Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keyfiyyətsiz məhsullarla insanlarımızı zəhərləyən "Veysəloğlu" şirkətinin arxasında kim dayanır?!

"RegionTV.info"
İstehlak bazarında keyfiyyətsiz mallarla insan orqanizminə zərər vuran şirkətlər sırasında ən çox adı hallanan“Veysəloğlu” şirkətidir ki, hələ bir neçə il öncədən uşaq qidaları ilə bağlı çox ciddi problemlə üzləşmişdi. Lakin bu problem o zaman ört - basır olunsa da şirkət hələ də öz ampulasında davam edir. Bu şirkətlər qrupunun Azərbaycana insan orqanizmi üçün zərərli, qeyri-standart ərzaq məhsulları idxal etməsi və satması dəfələrlə sübuta yetirilsə də rəsmi qurumlarından  xəbərdarlıq almasına baxmayaraq “Veysəloğlu” MMC yenə də öz qanunsuz əməllərini davam etdirir. Adıçəkilən kommersiya qurumu satışa çıxartdığı məhsulların keyfiyyətsiz, yəni dəyərsiz olması bir yana, onu baha qiymətə alıcılara sırımağa çalışır. Bu barədə mətbuatda, ictimai təşkilatların və səlahiyyətli dövlət orqanlarının açıqlamalarında kifayət qədər faktlar göstərilib.

Bütün bunlara baxmayaraq  “Veysəloğlu” şirkəti insanlarımızı yararsız qidalarla zəhərləməkdə davam edir. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Azərbaycan Respublikası Dövlət Qida Təhlükəzisliyi Agentliyinin veb saytında yerləşdirilmiş qanun pozuntuları bağlı məlumatlara diqqət yetirməklə deyilənləri aydın görmək olar. Son 10 ayda “Veysəloğlu” MMC-nin adı iki dəfə AQTA-nın hesbatına “qara hərflər”lə düşüb. AQTA əməkdaşları 2020-ci il iyunun 22-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 97 ictimai iaşə obyekti, 221 ərzaq satışı mağazası olmaqla ümumilikdə 318 müəssisədə reyd keçirib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinin yoxlanılması məqsədi daşıyıb. Reyd keçirilən obyektlərdən 186-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Qanunsuz ərzaq satışı ilə məşğul olan ticarət obyektləri sırasında “Veysəloğlu” MMC-yə aid olan və holdinqin keyfiyyətsiz məhsullarını satan marketlər də olub. Bunların arasında Bakı şəhəri üzrə birbaşa “Veysəloğlu Holdinq”in tərkibinə daxil olan, Səbail rayonunda yerləşən“Spar” market, Bərdə rayonunda “Veysəloğlu” marketin də adları var. Qida Təhlükəsiliyi Agentliyi həmin müəssissələr barəsində qanunvericiliyin tələbi çərçivəsində inzibati tədbirlər görüldüyünü bildirib. Buna baxmayaraq, “Veysəloğlu” şirkəti əməllərini təkrar edib və heç bir ili tamam olmamış yenidən insan orqanizmi üçün təhlükəli məhsulları satışa çıxartmağa çalışıb. Qeyd etdiyimiz kimi, aparılan müayinələr nəticəsində 300 kq toyuqda patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Salmonella bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər patologiyaların əmələ gəlməsinə səbəb ola bilir. Salmonellaların bütün növləri mədə-bağırsaq narahatçılıqlarına, qusma, ishal, temperaturun yüksəlməsinə, spesifik infeksiyaların əmələ gəlməsinə səbəb olur. Bu infeksiya orqanizmə ətdən, ev quşlarından, yumurtadan, süddən, pendirdən keçir. Temperaturun yüksəlməsi salmonella infeksiyası qana keçdikdə baş verir. Bəzən salmonella infeksiyası bağırsaqda deyil, digər orqanlarda da patologiya törədə bilir. Məsələn, bakteriyalar ürək klapanlarına, onurğa beyin maddəsinə, ağciyərlərə, sidik yollarına, əzələ və digər orqanlara daxil ola bilir. Hətta onkoloji xəstələrdə salmonella bakteriyası şiş toxumasına daxil olur və onun infeksiyalaşmasına səbəb ola bilir. Əgər bir gün orqanizminizdə salmonella infeksiyası aşkar olunarsa, bu təhlükəli virusa yoluxmağınızda “Veysəloğlu” şirkətinin də rolunun olduğunu düşünün. Bütün bunlar isə “Veysəloğlu” MMC-nin öz gəliri naminə minlərlə insanın həyatını təhlükə altına atdığını təsdiq edir.

