Bir çox müşahidəçilər deyir ki, Azərbaycanda gənclər Azərbaycan dilindən daha çox türk, rus və digər dillərdə olan kitabları oxumağa üstünlük verirlər. Son dövrlərdə geniş yayılmış bu dəb gənclərimizi Azərbaycan dilində olan kitabları oxumaqdan uzaqlaşdırır.
Mövzu ilə bağlı danışan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bildirib ki, mütaliə hər bir şəxsin mənəvi aləminin zənginləşməsində, təfəkkürünün, eləcə də nitqinin inkişafında mühüm rol oynayır.
“Deyərdim ki, hər şey elə mütaliədən başlayır. Kitablar nitqimizin və dünyagörüşümüzün formalaşmasında əvəzolunmaz vasitədir. Gənclər bilməlidirlər ki, mütaliə həmçinin öz fikirlərini sərbəst və ətraflı ifadə etməkdə onlara yaxından kömək edir. Təəssüf ki, bu gün kitab oxumağa maraq azalıb, xüsusilə gənclər arasında mütaliə edənlərin sayı kifayət qədər deyil”, - o qeyd edib.
"Xarici ədəbiyyat nümunələri qüsurlu tərcümə edilir"
Direktor bildirib ki, gənclərimizi kitab oxumağa təşviq etməyin bir üsulu da yazıçılar öz əsərlərində digər dillərə məxsus cümlə tiplərini işlətməməsi olar:
“Düşünürəm ki, onlar dilimizin qrammatik quruluşuna uyğun qısa və anlaşıqlı cümlələrdən istifadə edərlərsə, yazdıqları əsərlərin üslubu aydın və səlis olarsa, gənclərimiz daha çox kitab oxumaq istəyəcəklər. Hər bir Azərbaycan gənci milli-mənəvi dəyərlərinə bağlı, eyni zamanda qloballaşan dünyanın təfəkkür səviyyəsinə uyğun yetişməlidir. Bu prosesdə həm dünyaya inteqrasiya, həm də milli-mənəvi dəyərlərə sadiqlik məsələsi əsas olmalıdır. Ədəbiyyat adamları müraciət etdikləri mövzudan asılı olmayaraq bu məqamları da nəzərə almalı və kitab oxuyan gəncin müəyyən vaxtını həmin kitabla keçirdiyini unutmamalıdırlar”.
Müsahibimiz qeyd edib ki, son dövrlər gənclərimizin kitaba olan marağının azalmasının bir səbəbi də xarici ədəbiyyat nümunələrinin qüsurlu tərcüməsidir:
“Təəssüf ki, bu gün xarici ədəbiyyatın tərcüməsi öz dilimizdən çox tərcümə edilən dilin qayda-qanunlarına uyğunlaşdırılır. Məsələn, ingilis ədəbiyyatından bir əsər dilimizə tərcümə olunursa, ingilis dilinə xas olan cümlə quruluşlarından geniş istifadə olunur. Bu isə həmin tərcümələri edən şəxslərin Azərbaycan dilinin sabit sintaktik quruluşuna dərindən bələd olmadıqlarını göstərir. Ədəbiyyatımızda ən vacib məsələlərdən biri də üslub fərqliliyidir. Frazeoloji birləşmələrin düzgün tərcümə edilməməsi, daha çox hərfi tərcümələrə üstünlük verilməsi və s. bu kimi məsələlər əsərin dilini ağırlaşdırır. Əgər tərcümə olunmuş ədəbiyyat nümunəsinin dili oxunaqlı, üslubu sadə deyilsə, gənc oxucunu özünə cəlb edə bilməyəcək. Əsərlərdə belə tərcümə xətalarının olması səbəbindən gənclər arasında xarici ədəbiyyatı, xüsusilə türk, rus və digər dillərdə olan kitabları oxumağa maraq artır. Yaxşı tərcüməçi yalnız tərcümə olunan dilin deyil, tərcümə edilən dilin də qrammatik xüsusiyyətlərini və lüğət tərkibini mükəmməl bilməlidir. Həmçinin tərcümə etdiyi əsərin ilk oxucusu olmalıdır ki, yanlışları vaxtında duya bilsin”.
"Yazıçılarımızın üzərinə böyük məsuliyyət düşür"
Sevinc Əliyeva vurğulayıb ki, bu gün yazıçılarımızın üzərinə böyük məsuliyyət düşür:
"Çünki biz artıq Qarabağlı Azərbaycanın vətəndaşlarıyıq. Yeni yaranan ədəbiyyat nümunələri də Vətənini sevən, intellektli, savadlı gənclərin yetişdirilməsində mühüm rol oynayır. Unutmaq olmaz ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri dilimizi əsrlər boyu ərəb və fars, rus və Avropa dillərinin mənfi təsirlərindən qorumağı bacarıblar. Bu günün yazıçısı da dilimizi yad təsirlərdən qorumalı, gələcək nəsillərə düzgün şəkildə ötürməlidir. Mən yazıçılarımızdan, ali və orta ixtisas müəssisələrində çalışan müəllimlərimizdən xahiş edirəm ki, şagirdlərimizə, tələbələrimizə kitabları və ədəbiyyatı sevdirsinlər, onlarda mütaliəyə maraq oyatsınlar”.