Xocavənd rayonunun Tuğ kəndindəki mədəni abidələrlə yanaşı kəndin qədim evləri də erməni vandalizminə məruz qalıb.
Bu kənd vaxtı ilə Qarabağdakı səfalı yurd yerlərimizdən biri olub. Tuğ kəndi 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə ermənilər tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-u isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
"RegionTV.info" xəbər verir ki, “report”un əməkdaşı İsmayıl Nəsibli Tuğa səfər edib və gözəl təbiətə malik ərazilərdən videoreportaj hazırlayıb.
Tuğ kəndi Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir.
İşğala qədər kənd əhalisi əsasən, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olub. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana yerləşirdi. Tuğ kəndinin Məlikyeqanovlar, Məlikaslanovlar, Cahangirlilər, Mehdibəylilər, Aslanbəylilər, Gülməmədlilər, Talıbxanlılar, Budaqlılar, Səlimbəylilər, Cəfərlilər, Vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.
Kəndin mərkəzi hissəsində bəylərə məxsus evlər olub. Sonradan həmin evlərdən internat məktəbi kimi istifadə edilib. Kənd işğal ediləndən sonra erməni vandalları həmin bəy evlərinin bir çoxunu tamamilə dağıdıb, indi o evlərin bəzilərinin sadəcə qalıqları qalıb. Evlərin həyətində su quyularını da görmək mümkündür. Kənd sakini Vaqif İbrahimov “Report”un əməkdaşına deyib ki, həmin evlərin bəzilərində türmə də olub:
“Kənd işğal olunana qədər digər yerlərdən uşaqlar internat məktəbinə oxumağa gəlirdilər və burada qalırdılar. Məktəb rəhbərliyi onlara pulsuz qalmaq üçün yatacaq, qızdırıcı üçün yancaq verirdi. Uşaqlar məktəbdə həm oxuyurdu, həm də qalırdı”.
0 ildən sonra doğma yurd-yuvasına qovuşanlardan biri də Nəcəf Qaraşlıdır. Həkim-cərrah olan Qaraşlı babasına məxsus evi dağıdılmış vəziyyətdə tapıb.
Nəcəf Qaraşlı bildirib ki, onun böyüyüb boya-başa çatdığı evi də ermənilər məhv edib:
“Əmim məktəbdə fiziki tərbiyə müəllimi işləyirdi. Hazırda qarşısında qaldığımız evdə böyümüşəm. Babamgilin yanında qalıb, məktəbdə oxumuşam. Bura köhnə bəy evi olub. İkimərtəbədən ibarət olan evin aşağı hissəsi tağbənd, yuxarı hissəsində isə yaşayış olub. 1969-cu ildə əmim evi yenidən təmir etdirdi. Evin ikinci mərtəbəsinə qalxmaq üçün qabaq tərəfində pilləkən var idi. Lakin ermənilər pilləkəni, evin ikinci mərtəbəsini tamamilə dağıdıb, birinci mərtəbəni isə xarabalığa çeviriblər”.
Qeyd edək ki, ermənilər Tuğ kəndi ərazisində yerləşən qədim alban məbədini də saxtakarlıqla "özününküləşdiriblər".
Xəbəri paylaş