5 yanvar günü dünyaya göz açmış tanınmış aktrisa, Əməkdar artist Kübra Əliyeva haqqında doğum günü ilə əlaqədar yazı yazmaq fikrinə düşəndə təbii ki, ilk işim internetdə axtarış verib onunla bağlı bir qədər müfəssəl bilgi almaq istəyi oldu. Amma min təəssüf ki, ömrünün aşağı-yuxarı əlli ilini Azərbaycanın teatr və kino sənətinin inkişafına həsr etmiş, bir-birindən dəyərli, saysız-hesabsız obraz canlandırmış sənətkarın bir neçə cümləlik bioqrafiyasından və bir-iki müsahibəsindən başqa əlimə heç nə keçmədi.
Əvəzində, çeşidli şou-biznes saytlarında bir müddət öncə Kübra xanımla hansısa bir gənc aktrisa arasında yaşanmış qalmaqalın şişirdilmiş, bəzək-düzək vurulmuş bolluca xəbərləri ilə üzləşdim. Həqiqətən də kədərləndirici mənzərə idi. İstedadı, xanım-xatınlığı, teatr səhnəsində və televiziya ekranlarında canlandırdığı müxtəlif xarakterli obrazlarıyla tamaşaçının qəlbində mötəbər yer tutan, balacadan böyüyə hər kəsin sevib dəyərləndirdiyi bir aktrisaya belə laqeyd münasibətin şahidi ola biləcəyimi ağlıma da gətirməzdim. Bu qədər laqeydliyin, soyuqluğun səbəbi nədir, axı? Nəyə görə ömrünü Azərbaycan incəsənətinə həsr etmiş bir insan haqqında ancaq qalmaqallı xəbərlər çoxluq təşkil eləməlidir, amma bioqrafiyası, səhnə fəaliyyəti haqqında doğru-dürüst məlumat tapmaq mümkün olmamalıdır?
Axı Kübra xanım heç zaman qalmaqal, şou arxasıyca gedən, onların hesabına gündəmdə qalmaq üçün çalışan sənətçilərdən olmayıb, əksinə, daima öz davranışı və sənəti ilə gənclərə nümunə göstərilə biləsi bir həyat yaşayıb...
Həyat yoluna nəzər salanda görürük ki, Kübra Əliyevanın nə şəxsi həyatı, nə də yaradıcılıq yolu asan və hamar olub. O, hər zaman istəklərinə, məqsədlərinə çatmaq yolunda çalışıb, vuruşub, ağrılar, acılar çəkmək məcburiyyətində qalıb. Bəs istədiyi hər şeyə nail ola bilibmi? Bunu onun bioqrafiyasına və müsahibələrinə nəzər salanda daha yaxşı bilmək olur:
Azərbaycan teatr və kino aktrisası Kübrabəyim Ağa qızı Əliyeva 1949-cu ilin 5 yanvar tarixində Gəncə şəhərində doğulub. Burada 1966-cı ildə 21 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə dörd il sonra Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktrisa kimi başlayıb. Ənvər Məmmədxanlının “Şərqin səhəri” dramının tamaşasında Anjella Kovalini rolu onun aktrisa debütü hesab olunur. Sənətkar bir müddət sonra fəaliyyətini Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyor heyətinə daxil olaraq davam etdirib.
Hələ gənc yaşlarından həyatın onun üçün hazırladığı müxtəlif sınaqlara mərd-mərdanə sinə gərən, qarşılaşdığı bütün maneələrə rəğmən həyata, dünyaya, insanlara olan sevgisi, sənətinə olan bağlılığı və güclü xarakteri onun enişli-yoxluşlu həyat yollarını əmin addımlarla keçməsinə köməkçi olub.
Özünün də dediyi kimi, həyatın bütün sınaqlarından keçmək aktrisa üçün heç də asan başa gəlməyib: “Mən də həyatda müsbət xarakterli bir gənc olmuşam. Baxmayaraq ki, həyatım özü şokolad kimi keçməyib, yəni qara olsa da, şirin olmayıb. Demək olar ki, elə gənclik illərindən böyümüşəm. Çünki həyat böyüklər üçün nəzərdə tutulan yükünü artıq o illərdə mənə hədiyyə eləmişdi”.
Kübra xanım 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olur və təhsilini 1977-ci ildə başa çatdırır. Sumqayıtda işlədiyi beş il ərzində Kübra Əliyeva bir-birindən maraqlı, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən silsilə rollarla yaradıcılıq uğurları qazanır. Ş.Xusainovun Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilən “Anam gəldi” əsərində Rasimə, G.Xuqayevin “Elbrus evlənir” tamaşasında Gülbadam, C.Cabbarlının “Solğun çiçəklər” faciəsində Gülnisə, Y.Məmmədovun “Ana məhəbbəti” əsərində Adilə, İ. Qasımov, H.Seyidbəylinin “Sən nə üçün yaşayırsan” tamaşasında Pəri xala və s. obrazları onun aktrisa kimi daha da püxtələşməsində mühüm yer tutub.