May ayı olmasına baxmayaraq, son günlər ölkədə hava şəraiti yağışlı və tutqun keçir. Qeyri-sabit hava şəraiti insanların sağlamlığına, əhval-ruhiyyəsinə təsir göstərir. Qeyd edək ki, tutqun havanın insanları depressiyaya salması barədə araşdırmalar mövcuddur.
Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ləman Telmanqızı da açıqlamasında deyir ki, insanlar havanın dəyişməsinin əhvallarına təsirini müşahidə edə bilərlər.
"Yağışlı günlərdə mövsüm depressiyası, mövsümi affektiv pozuntu halları yaşanır. Buludlu və yağışlı gündə özlərini depressiv və yorğun hiss edə, günəşli gündə isə özlərini xoşbəxt və enerjili hiss edirlər. Hava əhvalımıza müxtəlif yollarla təsir edir. Bəzi insanlar qarlı, soyuq günləri, bəziləri isə isti yay günlərini xoşlayır. Havanın bizə necə təsir etdiyini başa düşmək bizə qarşıdakı günlərə daha yaxşı hazırlaşmağa kömək edə bilər. Mövsümi depressiyadan və ya narahatlıqdan əziyyət çəkənlər hava dəyişikliklərinə diqqət yetirmək, sağlamlıqlarına kömək edə bilər. Günəş işığının olmaması mənfi əhval-ruhiyyə ilə əlaqələndirilir.
Tədqiqatlar göstərir ki, bu, bədənimizdə gecə ilə gündüz arasında dəyişən daxili saata sahib olduğu üçün baş verir. Günəş çıxanda enerjili, batanda isə yuxulu oluruq. Qış ayları daha qısa günlər və daha az günəş işığı deməkdir. Günəş batdıqda, vücudunuz yuxuya səbəb olan hormon kimi tanınan melatonin istehsal etməyə başlayır və bədənimiz daha az serotonin istehsal etməyə başlayır. Serotonin, insanın əhval-ruhiyyəsini, iştahını və yuxusunu tənzimləyən bir hormondur. Gün ərzində serotonin çatışmazlığı qıcıqlanma və narazılığa səbəb ola bilər".
Psixoloq deyir ki, belə havalarda insanlarda aşağı enerji, iştahda dəyişikliklər, konsentrasiyada çətinlik olur.
"İnsanlar özlərini ümidsiz, dəyərsiz və günahkar hiss edirlər. Hobbi və fəaliyyətə maraq itir. Baş ağrıları, yorğunluq, panik atak halları artır. Həyacan və təşviş pozğunluğuna səbəb olur. Günəş işığının olmaması mövsümi affektiv pozuntu (SAD) kimi tanınan əhval pozğunluğu ilə əlaqələndirilir. Xüsusilə, SAD dünyanın qış aylarının uzun və günəşin az olduğu ərazilərdə yaşayan insanlara təsir göstərir. SAD simptomları depressiya simptomlarına bənzəyir, lakin onlar adətən hər il təxminən eyni vaxtda görünür və isti aylarda azalır. Mövsümi affektiv pozğunluqdan əziyyət çəkən insanlar da günəş asılılığını inkişaf etdirmə ehtimalı daha yüksəkdir".