Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cütlüklərin ünsiyyət problemi: Sosial şəbəkələr boşanmaları artırır?

Cütlüklərin ünsiyyət problemi: Sosial şəbəkələr boşanmaları artırır?

Müasir zamanda yaş kateqoriyasından asılı olmayaraq əhalinin informasiya texnologiyalarından, xüsusilə sosial şəbəkələrdən ciddi şəkildə istifadə etməsi həyatın hər sahəsinə mənfi və müsbət yeniliklər gətirib. Son illər ərzində ölkəmizdə boşanma statistikasının artması, boşanmaların hansı səbəbdən baş verməsinin araşdırılmasını daha da aktuallaşdırır.

Bir çoxları sosial şəbəkələrin nikahların pozulmasına, münasibətlərin bitməsinə səbəb olduğunu qeyd edir.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri sektorunun baş məsləhətçisi Səmra Əliyeva mövzu ilə bağlı Modern.az-a bildirib ki, sosial medianın ailələr arasında yaratdığı ilk problem ünsiyyətsizlikdir.

 Sosial media insanlarla real ünsiyyəti yavaş-yavaş azaldır

 “Ünsiyyət ailənin davamlı, möhkəm olması üçün ən önəmli faktorlardan biridir. Əgər cütlük arasında ünsiyyət, müzakirə, çıxış yolunu tapmaq yoxdursa, bu cür münasibət mənfi sonluğa doğru gedir deməkdir. Tərəflərdən biri, yaxud hər ikisi öz sosial şəbəkə hesabında davamlı ünsiyyətə, informasiyalar əldə etməyə, əyləncəyə aludə olursa, həmin şəxs artıq zaman keçdikcə ətrafında olan insanlarla real ünsiyyəti yavaş-yavaş azaldır. Hətta belə bir zamanda cütlük arasındakı ünsiyyəti sosial mediadan kimsə əvəzləsə, xəyanət halları da artmış olacaqdır”.

 Səmra Əliyeva onu da bildirib ki, bu cür hallar ailələr arasında inamsızlıq, qısqanclıq, müqayisə etmə, xəyanət kimi ciddi problemlər, konflikt halları ortaya çıxarır: “Bəzən vaxtının çox hissəsini sosial şəbəkədə keçirən tərəf ailə qayğılarını unudur, övladları ilə məşğul olmur, ailədə üstləndiyi rolun öhdəliklərini tamamilə yaddan çıxarır və bir növü həyatını yalnız özünə və sosial mediaya həsr edir, ailəsinin qarşılamalı olduğu tələbatlarını bir növü sosial mediadan alır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də