Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2024-ün ən uğurlu azərbaycanlı gəncləri - ADLAR

2024-ün ən uğurlu azərbaycanlı gəncləri - ADLAR

2024-cü ili Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr məzunu, Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva İngiltərənin nüfuzlu universitetlərindən olan “Warwick Business School”un magistr pilləsini uğurla başa vurması ilə başladı. O, Elm və Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bu ali təhsil müəssəsinə qəbul olunmuşdu.



Hər il 2 fevral Gənclər günü münasibətilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident mükafatları verilir. 


2024-cü ildə müxtəlif sahələrdə seçilən 10 gənc sərəncama əsasən, Prezident mükafatına layiq görülüb. Fizika, biloqlogiya, mədəniyyət, jurnalistika və digər sahələrdə uğurları, həmçinin innovativ fəaliyyətlərinə görə aşağıdakı gənclər sözügedən mükafata layiq görülüblər. 
 

Abdullayeva Gülnar Rizvan qızı
Ağamirova Rəvanə Seymur qızı
Ağazadə Taryel İsa oğlu
Allahverdiyev Ayxan Elman oğlu
Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı
Məhərrəmova Zərifə Hüseyn qızı
Məmmədov Ulucay Akif oğlu
Məmmədova Dinara Bəxtiyar qızı
Məmmədova Fatimə Nizami qızı
Mirələmli Pərviz Atamalı oğlu.


2024-cü il həm də azərbaycanlı qızların təhsil səviyyəsində ciddi irəlləyişi, dünyanın nüfuzlu universitetlərinə qəbul olunması ilə də yadda qaldı. 
 


Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, London Universitet Kollecində təhsil alan Fidan Hüseynova bu il dünya universitetlərinin reytinq lideri olan ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub. O, Gəncədə oxuduğu dövrdə informatika üzrə respublika fənn olimpiadalarında 4 dəfə qızıl medal qazanıb. İştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.
 

Bakı şəhər 279 saylı məktəbin şagirdi Qəndab Məmmədova dünya reytinqinin lideri - ABŞ-ın Harvard Universitetinin bakalavr pilləsinə qəbul olunub. O bu universitetdə astrofizika sahəsi üzrə təhsil alacaq. 
Onu da qeyd edək ki, Qəndab 2023-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Olimpiadada da qızılı medal qazanmışdı. Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsində Azərbaycanı Q.Məmmədova təmsil edib. Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq, birinciliyi qazanıb. O, yarış müddətində öz fəallığı ilə seçilib.
 

Şəki şəhər kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Dəniz Məmmədzadə dünyanın ən yaxşı 7 universitetlərindən biri olan ABŞ-nin Kolumbiya Universitetinə qəbul olunub.

Dəniz təhsilinə Şəki Şəhər 5 nömrəli tam orta məktəbdə başlayıb. Sonra 2019-cu ildən, yəni, 7-ci sinifdən etibarən Şəki şəhər Kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirib. O, elə həmin liseydən bu il məzun olub. Dəniz həmçinin BMT-nin gənclərdən ibarət Məşvərət Şurasında 17 üzvdən biridir. Fevral ayında Dəniz BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib. 

O, Miçiqan Universiteti, Pensilvaniya Universitetindən də qəbula dəvət alıb. Seçimi isə Nyu–Yorkdakı dünya üzrə “TOP7”də olan Kolumbiya Universitetidir. O, universitetin ən nüfuzlu təqaüd proqramı “Egleston Scholars”a layiq görülən tələbələrindən biridir. Bu, universitetə qəbul olunan tələbələrin yalnız 1 faizinə verilən xüsusi alimlik-araşdırma təqaüdüdür və ilk ildən araşdırma işinə limitsiz imkanlar təmin edən çoxyönlü təqaüd hesab olunur.
 

Nərgiz Hacıyeva ABŞ-nin dünya reytinq sıralamasında “TOP30”da yer alan Miçiqan Universitetinin “Weiser Professional Post-doctoral Fellowship” proqramının tam təqaüdlə Azərbaycan üzrə yeganə qalibi seçilərək “Weiser” mükafatına layiq görülüb. Nərgiz 2 amerikalı professor (Prof. Dr. John Branch və Prof. Dr. Pauline Jones) tərəfindən dəstək məktubu da əldə edib. Bununla da o, artıq həm İsveçrə Fəxri federal təqaüdçüsü, həm də ABŞ-nin “Weiser” təqaüdçüsü adını qazanıb.
 

BDU-nun Hüquq fakültəsinin magistr məzunu Şəbnəm Tağıyeva Xaricdə təhsil üzrə Dövlət Proqramı ilə tam təqaüd qazanmaqla dünyaca məşhur Oksford Universitetinin İctimai siyasət ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
 


UNEC-in “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə birinci kurs tələbəsi Kənan Fərzəlili NASA-nın əsas veb-saytında səhv aşkarlayıb.

Kənana NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib və Kənanın adı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan “Bugcrowd - Hall of fame” siyahısına daxil edilib.
 

