Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, bu, olduqca dərin və vacib mövzudur:
“İndi qış mövsümü olduğuna görə günlər qısalır, avtomobillərdə əlavə quraşdırılan işıqlardan istifadə edilir. Yüksək voltajlı işıqlar avtomobilə qoşulan zaman müəyyən prosedurlar həyata keçirilməlidir ki, standartlara uyğun olsun. Elektrik işləri görüləndə naqillərin təmasına xüsusi diqqət yetirilməlidir. Naqillər sadəcə burmaqla calanmamalıdır. Fəsadlar daha çox qış aylarında görünür. Vətəndaşlar yaxşı olar ki, standartlardan kənara çıxmasınlar. Beləcə nə avtomobillərdə yanma baş verməz, nə də qarşıdakılara narahatlıq yaranmaz. Ümumiyyətlə parametrlər nədirsə, dəyişikliklər ona uyğun edilməli, digər üsullara əl atılmamalıdır. Bu kimi halların qarşısını almaq və vətəndaşları çəkindirmək üçün cərimə tətbiqləri görülsə də, bu hər zaman işə yaramır”.
Müsahibimiz qeyd edib ki, indiki halda avtomobillərdə edilən bütün dəyişikliklər Dövlət Yol Polisi İdarəsinin icazəsi ilə həyata keçirilməlidir:
“Bu olmadığı halda nəqliyyat vasitəsi mütləq şəkildə cərimə meydançasına aparılır. Standarta uyğun olmayan, kustar şəkildə edilən dəyişikliklər aydın məsələdir ki, bu qeyri-qanunidir və texniki xidmət kitabçasında qeyd olunmur. Avtomobillərin yanacağının qazla əvəz edilməsi halları ilə nadirən də olsa qarşılaşmaq olur. Statistikaya baxsaq, 3-5%-dən çox belə hallara rast gəlmərik. Biz həmin kütləyə müraciət edərək bildirmək istəyirik ki, bu addımı atmasınlar. Qonşu Rusiyada Dağıstan ərazisində bu səbəbdən hər il yanğınlar, partlayışlar olur. İnsanların yanacağa qənaət etmək üçün belə addım atması doğru deyil. Avtomobillərdəki dəyişikliklərin standarta uyğun şəkildə edilməsi zamanı isə heç bir problem müşahidə olunmur. Çünki oradan çəkilən borulardan tutmuş, quraşdırılan qaz balonuna qədər tam şəkildə standartlara cavab verir. Həmin hissələr elə materialdan hazırlanmalıdır ki, partladığı halda kimisə zədələməsin”.