“Azərbaycan xalqı qarşısında cinayət törətmiş və son müharibədə qorxaqcasına özünü kənara çəkən Robert Köçəryan “ağıllı şəkildə” hərbi əməliyyatlara qiymət verib, Paşinyan hakimiyyətini məğlubiyyətdə günahlandırıb. Bu, əslində Köçəryanın əsasını qoyduğu Ermənistan dövlətçiliyinin və bu ölkənin korrupsiyalaşmış sisteminin məğlubiyyəti idi. Əlbəttə, Köçəryanın bu məsələdə təkcə Paşinyanı ittiham etməsi təsadüfi deyil. Köçəryan və Paşinyan az qala bir-birinə qan düşmənidir”.
RegionTV.info Politoloq Zaur Məmmədovun "Teleqraf.com"-a müsahibəsini təqdim edir.
- Yanvarın 30-da Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək. Mart ayınadək bu format Ermənistan üzərindən keçəcək dəhlizlərin və nəqliyyat xətlərinin açılması məsələsini razılaşdırmalıdır. Ermənistanın bundan boyun qaçırmaq şansı varmı?
- Görüş yanvarın 27-də keçirilməli idi, lakin müəyyən səbəblərdən baş tutmadı, ayın 30-na təxirə salındı. Bilirsiniz ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşma əldə edilib. Bundan sonra hökumətlər arasında kommunikasiya xətlərinin açılması ilə bağlı iş davam edir. Bu çərçivədə layihələr – strateji yol xəritəsi hazırlanır. Ermənistan tərəfinin nə istəməsindən asılı olmayaraq, artıq məsələ Bakı və Moskva arasında həllini tapıb.
- Yaxın günlərdə Ağdamda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi atəşkəsə nəzarət üzrə fəaliyyətə başlayacaq. Bundan gözləntiniz nədir, bizim üçün nə kimi faydaları olacaq?
- Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin açılması Azərbaycan üçün çox vacib idi. İlk dəfə olaraq, Türkiyə hərbi qüvvələri Azərbaycan ərazilərində atəşkəsə nəzarət işi ilə məşğul olacaq. Azərbaycan ictimaiyyəti bu mərkəzin açılmasını çoxdan gözləyirdi. Mərkəz Laçın dəhlizi başda olmaqla, Rusiya sülhməramlıları və ermənilərin Qarabağdakı fəaliyyətlərini təhlil edəcək. Müşahidələr dronlar vasitəsilə aparılacaq.
- Ermənistanın eks-prezidenti Robert Köçəryan fəallaşmağa başlayıb, verdiyi açıqlamalarda Baş nazir Nikol Paşinyanı hədələyərək, seçkilərdə qalib gələcəyini bildirib. Mövcud situasiyada ermənilər Köçəryana səs verərmi?
- Azərbaycan xalqı qarşısında cinayət törətmiş və son müharibədə qorxaqcasına özünü kənara çəkən Robert Köçəryan “ağıllı şəkildə” hərbi əməliyyatlara qiymət verib, Paşinyan hakimiyyətini məğlubiyyətdə günahlandırıb. Bu, əslində Köçəryanın əsasını qoyduğu Ermənistan dövlətçiliyinin və bu ölkənin korrupsiyalaşmış sisteminin məğlubiyyəti idi. Əlbəttə, Köçəryanın bu məsələdə təkcə Paşinyanı ittiham etməsi təsadüfi deyil. Köçəryan və Paşinyan az qala bir-birinə qan düşmənidir.
Köçəryan Paşinyanı “vurmaq” üçün çoxdan bu fürsəti gözləyirdi. O, hələ 2019-cu ilin yayında demişdi ki, müxalifətlə koordinasiyalı şəkildə Paşinyana qarşı mübarizə aparacaqlar, hakimiyyətdən devirəcəklər. İndi də Ermənistandakı həssas situasiyadan istifadə edərək, bunu həyata keçirmək istəyir. Lakin Ermənistan cəmiyyəti Köçəryanı seçərsə, bu, irəli yox, geriyə doğru bir addım olacaq. Bu da Ermənistana baha başa gələ bilər. “Köçəryan klanı”nın hakimiyyətə gəlməsi, Ermənistan və Azərbaycan arasındakı dialoqa da xələl gətirə bilər.
Hər halda Ermənistanda kimin olmasından asılı olmayayaraq, Azərbaycan öz dövlətçilik prinsiplərinə sadiqdir. Ermənistanın yeni və köhnə hakimiyyəti bu prinsipləri qəbul etməli olacaq. Əks halda, bunu zorla qəbul etdirəcəyik. Ermənistanın atacağı addımlara Bakıdan tutarlı cavablar veriləcək. İndiki halda Qarabağ ətrafında manipulyasiya etmək və millətçiləri ətrafına toplayaraq, revanişst meyllər etmək yolverilməzdir. Çünki bu, yalnız Ermənistana bəla gətirəcək.
- Sizcə, revanş cəhdinin Ermənistana baha başa gələcəyi ehtimalını erməni siyasətçiləri nəzərə alırlarmı? Çünki keçmiş prezident Serj Sərkisyan məğlubiyyətin cavabının veriləcəyini iddia edir...
- İndi Ermənistanda hakimiyyətə gəlmək üçün mütləq revanşist və millətçi şüarlarla çıxış etmək lazımdır. Ümid edirlər ki, mövcud hakimiyyətə qarşı ancaq bu şüarlarla cəmiyyəti öz ətrafında toplamaq mümkün ola bilər. Amma 17 müxalifət partiyasının - birləşmiş müxalifətin Paşinyana qarşı meydana çıxardıqları insanların sayı çox azdır. Baş verənlər onu göstərir ki, Ermənistanda “Qarabağ klanı” və siyasi elita arasında çox ciddi mübarizə davam edir.
- Görünən budur ki, Baş nazir Nikol Paşinyan daxildə ciddi təzyiq qarşısındadır. O bu müqavimətə hara qədər tab gətirəcək?
- Paşinyanın əsas istəyi istefa vermədən yeni seçkilər keçirməkdir. Bunun üçün də konstitusiyaya dəyişiklik etmək istəyir. Onun bu dəyişikliyi həyata keçirmək üçün parlamentdə 88 səsə ehtiyacı var. Amma müharibədən sonra hakim “Mənim addımım” blokunun beş üzvünün bu fraksiyadan çıxması, Paşinyana bu dəyişikliyi etməyə imkan vermir. Yəqin ki, Paşinyan hakimiyyətdəki mövqeyini qoruyub-saxlamaq üçün öz blokundan olan bir şəxsi baş nazirliyə namizəd kimi irəli sürəcək. Əsas hədəf, nəyin bahasına olur-olsun, hakimiyyətin keçmiş hakim komandaya ötürülməsinə mane olmaqdır.
Azerforum.com
Xəbəri paylaş