2024-cü il həm də ABŞ-də urologiya uzmanlığını qazanan ilk azərbaycanlı qadın İlahə İsalı ilə yadda qaldı. O, 2009-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olub. 2011-ci ildən Xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsilini İstanbul Tibb Universitetində davam etdirib. Təhsil aldığı müddət ərzində Almaniyanın Heydelberg Universitetinin xəstəxanasında kardiologiya üzrə təcrübədə olub. 2014-cü ildə ABŞ-nin ən məşhur xəstəxanalarından olan Klivlend klinikasında cərrahiyyə ixtisası üzrə təcrübə keçib. Məşhur professor doktor Ceyms Kurkun rəhbərliyi altında əməliyyatlarda iştirak edib. İlahə İsalı hazırda Case Western Reserve Universiteti və Klivlend Universitet Xəstəxanasının Tibb Mərkəzinin Urologiya şöbəsində resident assistenti kimi çalışır.
 

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin məzunu, hazırda UFAZ-ın I kurs tələbəsi olan Əmirəli Eyvazlı Benjamin Franklin Transatlantik Təqaüd Proqramında iştirak üçün seçilib. Qeyd edək ki, hər il Azərbaycandan edilən çoxsaylı müraciətlər arasından yalnız bir tələbə bu proqrama seçilir.
 


Metatesk startapının təsisçisi Günay İmanzadənin adı "Forbes" jurnalının 30 yaşa qədər uğur qazananlar siyahısına salınıb. O, builki siyahıda yer alan yeganə azərbaycanlıdır.

İsveçrənin Federal Texnologiya Universitetinin magistri olan Günay 2013-2017-ci illərdə Bakı Dövlət Universitetinin Sabah qruplarında kimya (ingilis bölməsi) üzrə bakalavr təhsili alıb. 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin İKT sahibkarı” nominasiyasının qalibidir. “Enthouse” layihəsinin həmmüəllifidir. Teknofest Türkiyə yarışması zamanı layihəsi maraqla qarşılanıb və bir çox sürətləndirmə proqramı ilə Türkiyə bazarına çıxış təklifi alıb. Teknofest Azərbaycan yarışmasında C kateqoriyası üzrə 1-ci yeri tutub və hər iki ölkə başçısı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, həmçinin Nobel Laureatçısı Əziz Səncər tərəfindən medal və pul mükafatı ilə şəxsən təltif olunub.
Təsisçisi olduğu Metatesk startapı “ABB Startup Hackathon”un qalibi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin kəşfi” nominasiyasının finalçısı, “Microsoft for Startups” proqramının üzvü, “Google for Startups” akselerasiya proqramının iştirakçısıdır. Roblox şirkəti ilə təhsil sahəsində əməkdaşlıq edir. 2018-ci İsveçrənin Federal Texnologiya Universitetində çalışıb. Çində Beynəlxalq məktəbdə Elm istiqaməti üzrə tədris aparıb. “Enthouse” layihəsi balıq və bitkilərin eyni anda hava, su və torpaqdan asılı olmayaraq istehsalına şərait yaratmaqdan əlavə, onlar haqqında bütün məlumatların ağıllı idarə olunmasına və ən əsası təhlükəsizliyinə zəmanət verir. Metatesk startapı tədris və öyrənmə prosesini növbəti pilləyə qaldıraraq virtual reallıq (VR) texnologiyasının köməyi ilə metadünyalarda təhsil istiqaməti ilə bağlıdır.
 


ADA Universitetinin Hüquq fakültəsinin məzunu Murad Qurbanov bu il dünya reytinqinin ən yaxşıları sırasında olan bir sıra universitetindən qəbul dəvəti alıb.

University of California Berkeley, 
University College of London (UCL), 
Edinburg, King’s College, Vanderbilt, 
Queen Mary University of London, 
University of Bristol, 
George Washington University, 
University of Southern California

Muradın seçimi dünyanın "TOP 10" universitetindən biri olan University of California Berkeley-də Beynəlxalq hüquq ixtisası (LLM in international law) üzrə oldu. Dövlət Proqramının qalibi olaraq onun təhsil və yaşam xərcləri proqram çərçivəsində qarşılanacaq. 
 

Gursel Abbas ABŞ-nin 6 universitetindən ümumilikdə 2.000.000 dollar təqaüd qazanıb. Türkiyənin Hacettepe Universitetinin bakalavr dərəcəsinin “Yüksək Şərəf” məzunu olub. Bundan sonra, 2017-ci ilin sentyabrında İspaniyanın Xaen şəhərində ispan dilində kimya mühəndisliyi oxumağa başlayıb. ABŞ-də bakalavrkiatdan birbaşa doktoranturaya qəbul olunan çox nadir tələbələrdən biridir. O, müxtəlif ölkələrdə bir çox elmi tədqiqatların iştirakçısı olub. Laboratoriyada təcrübə aparan zaman isə bədəninin 67%-i yanıb, buna baxmayaraq elmi fəalliyyətini davam etdirib.
“Dördüncü kursda "Yaşıl kimya" dərsimiz vardı, zeytun yağından enerji alınması ilə bağlı bir layihə üzərində işləyirdik. Bu layihəni davam etdirəndə mən laboratoriyada faciə yaşadım. 20 fevral 2018-ci ildə laboratoriya yoldaşım gəlməmişdi, mən işlədiyim zaman prosesdə qəza baş verdi və mən yandım. Bu hadisədən sonra Seviliyada 21 gün komada olmuşam. Ümumilikdə dörd ay yarım xəstəxanada yatmışam. 16 əməliyyat keçirmişəm, 150 saata yaxın narkozda olmuşam. Ondan sonra, 2018-ci il iyulun 4-də xəstəxanadan çıxdım, gəldim Azərbaycana”, - o deyib.

