Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndinə hücuma hazırlaşırdıq, əmr gəldi ki, atəşi saxlayın, düşmən təslim oldu" - FOTOLAR



Vətən müharibəsində düşməni vahiməyə salan hərbçilərimizdən biri də “Paşa” ləqəbli döyüçümüz, MAXE Allahşükür Qasımovdur. A.Qasımov hələ döyüşdə olarkən onun şəkilləri sosial şəbəkədə yayılaraq dillər əzbəri olmuşdu. 

Moderator.az-ın əməkdaşı məşhur döyüşçümüzlə görüşmək üçün Cəlilabadın Sərhədabad kəndinə yollanıb. Onunla söhbəti təqdim edirik.

Paşayla telefonda danışıb gələcəyimizi dəqiqləşdirdikdən sonra Cəlilabadın Sərhədabad kəndinə yollandıq. Kəndin girişində Paşanın evini tapmaq elə də çətin olmadı, hamı onu tanıyır. Elə sakinlər bizə Paşanın evini göstərdilər. Bizi qapıda Paşa və atası Hacı Simran qarşıladı. Atasıyla söhbətimiz zamanı məlum oldu ki, Allahşükürün adını əvvəl atası Paşa qoyub, amma babası deyib ki, Allahşükür olsun. Bununla da ona rəsmi sənəddə Allahşükür, dildə isə Paşa deyiblər. Paşa döyüş yolunu bizə bu cür nəql etməyə başladı:

“2017-ci ildən Silahlı Qüvvələrimizdə MAXE kimi xidmət edirəm. Buna qədər 2009-cu ildə hərbi xidmətdən tərxis olunandan sonra mühafizəçi işləmişəm. Biz döyüşə əvvəldən hazırlaşırdıq. Amma bir həftə öncə daha ciddi hazırlığa başladıq. Könüllülər də bizə qoşuldu və təlimlərə cəlb olunduq. Sentyabrın 26-da isə döyüş üçün tam təmin olunduq və 27 sentyabrda bizə həyəcan siqnalı verib qaldırdılar. Cəbhəyə yola düşdük və yol boyu Azərbaycan xalqı bizi alqışlarla yola salırdı. Horadiz qəsəbəsinə gəldik və  düşmən biz olduğumuz əraziyə 120-lik minaatandan 3-4 dəfə atdı. Qəlpə dəyməsi nəticəsində 3 şəhidimiz oldu və bir çox əsgər yoldaşlarımız isə yaralandı. Həmin axşamı isə biz Füzuli rayonu istiqamətində döyüşlərə başladıq. Düşmənin əvvəlcə qarşımızda şahmat şəkilində postları var idi, onları keçdik və daha sonra bunkerlərinə çıxdıq. Bunkerlərin yanında gözlədik və səhəri gün artilleriyamız bizə dəstək verdi və hücuma keçdik. Düşmən həmin istiqamətdə çox möhkəmləndiyi üçün oranı keçə bilmədik. Düşmənin bunkerlərini dağıtmaq olmurdu, çox möhkəm tikmişdilər. Oranı çox çətinliklə dağıdırdıq. Gecə vaxtı hücuma keçdiyimiz üçün düşmən fişəng atıb ərazini işıqlandırırdı.

Daha sonra Füzulinin Gecəgözlüm kəndi istiqamətində hücuma keçdik və bir neçə gün orda döyüşdük. Hətta orda ermənilər bizə hücuma da cəhd etdilər. Müşahidə etdik və gördük ki, düşmənin beş və daha sonra yeddi hərbçisi təxribata cəhd edir. Gözlədik bizə yaxınlaşan kimi onları yerində zərərsizləşdirdik. Səhəri gün düşmənin 400-500 hərbçisi bizə üç istiqamətdən hücuma keçdilər və onların da qarşısını aldıq. Daha sonra biz əks-hücuma keçdik və düşmən silah və texnikalarını qoyub qaçdı. Daha sonra Xocavəndin Zolağlı kəndi istiqamətində döyüşdə olduq. Döyüşlərdə çox qəhrəman oğullarımız şəhid oldular. Düşmən daha çox artilleriyadan və 120-lik minaatandan istifadə edirdi. Ermənilər minaatandan ən çox Füzuli istiqamətində istifadə etdi.   

Paşa düşməni lərzəyə salmasından da danışıb və həmişə əsgərlərimizə dəstək olduğunu bildirib:

“Komandanlıq məni əsgərlərimizdə ruh yüksəkliyi yaradan əsgər kimi döyüşlərə cəlb etmişdi. Döyüşlərdə harda hücum olurdusa, irəlidə mən gedirdim ki, qoy yoldaşlarımda da həvəs yaransın. Mən həqiqətən də çox həvəslə döyüşürdüm. Fikirləşirdim ki, əcəlimiz bircə erməni gülləsi ilə yazılmayıb axı, Allah özü bilən məsləhətdir. İlk dəfə hücuma keçəndə şumluq əraziylə qaçırdım və düşmən məni atəşə tutdu və onda bir mövqe tapıb özümü qorudum. Amma iki əsgərimizi düşmən vurdu və onlar şəhid oldular. Döyüşdə bu cür təhlükələr çox olub. Həmin vaxt yarım saat batalyonda ayrı tək qaldım və bir az da darıxdım. Daha sonra batalyon gəldi və biz yenidən döyüşə başladıq”.

Paşa bundan sonra Şuşa istiqamətində döyüşlərə başladıqlarını bildirib:

“Biz Şuşa istiqamətində  yola düşdük və gəlib Sığınaqçı kəndinə çıxdıq. Ordan da Daşaltı kəndinin üstünə çıxdıq. Biz Daşaltı kəndi istiqamətində döyüşlərə başladıq. Ora getdiyimizdən düşmən xəbərsiz idi, biz ora kəşfiyyat cığırı ilə getmişdik. Daşaltıdan sonra Şuşanın girişinə gəldik. Düşmən isə Laçın rayonu istiqamətindən güclü artilleriya atəşi açırdı. Şuşada çox güclü döyüşümüz oldu. Xüsusi Təyinatlılarımız şəhərin içində idi, biz isə girişlərdə dayanmışdıq ki, ərazilər boş qalmasın. Şuşanın içində çox güclü döyüşlər getdi. Noyabrın 9-da Şuşanı düşməndən təmizləmişdik. Planımız o idi ki, Xankəndinə hücuma keçək. Artıq hücum üçün hazırlaşmışdıq və noyabrın 10-da tezdən xəbər verildi ki, atəşi saxlayın, düşmən təslim oldu”.

Döyüşçümüz sosial şəbəkələrdə məşhurlaşmasını bizə bu cür nəql etdi:

“Mənim telefonum döyüşdə işləmədi və onu atdım. Daha sonra döyüşçü yoldaşlarımın telefonu ilə şəkil çəkdirib dostlarıma göndərirdim. Deyirdim ki, döyüşdən sonra şəkillərimi onlardan götürərəm. İstəyirdim müharibədən yadigar qalsın. Döyüşdən qayıdandan sonra gördüm ki, sosial şəbəkələrdə şəkillərim yayılıb, hamı məndən danışır. (Gülür) İnsanlar Paşa ləqəbi ilə haqqımda paylaşımlar edirdilər. 


Vasif Əlihüseyn

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də