Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zorakı tərbiyə uşaqların emosional inkişafını əngəlləyir - XƏBƏRDARLIQ

Zorakı tərbiyə uşaqların emosional inkişafını əngəlləyir - XƏBƏRDARLIQ

Bəzi valideynlər uşaqların davranışını tənzimləmək üçün övladlarına qarşı zorakı tərbiyə üsulundan istifadə edir. Zorakı tərbiyə - uşağın valideynləri və ya tərbiyəçiləri tərəfindən fiziki və ya psixoloji zorakılığa məruz qalaraq nizam-intizamın qorunmasını təmin etməkdən ibarətdir.

 Uşaq psixoloqu Zeynəb Əyyubova  bildirib ki, bu cür tərbiyə üsulları adətən uşağın istənilən davranışını məcburi şəkildə dəyişdirmək üçün tətbiq olunan zorakı vasitələrdən ibarət olur.

 "Bura fiziki cəzalar, uşağı döymək, qışqırmaq, təhqir etmək, alçaltmaq və ya uşağı emosional olaraq təcrid etmək kimi davranışlar daxildir. Bu, uşaqların yalnız o anda göstərilən davranışlarını tənzimləmək məqsədi güdsə də əslində uzunmüddətli zərərli təsirlərə səbəb ola bilər", - o qeyd edib.

Psixoloqun sözlərinə görə, zorakı tərbiyənin uşaqlara təsiri son dərəcə mənfi və genişdir. İlk növbədə, bu cür tərbiyə üsulu uşaqların özünəinamını və şəxsi dəyər hissini məhv edə bilər. Fiziki zorakılığa məruz qalan uşaqlar özlərini dəyərsiz hiss edə bilər, çünki valideynlərdən və ya tərbiyəçilərdən sevgi və qayğı yerinə, cəza və zorakılıq görürlər. Bu da onların özünə qapanmasına, digər insanlarla sağlam münasibətlər qura bilməməsinə, aqressiv və ya utancaq davranışlar sərgiləməsinə səbəb ola bilər.

 Psixoloji zorakılıqların da mənfi tərəflərindən də danışan Zeynəb Əyyubova vurğulayıb ki, qışqırmaq və ya alçaltmaq da uşaqların emosional inkişafını əngəlləyir. 

 “Uşaqlar belə hallarda özlərini qorxmuş və gərgin hiss edir, nəticədə onların düşüncə və davranışları mənfi təsirlənir. Bu uşaqlar gələcəkdə emosional sabitliyə nail olmaqda çətinlik çəkir, stress və narahatlıq kimi problemlərlə üzləşə bilirlər. Bəzi uşaqlarda isə ciddi davranış pozuntuları və sosial adaptasiya çətinlikləri inkişaf edə bilər”.

 Sonda psixoloq valideynlərə tövsiyə də verib: "Valideynlər zorakı tərbiyə üsullarından tamamilə çəkinməli və daha konstruktiv yanaşmalara üstünlük verməlidirlər. Sevgi, anlayış və səbr uşağın sağlam psixoloji inkişafı üçün əsas şərtlərdəndir. Uşaqlarla açıq və dəstəkləyici ünsiyyət qurmaq, onların duyğularına və ehtiyaclarına hörmətlə yanaşmaq vacibdir. Eyni zamanda, uşaqlara müəyyən sərhədləri öyrətmək və məsuliyyətlər vermək, bunu isə zorakılıqsız bir şəkildə, onlarla əməkdaşlıq edərək etmək lazımdır. Sağlam ünsiyyət və müsbət tərbiyə üsulları ilə uşaqların gələcəkdə daha güclü şəxsiyyət kimi formalaşması və həyatın çətinlikləri ilə daha yaxşı mübarizə aparmaları mümkündür".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də