Karantin qaydalarını pozanlar arasında məmurlar və deputatların da yer alması cəmiyyətdə birmənalı qarşılanmayıb. Toyunu virus səbəbilə aylarla təxirə salan, yaxınının sonuncu mənzilə yola salınmasında iştirak edə bilməyən hər kəs mövcud vəziyyətdən narazılığını bildirir.
Maraqlıdır, məmurların, deputatların karantin qaydalarını pozub xeyir-şər məclislərində iştirak etməsi cəmiyyətə necə təsir edəcək? Bunun hansısa mənfi tərəfi ola bilərmi?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Vüsalə Rüstəm bildirib ki, məmurların karantin qaydalarını pozması cəmiyyətə təsirsiz ötüşmür:
“Bir neçə gündür saytlarda verilən xəbərlərə əsasən məmurlar karantin qaydalarını pozub. Belə hallar cəmiyyətə kifayət qədər təsir göstərir. İnsan psixologiyasına ayrıseçkilik və biganəlik çox pis təsir edir. Bunun olmaması üçün isə bu qərarların hamıya tətbiq olunması vacib şərt idi. Karantinin yumşaldılması xəstə sayının və yoluxmanın az olması ilə əlaqədar idi. Sadəcə vaxtında qərargahın vətəndaşlara -“Siz də müəyyən qrup insanla açıq havada və ya bu şərtlərə cavab verən obyektlərdə toyunuz edə bilərsiniz”,- deməyi kifayət idi. Buna nəzarət üçün könüllülərdən ibarət nəzarət qrupu bəs edərdi . 2 həftə ərzində yəqin ki, toy edən elə də çox adam olmayacaqdı”.
Vüsalə Rüstəmin sözlərinə görə, qadağan olunmuş qərara cəmiyyətdə tanınmış insanlar əməl etmədikdə onun effektivliyi azalır və görülmüş işlərin nəticəsi sıfıra düşür:
“Gəl, bundan sonra sadə vətəndaşa hansısa qadağanın ona zərər verəcəyini başa sal və ya anlat. Mümkünsüzdür, deyəcəklər ki, virus olsa, məmur qorxub toy etməzdi. İnamsızlığa və görülən işlərdə səhvə yol verməmək üçün qərarların qəbulunda ictimaiyyət arasında çox olan bütün təbəqələrin həyat şəraitindən və psixologiyasından xəbəri olan jurnalistlərin və ictimai xadimlərin iştirakı daha yaxşı olardı”.