Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərini başqa qadınla tutan, şüşə gözlə yaşayan Xalq artistimizin DƏHŞƏTLİ AİLƏ DRAMI

RegionTV.info  Xalq artisti, böyük sənətkar Barat Şəkinskaya haqqında maraqlı faktları təqdim edir.
Barat Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəy ailəsində anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi ilə birgə Gəncəyə köçüb. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib.
Teatr klubunun direktoru Mir İbrahim Həmzəyev ona aşiq olur. Anası Ağca xanımın bütün etirazlarına baxmayaraq Barat rejissorla evlənir. Daha doğrusu qoşulub qaçırlar. Bu evlilikdən onların bir qızı dünyaya gəlir. Amma ailə həyatının ömrü cəmi iki il çəkir. Çünki bir gün Barat xanım qucağında körpə Solmazla yay teatrına gələrkən ərini skamyada bir qadınla görür. Barat Şəkinskaya ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur. Bu nikahdan isə onların Rövşanə adlı bir qızı doğulur. Onun doğulması isə qəribə olur. 1937-ci ildə "Romeo və Cülyetta" faciəsinin ilk tamaşası 11 yanvar 1937-ci ildə göstərilib. Həmin ərəfədə Barat xanım hamilə olur. Tamaşa zamanı Cülyettanın anası sinyora Kapuletti (Qəmər Topuriya) ağlaya-ağlaya yerə uzanmış Cülyettanı qucaqlayır. Barat xanım güclə ona pıçıldayır ki, möhkəm sancılanmışam, elə et tamaşaçılar sifətimi görməsinlər. Qəmər xanım rolda ağlaya-ağlaya plaşını çıxarıb onun üstünə salır. Yanında fənər tutanlardan birinə yavaşca deyir ki, səhnədən çıx, oradakılara de, təcili maşın hazırlasınlar, Baratın halı pisdir, xəstəxanaya aparmaq lazımdır. Hərənin bir tərəfə qaçışdığı, hay-küy qopduğu epizodda fənər tutan aktyorun səhnədən çıxması təbii hal kimi qəbul olunur. Tamaşa qurtarır. Gurultulu alqışlar qopur. Barat xanım yıxılmasın deyə Ülvi Rəcəb və Qəmər xanım hərəsi onun bir qolundan yapışır. Nəhayət, pərdə axırıncı dəfə bağlanır. Barat xanımı xəstəxanaya aparırlar. İyunun 29-u səhər saat 7-də Barat xanımın qızı olur. Aktrisanın üçüncü evliliyi isə teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən oğlu Elçin Məmmədov dünyaya gəlir. Rəssam və kino aktyoru olan Elçin "Dədə Qorqud" filmində Qaraca Çoban, "7 oğul istərəm" filmində Mirpaşa rolları ilə məşhurlaşır. Barat xanım Mehdi Məmmədovun yolları isə ərinin xəyanəti üzündən ayrılır. Mehdi Məmmədov aktrisa Şəfiqə Məmmədova ilə ailə qursa da, bu Barat xanımın sonuncu evliliyi olur. Barat xanım xeyli mərhəmətli insan olub. O, bir dəfə şəhid anası ilə tanış olur. Öyrənir ki, qadının evi yoxdur. Deyir, mən mütləq sənə kömək eləyəcəm, tez bir vaxtda təzə evə köçəcəksən, elə şey olar ki, şəhid anasının özünün ev-eşiyi olmasın? Dediyi kimi də edir. Dövlət rəsmilərindən biri ilə zəngləşəndən sonra həmin qadına ev verilir. Barat xanım ömrü boyu nə xan nəslindən olmağını gizlədib, nə də ailəsinin o biri üzvləri kimi anasının soyadına keçib. Onun əsli Qarabağ xanı İbrahim xanın şəcərəsinə bağlıdır. Ana babası Həbib xan isə Sisyan bölgəsinin Şəki mahalındandı. Sovet hökuməti qurulanda babası Arazın o tayına köçüb. Amma bəxti gətirdiyindən bu faktlar əsasında ona heç bir irad tutulmayıb. Hətta 23 yaşı olanda əməkdar artist, 35 yaşında isə Xalq artisti fəxri adına layiq görülüb. Mircəfər Bağırov bir aktrisa kimi onu çox yüksək qiymətləndirib. Bütün premyeralarına gəlib. Aktrisa "O olmasın, bu olsun", "Görüş", "Qızmar günəş altında" kimi məşhur filmlərə çəkilib. Ona ən çox uğur gətirən film isə "O olmasın, bu olsun" filminədki qulluqçu Sənəm obrazı olub. Həmin filmin çəkilişləri zamanı Rüstəm bəy rolunu ifa edən Ağasadıq Gəraybəyli masanın üzərindəki stəkanı masaya çırpanda stəkanın qırıqları ətrafa səpələnir. Çəkiliş zamanı baş verən bu hadisədə şüşə qırıqları Barat xanımın əlini kəsir. Çəkilişdən sonra ona təcili yardım çağırılır. Aktrisanın səhnədən getməsinin səbəbi də sənətə olan hörməti olub. Belə ki, 70-ci illərdə artıq yaşlandığını hiss edən aktrisa səhnəni tərk etməli olduğunu bilib və bu reallığı belə ifadə edib: Bir gün məşqdə idim. Məşq gedirdi. Bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı". Barat xanım ömrünün son illərində təsadüf nəticəsində bir gözünün nurunu itirir. Qızı Solmaz xanım müsahibələrinin birində bu haqda belə deyir: "Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim. Ya da deyirdi ki, bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi". Aktrisa 1999-cu ildə dünyasını dəyişir. Onun ölümündən iki il sonra isə oğlu Elçin Məmmədov 54 yaşında ürək tutmasından vəfat edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də