"Azərbaycan universitetlərinin “Times Higher Education World University Rankings 2025” nəticələri ilə bağlı bəzi manipulyasiyalar etməsi və cəmiyyətdə yanlış təəssürat yaratması ilə bağlı ciddi təhlil aparmaq vacibdir".
Bunu təhsil eksperti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deyib.
O bildirib ki, bu manipulyasiyalar əsasən, universitetlərin ümumi qlobal reytinqdə aşağı yerlərdə olmasına və ya heç olmamasına baxmayaraq, müəyyən ixtisaslar üzrə reytinqlərdə yer almasının böyük uğur kimi təqdim edilməsindən ibarətdir.
K.Əsədov konkret “Times Higher Education” (THE) reytinqinə dair faktlara əsaslanaraq vəziyyəti dəyərləndirib.
““Times Higher Education” reytinqində iki əsas kateqoriya var: ümumi dünya universitetləri reytinqi (World University Rankings) və ixtisaslar üzrə reytinq (“Subject Rankings”).
Ümumi reytinqdə universitetlər beş əsas meyara görə dəyərləndirilir: tədris keyfiyyəti, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye ilə əməkdaşlıq və beynəlxalq perspektivlər.
Bu reytinq dünya üzrə 2000-dən çox universiteti əhatə edir və burada yer almaq üçün geniş və hərtərəfli akademik nailiyyətlər lazımdır”.
K.Əsədov deyib ki, Azərbaycan universitetlərinin heç biri qlobal miqyasda bu reytinqdə əsas yerləri tuta bilmir.
“Məsələn, “THE 2025” reytinqində Azərbaycan universitetlərinin ümumi siyahıda yüksək yerlərdə olmadığı müşahidə olunur. Halbuki, bəzi universitetlər müəyyən ixtisas sahələri üzrə (“Subject Rankings”) müəyyən mövqelərə malikdir. Məsələn, Bakı Dövlət Universiteti (BDU) fizika, kimya, geologiya və mühəndislik elmləri üzrə bəzi reytinq siyahılarında görünə bilər, amma bu, onun qlobal reytinqdə lider olduğu anlamına gəlmir”, - ekspert deyib.
O bildirib ki, bəzən Azərbaycan universitetləri bu cür ixtisas reytinqlərində yer almaqlarını ictimaiyyətə böyük uğur kimi təqdim edirlər:
“Onlar bunu “...universitetimiz ölkədə liderdir” və ya “dünya reytinqində yeganə Azərbaycan universitetidir” kimi şüarlar vasitəsilə cəmiyyətə təqdim edirlər. Bu yanaşma universitetin akademik təhsil səviyyəsi ilə bağlı yanlış təəssürat yaradır. Halbuki, reallıqda, bu cür mövqelər yalnız dar ixtisas sahələrində və qlobal səviyyədə nisbətən məhdud əhatəli reytinqlərə əsaslanır”.
K.Əsədovun sözlərinə görə, “Times Higher Education” reytinqinin 2025-ci il məlumatlarına görə, Azərbaycan universitetlərinin qlobal akademik reytinqdə ilk 1000-likdə və ya daha yüksək mövqelərdə yer almaması diqqət çəkir.
“Ən yüksək nəticə göstərən universitetlər əsasən ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrin universitetləridir. Məsələn, Oksford Universiteti yenidən birinci yerdədir və ABŞ-dan MIT ikinci sıraya yüksəlib.
Azərbaycan universitetləri isə bu sıralamada aşağı mövqelərdə qalır və qlobal rəqabətə davam gətirməkdə çətinlik çəkir.
Azərbaycanın müəyyən ixtisaslar üzrə reytinqdə yer alması, məsələn, BDU-nun mühəndislik və fiziki elmlər sahəsində müəyyən mövqelərə malik olması, bu universitetlərin spesifik sahələrdə müəyyən gücə malik olduğunu göstərir. Lakin, bu nəticələr qlobal səviyyədə ümumi tədris və tədqiqat göstəricilərini əhatə etmir və ümumi təhsil sisteminin keyfiyyət göstəricisi olaraq qəbul edilə bilməz”, - K.Əsədov vurğulayıb.
Ekspertin sözlərinə görə, Azərbaycanda universitetlərin “Times Higher Education” kimi reytinqlərdə əldə etdikləri nəticələrə dair manipulyasiyalar ciddi təhlil və cəmiyyətə düzgün məlumat verməyi tələb edir:
“Bu manipulyasiyalar cəmiyyətə təhrif olunmuş məlumat çatdırır və Azərbaycan ali təhsil sisteminin real vəziyyətini əks etdirmir. Əgər Azərbaycan universitetləri qlobal səviyyədə tanınmaq və rəqabətə davamlı olmaq istəyirlərsə, elmi-tədqiqat sahəsinə daha çox investisiya yatırmalı, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməli və ümumi akademik keyfiyyətlərini artırmalıdırlar”.