Son vaxtlar sosial şəbəkələrdə, ictimai müzakirələrdə bir tendensiya müşahidsə olunur: kimsə hansısa hərəkətinə görə müzakirəyə çıxarılarkən, onun haqqında araşdırma aparmadan, doğru və ya yanlış əməl sahibi olduğunu dəqiqləşdirmədən hamı tənqid edir, söyür, aşağılayır – bir sözlə kütləvi şəkildə “linç edir”. Belə müzakirələrin çox az iştirakçısı önyarğılı olmur, məsələyə fərqli mövqedən yanaşır.
Bəs cəmiyyət belə niyə aqressivləşib, insanlarda niyə bu qədər "linç etmək” vərdişi yaranıb?
Sosioloq Yusif Nəbiyev deyib ki, “İncil”də bəhsi keçən məşhur qissə var:
"Bir qrup rahib zina (evlilikdən kənar cinsi münasibət) etmiş qadını İsa Peyğəmbərin hüzuruna gətirib onun daşlanmasını tələb edir. İsa Peyğəmbər isə onlara o məşhur tövsiyəsini edir: “Aranızdan günahsız olan kimdirsə, qoy, birinci daşı o atsın!” - Qissədən anladığımız budur ki, insan gərək başqalarını mühakimə etməzdən əvvəl özünə, öz əməllərinə baxsın. Təəssüf ki, günümüzdə də bu tövsiyəni edəcək fikir öndərlərinə və bu tövsiyəyə əməl edəcək geniş kütləyə ehtiyacımız var. Amma gördüyümüz mənzərə arzuladığımız mənzərə ilə heç də üst-üstə düşmür. Cəmiyyətimizin böyük əksəriyyəti yanlış gördüyü əməllərə şahid olduğu zaman dərhal asıb-kəsməyə, hökm oxumağa, hadisələri günlərlə müzakirə etməyə başlayır".
Sosioloq bildirib ki, toplu şəkildə hər hansı bir fərdin müzakirə, tənqid, təhqir edilməsi, alçaldılması tam olaraq "linçləmək" adlanmır:
""Linçləmək" hüquqi prosedur olmadan, bir qrup insanın bir fərdi öldürməsinə deyilir. Biz formasından və nəticələrindən asılı olmayaraq hər kütləvi hücuma "linç" deyirik, amma bu, “linç” deyil. Buna daha çox "xarakter sui-qəsdi" ("character sssassination") deməyimiz doğru olar".
Yusif Nəbiyev qeyd edir ki, “xarakter sui-qəsdi”nin cəmiyyətimizdə bu qədər geniş yayılmış olmasının səbəbləri çoxdur. Lakin onlardan ən önəmlilərini bu şəkildə sıralaya bilərik:
1. Zəif insan psixologiyası : Təəssüf ki, öz qüsurlarının səbəblərini ilk olaraq başqalarında axtarmaq insan xislətinin bir parçasıdır. Üstəlik, insanın özünü üstün hiss etməsinin də ən asan yolu başqalarını alçaltmaqdır. Özünü həqiqi mənada yüksəltmək, inkişaf etdirmək çətin yoldur. İnsanlar isə əksərən asana qaçırlar. Nəticədə də kimsə “xarakter sui-qəsdi”nə məruz qalanda, əksər insanlar diqqəti öz çatışmazlıqlarından yayındırmaq üçün bu axına qoşulurlar.