AQTA “Veysəloğlu” MMC-nin satışa çıxartdığı keyfiyyətsiz ərzaqlara görə, qanunvericiliyin tələblərinə uyğun tədbir görüldüyünü bildirirsə də bu tədbirin nədən ibarət olacağı ilə bağlı dəqiq açılama vermir. Əgər şirkətin rəhbərliyi kommersiya maraqlarına zərbə vuracaq qədər yüksək məbləğdə cərimə olunsa və ya hüquqi məsuliyyətə cəlb edilsə idi, yəqin ki, bu özbaşınalığa bir daha yol verməzdi. Çünki bu hallarda AQTA əsasən zay məhsulu dövriyyədən çıxartmaqla işini bitmiş hesab edir. Halbuki, Cinayət Məcəlləsinə görə, bu cür əməllər iqtisadi cinayət hesab olunur. Belə dələduzluğa təkrar yol verənləri isə daha ağır cəzalar gözləyir. Qeyd edək ki, bu kimi əməllərə görə Azərbaycan Cinayət Məcəlləsində konkret hüquqi məsuliyyət müəyyən olunub. Cinayət Məcəlləsinin 200-cü maddəsi istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, 200.1-ci maddəsi isə istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaya görə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə (maddə 200.2.1.) beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 200.3 maddəsinə əsasən bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ancaq indiyə qədər göstərilən cəza tədbirlərinin “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyində təmsil olunan şəxslərdən hər hansı birinə tətbiq olunması barədə məlumata rast gəlinməyib. Ona görə də istehlak bazarında adıçəkilən holdinqə məxsus keyfiyyətsiz məhsulların sayı artırmaqda davam edir. Sözügedən holdinq Azərbaycanda daha çox istehsal xərcləri xeyli ucuz başa gələn, keyfiyyətə nəzarət şöbəsi olmayan müəssisələrin məhsullarını satmaqla məşğul olan kommersiya qurumu kimi tanınır.

“Veysəloğlu” MMC-nin rəhbəri Aydın Talıbovun kimə güvəndiyi isə dəqiq məlum deyil. Bu holdinqin getdikcə böyüməsi də müştərilərin və əməkdaş şirkətlərin aldadılması hesabına baş verir. 1994-cü ildə satış və disribütor şirkəti kimi fəaliyyətə başlayan “Veysəloğlu” hazırda istehlak bazarında ən böyük inhisarçılardan birinə çevrilib. Holdinqin tərkibinə “Veysəloğlu” MMC, “Araz” Supermarketlər Şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “Oba” Marketlər Şəbəkəsi, “Spar” marketləri, “Xonça” Şirniyyat Evi, “Vesta” MMC, VG (Veysəloğlu Gürcüstan) şirkəti , “AVT Logistics” xidmət şirkəti, “Entrée” kafeləri və s. daxildir. “Veysəloğlu” MMC-nin rəhbərliyi bir müddət öncə “Fresco” Supermarketi də almaq istəyib. “Fresco”nun rəhbəliyi isə 18 milyon manat borcunun olduğunu bildirərək “Veysəoğlu”ya həmin məbləği ödəməyi təklif edib. Lakin sonra borcun 28 milyon manat olduğu üzə çıxıb və Aydın Talıbov supermarketi almaqdan imtina edib. Buna baxmayaraq, “Veysəloğlu” holdinq “Favorit” marketlər şəbəkəsini almağa nail olub.

“Veysəloğlu” artıq qeyri-ərzaq məhsullarının da idxalı və satışı ilə məşğul olur. “Veysəloğlu” ölkədə fəaliyyət göstərən idxalçı və tədarükçü şirkətlərdən biridir. Marketlər bir çox məhsulları bu şirkətdən alır. Yararsız mallarla  istehlak bazarını zəbt edən şirkət  millətini zəhərləmək, aldatmaq hesabına pul qazanmaqla məşğuldur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də