Şəki Apelyasiya Məhkəməsində Cəfərov Fuad Tahir oğlunun cavabdeh “AZGRANATA” MMC-yə qarşı işə bərpa olunması tələbinə dair iddiası üzrə Ağsu Rayon Məhkəməsinin çıxardığı qərardan verilən apelyasiya şikayətinə baxılıb.
Bu barədə RegionTV.info-ya “AZGRANATA” MMC-nin Hüquq şöbəsinin müdiri, məhkəmədə şirkətin nümayəndəsi qismində çıxış edən Elşad Şirinov məlumat verib.
O bildirib ki, şirkətin Satış Departamentində satış təmsilçisi vəzifəsində çalışmış F. Cəfərov Ağsu Rayon Məhkəməsində müraciət edərək işə bərpa olunması və bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini tələb edib. Məhkəmə isə bu qanunsuz iddianı təmin edib.
"Əslində məhkəmə işi doğru araşdırmayıb. Belə ki, Cəfərov Fuad Tahir oğlu 20 avqust 2020-ci il tarixdə “AZGRANATA” MMC-nin sabiq idarə Heyəti Sədri Vüqar Mikayılovun adına işdən azad olunmasına dair könüllü şəkildə ərizə ilə müraciət edərək işdən azad olunmasını xahiş etmişdir. O, işdən azad olunmasına dair ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi üçün ərizəni təqdim etdiyi gün yəni 20.08.2020-ci il tarix müraciətin təqdim edildiyi gün kimi qəbul edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olaraq xəbərdarlıq müddəti (bir ay təqvim günün) bitdikdən sonra qanunla müəyyən edilmiş əsasla əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı ərizəsində cavabdeh tərəfindən ona təzyiqlər edilərək iradəsi əleyhinə ondan əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə alındığını, 24.09.2020-ci il tarixli, 542/20 nömrəli əmrin ləğv olunaraq onun “AZGRANATA” MMC-nin Satış Departamentinə satış təmsilçisi vəzifəsinə işə bərpa olunmasını və məcburi buraxılmış iş günlərinin ödənilməsinə dair ödəməsinə dair əsassız tələblər irəli sürmüşdür. İddiaçı, öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamış və məhkəmə prosesləri zamanı məhkəməyə təqdim etməmişdir. Əksinə, ziddiyyətli izahatlar vermişdir. İddiaçı F.Cəfərov işdən azad olunmasına dair ərizəni “20.09.2020-ci il tarixdə” yazdığını və Cəmiyyətin İnsan Resursları şöbəsinin müdiri vəzifəsini icra edən Şəhriyar Əliyarlı tərəfindən işdən azad olunmasına dair əmrin imzalanmasını əsas götürərək əsassız iddia tələbi irəli sürmüşdür.
F.Cəfərov işdən azad olunmasına dair ərizəsini 20.08.2020-ci il tarixdə Cəmiyyətin sabiq İdarə Heyəti Sədri Vüqar Mikayılovun adına ərizə ilə müraciət etməsi, iddiaçı tərəfindən qeyd olunan “20.09.2020-ci il tarixdə” işdən azad olunmasına dair ərizə ilə müraciət etməsi iddiasının heç bir hüquqi əsası yoxdur. Buna səbəb iddiaçı F.Cəfərovun işdən azad olunmasına dair imzaladığı ərizə 20.08.2020-ci il tarixdə Cəmiyyətin İnsan Resursları şöbəsinin müdiri vəzifəsini icra edən Şəhriyar Əliyarlıya təqdim olunmuşdur və həmin ərizə Cəmiyyətin sabiq İdarə Heyəti Sədri Vüqar Mikayılov tərəfindən qəbul edilmişdir. F.Cəfərovun işdən azad olunmasına dair əmr 24.09.2020-ci il tarixdə “AZGRANATA” MMC-nin İdarə Heyəti Sədri Şaiq Mirzəyev tərəfindən imzalanmaqla təsdiq edilmişdir. 08.09.2020-ci il tarixdə təsisçi tərəfindən “AZGRANATA” MMC-nin İdarə Heyəti Sədri vəzifəsinə Şaiq Mirzəyev təyin olunmuşdur və iddiaçının irəli sürdüyü iddiada “20.09.2020-ci il tarixdə” yazmış olduğu işdən azad olunma barədə ərizəni Cəmiyyətin sabiq İdarə Heyəti Sədri Vüqar Mikayılovun adına yazması və öz imzası ilə təsdiq etməsi bir daha həmin iddianın əsassız olmasını təsdiq edən bir faktdır. Çünki əgər iddaçı qeyd etdiyi tarixdə, yəni “20.09.2020-ci il tarixdə” işdən azad olunma barədə ərizə ilə müraciət etsəydi, həmin ərizədə “AZGRANATA” MMC-nin İdarə Heyəti Sədri Şaiq Mirzəyevin adına yazılmış olardı".
E.Şirinov bildirib ki, məhkəmə prosesi zamanı verdiyi izahatların məhkəmə iclas protokolunda tamlıqla qeyd olunmaması iddiaçinin xeyrinə qətnamə qəbul edilməsi ilə nəticələnib: "Bu baxımdan Ağsu Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi kimi qiymətləndirirəm".
E.Şirinov qeyd edib ki, bu səbəblə qərardan Şəki Apelyasiya Məhlkəməsinə şikayət verilsə də, faydası olmayıb və prosesə sədrlik edən hakim qanunu rəhbər tutmaq əvəzinə, maraqlı arqument gətirib: "Proses mayın 20-də baş tutdu. Sədrlik edən hakim İmamverdi Şükürovdur. Hakim bildirdi ki, pandemiya dövründə işçi niyə ərizə yazsın? Cavab olaraq, bildirdim ki, işçi müstəqil fikrə sahibdir, istədiyi vaxt ərizə yazıb işdən azad oluna bilər. Hətta işçi dediyinə görə, başqa bir şirkətdə işə düzəlib. Sonra qeyri-ciddi işçi olduğu üçün işdən azad olunub. İşçinin işdən azad olunması tam qanuni formada olması, işçi ilə son haqq-hesab olunması da tərəfimizdən icra olunmuşdur. Sonra hakim bildirdi ki, "AZGRANATA" böyük şirkətdir və işçini yola versəydi, bu cür hallar baş verməzdi. Daha sonra aramızda olan çəkişmənin kassasiya şikayəti formasında araşdırılacağını bildirdi. Bir sözlə, məhkəmə birinci instansiya məhkəməsinin qərarını dəyişmədən qüvvədə saxladı. Hesab edirəm ki, bu cür absurd qərar çıxaran hakim ölkədə aparılan məhkəmə-hüquq islahatlarına xələl gətirməklə yanaşı, sahibkarlığın inkişafına da maneə yaradır".
Xəbəri paylaş