2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən təsis edilmiş BRICS ən tez inkişaf edən böyük ölkələrin qrupu kimi yaradılıb. Təşkilatın ilk adı BRIC olub, Cənubi Afrika Respublikasının bloka qoşulması ilə BRICS-lə əvəzlənib. 2023-cü ildə Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata daxil olduqdan sonra blok qeyri-rəsmi olaraq BRICS+ adlandırılıb.
3,5 milyard insanı əhatə edən bazar
Genişləndirilmiş qrupun ümumi əhalisi təxminən 3,5 milyard və ya dünya sakinlərinin 45%-ni təşkil edir. Birgə üzv ölkələrin iqtisadiyyatları qlobal iqtisadiyyatın təxminən 28%-i olmaqla 28,5 trilyon dollardan artıq dəyərə malikdir. Onlar dünya xam neftinin təxminən 44%-ni istehsal edir. "Goldman SACS"ın proqnozlarına görə, 2050-ci ildə təşkilatın iqtisadi gücü inkişaf etmiş ölkələri üstələyəcək.
Təşkilata üzv dövlətlər mineral-xammal baxımından olduqca zəngin, güclü emal sənayesi sahələrinə, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsinə və sürətli sosial-iqtisadi inkişaf tempinə malik, emal sənayesi yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edə bilən inkişaf etməkdə olan sənaye ölkələridir.
Braziliya kənd təsərrüfatı məhsullları ilə zəngindir, Rusiya dünyada ən böyük mineral ehtiyatlarlın ixracatçısıdır, Hindistan ucuz intellektual resurslara, Çin ucuz əmək resurslarına malikdir, Cənubi Afrika Respublikası təbii resurslarla zəngindir.
BRICS-in əsas məqsədi üzv ölkələr arasında qarşılıqlı güzəştli vergi və tariflərin tətbiqi, investisiya qoyuluşları üçün əlverişli mühitin yaradılması, nəqliyyat-kommunikasiya sistemlərinin inkişaf etdirilməsidir.
BRICS dövlətlərarası sərmayə qoyuluşlarının reallaşmasına və beynəlxalq ticarət əməliyyatlarında yerli valyutaların çəkisini artırmağa çalışır. Dünya Bankı və Beynəlxalq Maliyyə Fonduna rəqib kimi 2015-ci ildə yaradılan Yeni İnkişaf Bankının əsas missiyası üzv ölkələrdə infrastrukturun inkişafına dəstək göstərilməsidir.
İndiyədək 40-dan çox ölkə BRICS-ə üzv olmaq niyyətlərini açıqlayıb. Təşkilata müraciət edənlər inkişaf etməkdə olan ölkələrdir.
Bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib.
Xarici ticarətin dördə biri BRICS ölkələri ilə aparılır
Mütəxəssislərin fikrincə, Azərbaycanın BRICS-ə üzvlüyü bir sıra üstünlüklər vəd edir. Qeyd edək ki, ölkəmiz təşkilatı yaradan 5 dövlətin 3-ü ilə - Rusiya, Çin və Hindistanın fəal ticarət tərəfdaşıdır. Yeri gəlmişkən, Azərbaycanın 7 böyük ticarət tərəfdaşının 3-ü təşkilatın üzvüdür.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3,5 milyard dolları təşkil edir ki, bu da ümumi xarici ticarətin 10 faizdən çoxdur. Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdədir.
Bu müddətdə Çinlə 2,6 milyard dollarlıq mal mübadiləsi olub. Bu da ümumi ticarətin 7,7 faizini təşkil edir. Çin 18 faiz payla Azərbaycanın idxalında birinci yerdədir.
Hindistanla 9 ayda dövriyyə ümumi ticarətin 2,5 faizi qədər - 856 milyon dollar olub. İxracımızın 3,5 faizi Hindistanın payına düşür. Bu göstərici ilə Hindistan 6-cı yerdə qərarlaşıb.
Braziliya ilə ticarət dövriyyəsi 167 milyon dollar olub. Bu sahədə üstünlük Cənubi Amerika ölkəsinin tərəfindədir. Azərbaycandan bu ölkəyə 11 milyon dollarlıq mal ixrac olunduğu halda, Braziliyadan 155 milyon dollarlıq məhsul gətirilib. Ölkənin xarici ticarətdə payı 1 faiz ətrafındadır.
