Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avropanı cənginə alan ölümcül "Boris" fırtınası  - Təbii fəlakət nə qədər TƏHLÜKƏLİDİR?

Avropanı cənginə alan ölümcül "Boris" fırtınası - Təbii fəlakət nə qədər TƏHLÜKƏLİDİR?

Dünya

 
20 Sentyabr 2024, 11:30

Mərkəzi Avropada azı 24 nəfərin həyatına son qoyan "Boris" fırtınası İtaliyaya çatıb. İtaliyanın şimalında güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub, təxminən 1000 insan evlərindən təxliyə edilib. Səlahiyyətlilər fövqəladə vəziyyət elan edib. Bu fırtına nə qədər təhlükəlidir? Təbii fəlakətin yaratdığı iqtisadi zərərin miqyası nə dərəcədədir? 

 

Modern.az dünya mətbuatının səhifələrində bu suallara cavab axtarıb.

 

Qeyd olunduğu kimi, Mərkəzi Avropanı cənginə alan “Boris” fırtınası artıq İtaliyaya çatıb və fırtına Şimali İtaliyanın Emiliya-Romanya bölgəsində böyük dağıntılara səbəb olub. Min nəfərə yaxın insan evlərindən təxliyə edilib.

 

Güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Ərazidə məktəblər bağlanıb. Qatarların hərəkəti pozulur. Sürüşmə səbəbindən bəzi yollar qapanıb. Xilasetmə xidməti 500-dən çox xilasetmə əməliyyatı həyata keçirib. "Biz tam fövqəladə vəziyyətlə üzləşirik", - Ravenna meri Mişel De Paskal deyib. Məlumata görə, sel sularında qalanlar helikopterlərlə təxliyə edilib.

 

 

Bölgədə 2023-cü ilin mayında da böyük daşqın baş verib. Həmin fəlakətdə 17 nəfər həyatını itirib, 8,5 milyard avro ziyan dəyib. Faenza sakini deyib: “Mənim evim yenidən dağılıb. Ayıbdır, siyasətçilər heç nə etmir”. “Boris” fırtınası İtaliyaya çatmamış Mərkəzi və Şərqi Avropaya təsir edib. Çexiyada 5, Rumıniyada 7, Polşada 7, Avstriyada 5 nəfər ölüb. Ümumi itki 24-ə yüksəlib.


Bir çox heyvanlar da fəlakətdən zərər çəkib. Təbii fəlakət nəticəsində çoxlu heyvan zərər görüb. Polşanın üçüncü böyük şəhəri Vroslavda daşqın riski davam edir. Baş nazir Donald Tuskun sözlərinə görə, Vroslavdakı daşqının bitdiyini söyləmək hələ tezdir.


Macarıstanda da ehtiyat tədbirləri görülür. Baş nazir Viktor Orban "Biz ölkəni bu seldən uğurla müdafiə edəcəyik", - deyə bildirib. Paytaxt Budapeştdə Dunay çayının pik həddinə sentyabrın 21-i şənbə günü çatacağı gözlənilir.

 

 

İqlim böhranı xəbərdarlığı

 

Alimlər vurğulayırlar ki, iqlim böhranı həddindən artıq yağış və daşqın hadisələrini daha tez-tez və şiddətli edir. Avropa İttifaqının Böhranların İdarə Edilməsi üzrə komissarı Janez Lenarçiç deyib: “Bu faciə anomaliya deyil. Fəlakətlər gələcəyin normasına çevrilir".

 

İtaliya hökuməti hadisədən sonra sərt tənqidlərlə üzləşib. İtaliyadakı Yaşıllar və Sollar Alyansının lideri Angelo Bonelli baş nazir Corciya Melonini iqlim böhranı ilə mübarizə strategiyasını açıqlamağa çağırıb: "İqlim böhranı ilə üzləşmək üçün heç bir iradə yoxdur".

 

Meloninin partiyasından olan deputat Alice Buonguerrieri bölgə rəhbərliyini günahlandırıb. O, daşqınla mübarizə üçün ayrılan 130 milyon avronun yalnız 49 milyonunun xərcləndiyini iddia edib.

 

Modern Təhlil və Araşdırma Qrupu


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də