan Ermənistan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi delimitasiya prosesinin vacibliyini bir daha labüd edir. Ermənistanda da anlayıblar ki, Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlamaqla nəyəsə nail olmayacaqlar. Qazaxın 7 kəndini boşaldıb bizə təhvil verməlidirlər. Hazırda kəndləri ruslara təhvil verməklə daxili auditoriyada narazılıq yaranmasının qarşısını alırlar. Belə ki, həmin torpaqları birbaşa boşaltsalar, Ermənistan ictimaiyyətində narazılıq  yarana bilər. Bu baxımdan kəndlərin ruslara təhvil verilməsi, gələcəkdə o kəndlərin bizə təhvil verilməsi məqsədi daşıyır. Mümkündür ki, bir müddət ruslar orada möhkəmlənə də bilərlər. Axır-əvvəl o ərazilər bizim torpaqlar olduğuna görə boşalmalıdır və bizə təhvil  verilməlidir".
 
Rövşən Məhərrəmov deyir ki, Ermənistan müstəqil dövlətdirsə, Rusiyanın hərbi bazalarını ərazisindən çıxarmalıdır: “Ermənsitan müstəqilliyindən bu yana daim Rusiya qoşunları ərazisində olub. Bu məqam Ermənistanın müstəqiliyini şübhə altına alır. Azərbaycan müstəqil siyasət yeridir, ərazilərinin işğaldan azad edilməsi üçün addımlar atıb. Rusiyanın Ermənistan ərazisində hərbi qüvvəsi olmasaydı, 2 milyon əhalisi olan Ermənistan 10 milyon əhalisi olan Azərbaycanla heç zaman qarşı-qarşıya gələ bilməzdi.
 
Artıq regionda vəziyyət dəyişib, bunu Rusiyada da, Ermənistanda da anlayan, sağlam düşüncəsi olan qüvvələr var. Amma reallıqlar da var. 30 il Ermənistanda beyinləri çürük ideyalarla zəhərləyiblər. “Dənizdən-dənizə” adlandırdıqları planları Ermənistanın özünü də dövlət olaraq məhvin astanasına gətirib. 44 günlük müharibə Ermənistanı silkələdi, 5 min nəfəri aşan ölü sayı, 15 min nəfərə çatan şikəst hərbçi işğalçılıq siyasətini siyasi səhnədən tamamilə süpürüb kənara atdı. Hesab edirəm ki, birbaşa Ermənistanla danışıqlar aparıb işğal olunmuş digər ərazilərin daha tez boşaldılmasına nail ola bilərik. Üçüncü dövlətin iştirakı olmadan bu məsələ daha tez həllini tapa bilərdi".
 
Hərbi ekspertin sözlərinə görə, 44 günlük müharibədən ötən 10 ay ərzində Qarabağda yerləşən sülhməramlılar öz üzərinə düşən vəzifələri hələ ki, yerinə yetirməyə tələsmirlər: “Belə ki, torpaqlarımızda hələ də sayı 5 mini aşan Ermənistan qoşununun varlığı haqda məlumatlar var. Kəlbəcər, Laçin, Zəngilan rayonlarının Ermənistanla sərhədində bir cox torpaqlarımız boşaldılmayıb. Bu isə üctərəfli müqavilənin yerinə yetirilməməsi deməkdir. Rusiya əraziyə gələrkən öz üzərinə öhdəlik olaraq  götürmüşdü ki, Qarabağ ərazisində hər hansı bir əli silahlı erməni, Ermənistan ordusunun hər hansı bir hissəsi qalmayacaq. Bu günə qədər Şuşanın kəndlərinin də boşaldılması öhdəliyi yerinə yetirilməyib. Bütün bunlar göstərir ki, Ermənistan ”dəmir yumruq"un dadına bir daha baxa bilər".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də