Gursel 2024-cü ildən doktorantura təhsilini ABŞ-nin Viskonsin-Medison Universitetində davam etdirir.
 


Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olan Vətən Müharibəsi qazisi Habil Hüseynov da 2024-cü ilin ən yaddaqalan və uğurlu gənclərindən biridir. 26 yaşlı Habil Vətən Müharibəsində qəhrəmancasına iştirak edib, Xocavəndin, Fizulinin, Şuşanın işğaldan azad olunması, “Vətən Müharibəsi iştirakçısı” ordenləri ilə təltif olunub. Bu il isə ABŞ-nin Maryland Universitetinin College Parkdan “Applied Machine Learning” magistr programı üzrə qəbul dəvəti alaraq, təhsilini dövlət hesabına ABŞ-da davam etdirəcək.


Habilin bacısı Elnarə Hüseynova da 2022-ci ildə Gömrük Akademiyasını fərqlənmə ilə bitirdikdən sonra bu il dünyanın 5 nüfuzlu universitetindən magistr səviyyəsi üzrə qəbul dəvəti alıb:

Columbia University; 
University of Maryland; 
London School of Economics;
University of California, 
Irvine; 
University of Wisconsin-Madison.

Elnarə təhsilini dünya reytinqi üzrə “TOP10”da yer alan Columbiya Universitetində davam etdirəcək.
 


Bu il Naxçıvanda keçirlən parlament seçkilərində mandat qazanmış 28 yaşlı deputat  Əziz Qasımov da uğurlu gənclərdən hesab olunur. 1996-cı il təvəllüdlü Ə.Qasımov Naxçıvan Dövlət Universitetinin Kadr və ümumi işlər şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2013-cü ildə Şərur Türk Liseyini, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını, 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin dövlət hüququ ixtisası üzrə magistratura pilləsini bitirib.
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri olub. Həmçinin, 2022-ci il Gənclər üçün Prezident mükafatçısıdır.
Qeyd edək ki, Əziz Qasımov 32 saylı Naxçıvan şəhər seçki dairəsində 57.89 faiz səslə namizədlər arasında lider olub və Mixtar Respublikanın parlamentində deputat statusu qazanıb.
 


4 ildən bir keçirilən Yay Paralimpiyada oyunları bu il idmançılarımızın uğur və rekordları ilə yadda qaldı. Azərbaycan paraatleti Lamiyə Vəliyeva da bu cür idmançılarımız arasında idi. 

O, 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara, XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olub.

Lamiyə Vəliyeva 2023-cü ildə Parisdə keçirilən Dünya Para Atletika Çempionatında 400 metr məsafəyə qaçışda dünya rekordu qıraraq, bu kateqoriyada rəqibsiz olduğunu sübut edib. Bu nailiyyət onun Paris 2024 Paralimpiya Oyunlarında da qələbə qazanmağa ən güclü namizəd olduğunu təsdiqləyib.  

Nəticədə Lamiyə Vəliyeva Parisdə də finiş xəttini birinci keçib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həm də 11.76 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.
Onu da qeyd edək ki, Lamiyənin 4 qat dünya çempionu, 2 qat paralimpiya çempionu kimi olimpiyadada qazandığı medalların ümumi sayı 4-dür. O, paralimpiyaçı kimi ilk dəfə Tokioda 18 yaşı olarkən 1 qızıl və 1 gümüş medal qazanıb. Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
 

2020-ci il Yay Olimpiadasında mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Hidayət Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək cüdo üzrə Olimpiya çempionu adını qazanıb.

Yay Olumpiadasına səkkizdəbir final mərhələsindən başlayan Zelim Kotsoyev isə birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, burada özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib. Həlledici raundda gürcüstanlı İlya Sulamanidzeni ipponla məyus yola salan təmsilçimiz Olimpiya çempionu olub.


ABŞ-nin 5-ci ən nüfuzlu universiteti hesab edilən Kolumbiya Universitetinin inşaat mühəndisliyi ixtisası üzrə magistr proqramını qazanan Fuad Cəfərlini də bnu ilin ən uğurlu gənclərindən hesab etmək olar. Çünki sözügedən universitetə illik ortalama qəbul faizi 4%-dir. Yəni sənəd göndərənlərin sadəcə 4%-i təhsil almaq haqqı qazanır. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də