Rusiyanın sülhməramlı missiyasının mandatına uyğun olmayan qərarları cəmiyyətdə narahatlığı artırıb.
Konfliktoloq Elxan Mehdiyevin fikirlərini öyrənilib.
- Elxan bəy, görünən odur ki, artıq Rusiya 10 Noyabr mandatına uyğun olmayan addımları artırır.
- Rusiya kanalları Azərbaycana savaş elan edib. Vicdanlı və şərəfli Rus alimləri və ekspertləri bu cür faşistsayağı elementlərin qarşısında azlıqda qalmışlar. Görünən odur ki, bu TV-də gedən fikirlər ümumiləşərək Rusiyanın siyasətinə də təsir edir. Artıq atəşkəs anlaşmasından 5 gün keçməmiş Rusiya rəhbərliyinin,həm XİN-i səviyyəsində və həm də Prezident Putin səviyyəsində etdiyi təkliflər və təşəbbüslər tamamilə 10 Noyabr bəyənatına ziddir. Rusiya Humanitar Reaksiya Mərkəzi adı altında mülki hakimiyyət strukturları qurur. Bu dünyanın hər yerində işğaldan sonra qurulan strukturlara bənzəyir.
Rus qüvvələrinin komandanı hərbi cinayətkar A. Arutyunyanla iki dəfə görüşüb. Artıq Rusiya Fövqəladə hallar nazirliyi Xankəndində öz ofisini açır. Yəqin ki, yaxın zamanlarda Rusiya Federal Kəşfiyyat Xidməti də öz ofisini açacaq. Sonra Rusiyanın nazirlik və idarələrinin işçiləri gəlib orada öz idarələrini açacaqlar.
- Rusiyanın Cənub Ordusunun Hərbi Prokurorluğunun rəis müavini də Xankəndinə gəlib və o da Arutyunyanla görüşüb...
- Bu nə deməkdir? Bu dəqiqə Azərbaycan höküməti və onun Baş Prokurorluğu həmın Arayik Arutyunyanın tutulması və Azərbaycan hüquq orqanlarına verilməsi ilə bağlı hərəkətə keçməlidir. Və bu işi həyata keçirmək üçün Azərbaycan xüsusi xidmət orqanlarının üzərinə xüsusi məsuliyyət düşür. Bu heç də atəşkəsin pozulması və Rusiya qüvvələriinin qarışacağı iş deyil, çünki onların mandatına uyğun gəlmir. Biz bu addımları atsaq Rusiya tərəfi də Azərbaycanın qətiyyətini görəcək.
Rusiyanın fəaliyyəti ilə bağlı bizi narahat edən iki məsələ var. Birinci məsələ odur ki, Azərbaycan höküməti susur və Rusiyanın 10 тoyabr anlaşmasına uyğun olmayan hərəkətlərinə heç bir münasibət bildirmir. Hər kəs bu hala narahatdır. Ordumuzun qələbəsinə və xalqımızın birliyi və ruhuna uyğun olmayan və eyni dərəcədə Prezidentin qətiyyətli davranışına uyğun olmayan proseslər gedir. Kəlbəcərdən ermənilərin çıxmasına əlavə 10 gün vaxt verilməsi yenə də 10 Noyabr anlaşmasının pozulmasıdır...
İkinci narahatçılıq odur ki,Azərbaycan özü təşəbbüslər etmir. Rast ki, Rusiya indidən başlayıb təşəbbüslər edir, o zaman Azərbaycan bunu daha çox etməlidir. Azərbaycan Qarabağın erməni əhalisinə də sahib çıxmağa yönəlimş addımlar atmalıdır. Belə olursa, bu cür addımlar Rusiyanın təşəbbüslərini neytrallaşdıracaq. Biz indi qalib və böyük millətik və heç bir kompleksimiz yoxdur və ona görə erməni mülki əhaliyə öz vətəndaşımız kimi yanaşmalıyıq. Azərbaycan onlara bu münasibəti müharibə dönəmində göstərdi, indi isə cəsarətli addımlar atmalıdır. Və erməni yaşayış yerlərinə səfərləri də Azərbaycan və Rus qüvvələri birgə təmin etməlidir.
Rusiya Televiziyalarında gedən anti-Azərbaycan xəbərləri aradan qaldırmaq üçün və ya neytrallaşdırmaq üçün çox sayda Rus və Avropa jurnalistlərini işğaldan azad edilmiş bölgələrə aparıb onlara göstərmək lazımdır. Bütün bunlar asan təşkil oluna bilər.
Əgər biz rusların Qarabağda fəaliyyətinə tamaşa etsək və özümüz təşəbbüsü ələ almasaq erməni nəzarətində olan ərazilərdə Rusiya idarəçiliyi ilə üzləşəcəyik. Bu həyəcan siqnalıdır...