Cənubi Afrika Respublikası ilə ticarət dövriyyəsi 30 milyon dollara yaxındır və bunun da böyük əksəriyyəti CAR-dan idxal olunan mallar təşkil edir.
Ümumilikdə BRICS ölkələri ilə ticarət dövriyyəsi 9 ayda 8 milyard dollar ətrafında olub. Azərbaycan xarici ticarətinin təxminən 25 faizini BRICS ölkələri ilə həyata keçirib.
Ölkəmiz yeni bazarlara çıxış imkanları qazanacaq
Azərbaycan BRICS ölkələri, xüsusən də Çin, Hindistan və Braziliya ticarət etməklə ixrac bazarlarını genişləndirə bilər. Bu, ənənəvi bazarlardan asılılığını azaltmağa kömək etməklə yanaşı, enerji, kənd təsərrüfatı və qeyri-neft sektorları üçün yeni imkanlar açacaq. Bununla da ölkəmiz bir region və ya ölkələr qrupundan asılılığını azaldaraq, ticarət tərəfdaşlarını və ənənəvi bazarlarını şaxələndirə bilər. Eyni zamanda Azərbaycan infrastruktur layihələri və iqtisadi inkişafı dəstəkləyən BRICS Yeni İnkişaf Bankının kreditləri və investisiyalarından faydalana bilər.
Azərbaycanın əsas enerji, xüsusilə neft və qaz tədarükçüsü statusunu nəzərə alaraq, enerji sektorunda əməkdaşlıq mühüm rol oynayır. BRICS ölkələri, xüsusən də Çin və Hindistan enerji mənbələrini şaxələndirməyə çalışır və Azərbaycanı bu baxımdan dəyərli tərəfdaş hesab edir.
Azərbaycan BRICS ölkələrinə daha çox kənd təsərrüfatı məhsulları ixrac edə bilər, bu da iqtisadiyyatın neft sənayesindən asılılığını azaltmağa imkan verəcək.
BRICS ölkələrindən, xüsusən də Çin və Hindistandan xaricə daha çox insan səyahət edir. Bunu nəzərə alaraq əhalisinin sayına görə dünyada liderlik bu ölkələrdən turist cəlbini stimullaşdırmaq olar.
Azərbaycan BRICS üçün əlverişli nəqliyyat qovşağıdır
BRICS ölkələri ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Avropa, Asiya və Yaxın Şərq arasında ticarət üçün vacib olan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi nəqliyyat qovşaqlarına investisiyaların artmasına səbəb ola bilər. Bu baxımdan Rusiya, Hindistan və İranın marağında olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və eyni zamanda Çin və Avropanın dəstəklədiyi Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət daşıyır. Azərbaycan həm quru, həm də dəniz əsaslı ticarət yollarının üstündə yerləşən logistik qovşaq kimi həm Hindistan və Çindən Avropaya və əksinə daşınan yüklərdən dividend qazana bilər.
Azərbaycan texnologiya sektorunu inkişaf etdirmək üçün BRICS ölkələri, xüsusilə Çin və Hindistanla əməkdaşlıqdan faydalana bilər. Nəzərə almaq lazımdır ki. Çin günəş və külək enerjisi kimi yaşıl texnologiyalar sahəsində liderlik edir. Bundan əlavə, BRICS ekoloji cəhətdən təmiz layihələrə maliyyə dəstəyi təklif edir. Azərbaycan bundan daha çox yaşıl enerjini inkişaf etdirmək və karbon emissiyalarını azaltmaq üçün istifadə edə bilər.
Birliyə üzv olan dövlətlər arasında gələcəkdə tətbiq olunması gündəmdə olan güzəştli gömrük tarif sisteminə qoşulmaq və ya azad ticarət sazişləri və investisiyaların təşviqinə dair müqavilələr imzalamaq əlavə fürsətlərdir.
BRICS-ə qoşulmaq Azərbaycana bu beynəlxalq arenada mövqelərini möhkəmləndirmək imkanı verəcək. Ölkəmiz qlobal dəyişikliklər və çağırışlar qarşısında BRICS ölkələri ilə iqtisadi əlaqələrini gücləndirmək, davamlı inkişafını və təhlükəsizliyini təmin etməklə yeni imkanlara çıxış əldə edəcək.