Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şabalıdın meyvəsi qidalı, yarpaqlarının dəmləməsi isə çox şəfalıdır

RegionTV.info Şabalıd ağacı əkiləndən 20-25 il sonra məhsul verir. Yüksək məhsuldarlığı isə iki-üç ildən bir olur. Ömrü 100-150 il olsa da, min illik şabalıd ağacları da var.
Dadlı və qidalı meyvəsinə, yüksək keyfiyyətli oduncağına görə böyük əhəmiyyət kəsb edən şabalıd qiymətli meyvə bitkisi olmaqla yanaşı, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əvəzolunmaz vasitədir.
Keyfiyyətli şabalıd parlaq, tünd qəhvəyi rəngdə, çəkisi ağır və qabığı bərk olur. Tərkibinin 40-50 faizi sudan ibarət olduğuna görə düzgün saxlanmadığı təqdirdə tez xarab olur. Onu 4-5 gün ərzində kətan torbalarda, uzun müddət isə donduraraq saxlamaq mümkündür.
Şabalıd veqanlar üçün əla qida hesab olunur. Onun tərkibindəki yağın miqdarı qoz, fındıq, fıstıq və badamdan fərqli olaraq daha aşağıdır. Buna baxmayaraq daxilində nişastanın miqdarı 62, şəkər 17, zülal 6 faiz təşkil edir. Elə nişastanın çoxluğuna görə onu diabetdən əziyyət çəkənlərin çox yeməsi tövsiyə edilmir.
100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbohidrat var. Elə həmin xüsusiyyətinə görə də şabalıd toxluq hissi verir. Həm də bu baxımdan 3 ədəd qovrulmuş şabalıd bir dilim çörəyə bərabər hesab olunur. Təzə meyvələrinin ləpəsi qan damarlarının varikoz genişlənməsi, kəskin ağrılı və xroniki tromboflebit, baldırlarda trofik yaralar, artrit, ateroskleroz, xırda qan damarlarının tromboemboliyası zamanı faydalıdır.
Quru meyvə həlimi və yarpaq dəmləməsindən yuxarı nəfəs yolları xəstəliyi, təzə yarpaq dəmləməsi isə göyöskürək zamanı istifadə edilir. Qurudulmuş çiçəklərin spirt məhlulu xroniki dizenteriya və sidik kisəsinin iltihabı zamanı tətbiq olunur.
Onu çiy halda qəbul etmək tövsiyə olunmur, çünki çiy halda mədəyə ağırlıq verir. Meyvəsi əzələləri qüvvətləndirir, fiziki və zehni yorğunluğu aradan qaldırır. Şabalıd qanı duruldur və tromblaşmanın qarşısını alır. Tərkibində olan kalium elementi sayəsində ürək əzələsini tonusda saxlayır. Orqanizmi artıq maye və duzlardan azad edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də