Hər gün karantin qaydalarını pozanlar barəsində xəbərlər yayılır. Onların arasında avtobus, taksi sürücüləri də, sərnişin və digər vətəndaşlar da var. Artıq 5 aydır ki, ölkədə karantin rejimi mövcuddur. Bu müddət ərzində xeyli sayda vətəndaş karantin qaydasını pozduğu üçün cərimələnib. Maraqlıdır, bəs cərimə tətbiq edilən şəxslər bu cərimələri ödəyərilərmi?
Xatırladaq ki, bir müddət bundan əvvəl bildirilirdi ki, cəriməni ödəməkdən yayınanların cəriməsi onların maaşlarına yönələ bilər. Bəs cərimə olunan şəxs işləmirsə, bu məsələ necə tənzimlənir?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Yeni Müsasvat”a danışıb:
“Hazırda nə qədər şəxsin cərimə ödədiyi haqda dəqiq məlumat verə bilməyəcəm. Lakin qeyd edə bilərəm ki, pandemiya dövründə karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər barəsində əməkdaşlaırmız tərəfindən də inzibati xəta haqda protokol tərtib edilib. Sözsüz ki, cəriməni ödəyən və ödəməyən xeyli sayda sürücü var. Lakin həmin iş üzrə qərara əsasən cərimə ödəməyən şəxslər bilməlidirlər ki, onlar bu cəriməni 1 ay ərzində ödəməlidirlər. Əgər 3 ay müddətində cərimə ödənilməzsə, həmin halda məhkəmələr tərəfindən şəxslər barəsində ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər. Bu artıq məhkəmələrin səlahiyyətidir.
Kimsə düşünməsin ki, cərimə ilə bağlı ona güzəşt oluna və yaxud müəyyən müddət keçdikdən sonra cərimələr silinə bilər. Qanunvericilikdə belə bir hüquq norması yoxdur. Ona görə də heç kəs bu məsuliyyətdən azad oluna bilməz".
Hüquqşünas Fərhad Mehdiyev də məsələyə münasibət bildirib. O qeyd edib ki, cərimə olunan şəxsin daimi iş yeri, maaşı yoxdursa, iddianı onun əmlakına yönəltmək olur:
“Bunun üçün iş məhkəməyə verilməli, məhkəmə qərar qəbul etməlidir. Qərara əsasən əgər rəsmi əmək haqqı yoxdursa, cərimə şəxsin əmlakına, bankdakı puluna yönləndirilə bilər. İcra orqanı tərəfindən vətəndaşın rəsmi maaşı olmasa da aylıq gəlirinə baxıla, həmin gəlirdən tutula bilər. İşləməyən, gəliri olmayan şəxsə icra orqanı tərəfindən xəbərdarlıq edilir. Əgər şəxs cəriməni yenə ödəmirsə, bu zaman inzibati qaydada həbs qərarı çıxarılır. Bununla da inzibati cəriməni inzibati həbs əvəz edir”.