Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda çobanlar "yoxa çıxıb" - Fermerlər NARAHATDIR

Azərbaycanda çobanlar "yoxa çıxıb" - Fermerlər NARAHATDIR

Azərbaycanda çobanların sayının azaldığı müşahidə edilir.

Fermerlər heyvanlarını otarmaq üçün çoban tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Kəndlərdə çobanlıqla məşğul olmaq istəyənlər, demək olar ki, qalmayıb.

Ölkəmizdə çobanların dəqiq sayı məlum deyil, çünki onlar qeydiyyata alınmır və vergi ödəmirlər. Buna görə də, rəsmi statistikada bu peşə sahibləri ilə bağlı konkret məlumat tapmaq mümkün deyil. Lakin fermerlər deyirlər ki, əvvəllər çobanlıq geniş yayılmış peşə olsa da, indi bu sahəyə maraq kəskin şəkildə azalıb.

Azərbaycanda ötən ilin əvvəlinə olan məlumata görə, 2.5 milyondan artıq iribuynuzlu mal-qara, 7 milyondan artıq qoyun və keçi var. Heyvanların sayında son illərdə azalma müşahidə edilir.

Qeyd edək ki, Azərbaycan tarixində çobanların xüsusi yeri olub. Tarixən çobanlar folklorun bir parçası olub, onlar haqqında şeirlər, hekayələr yazılıb, həyat tərzi xalq ədəbiyyatında öz əksini tapıb. Lakin indi çobanlıq tədricən bir peşə kimi yox olmaq üzrədir.

Fermerlər bildirirlər ki, çoban qıtlığı heyvandarlıq sektoruna ciddi təsir edir. Əvvəllər kənd yerlərində çobanlıqla məşğul olan çoxlu insan vardı, amma indi kənd gəncləri bu peşəyə maraq göstərmir və daha çox şəhərdə işləməyə üstünlük verirlər.

Ekspertlər çobanlığın yox olmasını bir sıra səbəblərlə əlaqələndirirlər. Birincisi, çobanların sosial təminatının olmaması və çətin həyat şəraiti bu sahəyə marağı azaldır. İkincisi, örüş və otlaq sahələrinin azalması çobanların işini daha da çətinləşdirir. Bundan başqa, əməkhaqqının qeyri-sabit olması da insanları bu işdən uzaqlaşdırır.

Çoban çatışmazlığına görə bir çox təsərrüfat sahibləri alternativ yollar axtarmağa başlayıb. Bəziləri müasir texnologiyalardan istifadə edir, lakin bu həll yolları hamı üçün əlçatan deyil və hər təsərrüfat sahibi üçün effektiv olmaya bilər. Fermerlər çoban qıtlığının qarşısını almaq üçün dövlətin bu sahəyə dəstək verməli olduğunu düşünürlər.

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli saytımıza açıqlamsında deyir ki, Azərbaycanda kifayət qədər heyvandarlıqla, xüsusilə də qoyunçuluqla məşğul olan adam var:

“Bu gün çobanlıqla məşğul olan, o işi bilən və marağı olan şəxslərin olduğunu görmüşəm. Sadəcə mən düşünürəm ki, o sahədə işçinin az olmasının ilk səbəbi örüş və otlaq məsələləri, eyni zamanda çobanların orada həyat şəraiti ilə bağlı problemlərin olmasıdır. Bir insanın öz təsərrüfatını otarması və intensiv şəkildə minlərlə heyvanın saxlanması başqa bir şeydir. Belə böyük təsərrüfatlarda heyvanlar əsasən örüş ərazilərdə, yaylaq və qışlaqlarda saxlanılır”.

C.İbrahimli qeyd edib ki, çoban tapılmamasının əsas səbəbi onların yaşaması üçün uyğun şəraitin olmamasıdır:

“Orada su, işıq yoxdur, eyni zamanda ot örtüyü o qədər də yaxşı deyil. Heyvanları yarıqapalı yemləmə ehtiyacı yaranır. Bu da əməkqabiliyyətli işi artırıb, belə olan halda da insanların bu işə marağı azalır. Təbii ki, yaşadığımız dövrdə insanlar da dəyişir, daha rahat işlərə üstünlük verirlər. Həm də bu sahədə gəlirlilik o qədər də yaxşı olmadığı üçün çobanlar da çox maraqlı olmur. Əslində çoban kimi çalışan insanların ənənəvi olaraq öz heyvanları da olur. Həmin heyvanlarını təsərrüfatın içərisinə qatıb saxlayırlar. Yəni həm maaş alır, həm də sahibkarın ərazisindən, ot örtüyündən istifadə edirlər. Bu mənada düşünmürəm ki, çobanlar üçün gəlir azdır, sadəcə olaraq o mühitdəki çətinliklər o sahəyə insan cəlbedilməsini çətinləşdirir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də